Talassemiyalı uşaqların müalicəsi üçün verilmiş pulları ələ keçirməkdə ittiham olunan üç xanımın məhkəmə araşdırması davam edir.

"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir kİ, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda bir neçə şahid dindirilib.

Onlardan biri Şahsuvar Paşayevdir. Şahsuvarın həyat yoldaşı işdə zərərçəkmiş qismində tanınıb. Ailənin övladı talassemiya xəstəliyindən əziyyət çəkir. O, təqsirləndirilən Nuridə Seyidova, işçiləri - Aynur Bayramova və Aysel Məmmədovanı da övladının əməliyyatına dəstək olacaq şəxslər kimi tanıyıb.

Şahidin dediyinə görə, müttəhim xanımlara 30 min dollar verib. Guya onlar məbləğin üstünü düzəldib övladının əməliyyatını təşkil edəcəkmişlər.

Ş.Paşayev cinayətə görə yalnız üç xanımın mühakimə edilməsi ilə də razılaşmır. Şahid hesab edir ki, bu işdə bir sıra həkimlər də məsuliyyət daşıyır: “Bunlar heç kimdir. Bunlarla işləyən həkimlər də tutulmalıdır. Bizi Nuridə və Aynurla Talassemiya Mərkəzinin baş həkimi Xuraman Cəfərova tanış elədi. Hələ iş bura gəlib çatmamış etiraz etdik. Şikayətimizin işıqlandırılmaması üçün Xuraman Cəfərova (Talassemiya Mərkəzinin sabiq baş həkimi-red) qabağımızı kəsdi. Bizim uşaq ağır vəziyyətdədir. Pulumuzu tələb edirik”.

Hakim Azad Məcidov şahidin dediklərinə cavab verib. Bəzi məsələləri ona izah edib: “Hamımız bura yığışmışıq ki, bu məsələləri həll edək. Biz də istəyirik zərərçəkmişlərə dəymiş ziyan ödənilsin. Amma o demək deyil ki, pulu məhkəmə alıb verməlidir. Həkimlərə gəlincə, sizdə onların cinayətdə iştirak etmələri ilə bağlı məlumat varsa, hüquq-mühafizə orqanlarına müraciət edin. Sadəcə biləsiniz ki, zərərçəkmişlərdən biri daha əvvəl bir sıra həkimlərin (Mir Cəlal Kazimi, Xuraman Cəfərova və Valeh Hüseynov-red) məhkəməyə çağırılması barədə vəsatət verib. Biz onları dindirəcəyik. 

Prosesin davamında şahid Cahangir Xanmirzəyev ifadə verib. Cahangir atasına böyrək köçürülməsi üçün Mərkəzi Gömrük Hospitalına müraciət edib. Bu müraciət onu təqsirləndirilən şəxslərin yanına gətirib çıxarıb. Şahidi oraya hospitalın cərrahı Mir Cəlal Kazimi göndərib: “Hospitalda əməliyyat üçün 50 min manat lazım idi. O pul da bizdə yox idi. Bu ərəfədə Mir Cəlal doktor bizə Ayselin nömrəsini verdi. Dedi ki, sizə kömək edəcəklər. Aysel vasitəsilə də Nuridəni tanıdım. Məndən 25 min manat pul aldılar. Söz verdilər ki, üstünü düzəldib əməliyyatı təşkil edəcəklər. Sonra da heç bir əməliyyat olmadı. Ayselin dayısı 10 min manatımı qaytarıb. Qalan 15 mini də tələb edirəm”.

Məhkəmə salonunda əyləşən zərərçəkmişlərdən biri bildirib ki, Mir Cəlal Kazimi Ayseli hamıya xeyriyyəçi qadın kimi tanıdıb.

“Yaman da xeyir verib...”, - hakim Azad Məcidov əlavə edib.

Proses martın 19-u davam edəcək.

Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.