Bakı Dövlət Universiteti (BDU) dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Quacquarelli Symonds" (QS) tərəfindən tərtib edilən “QS 2025 dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi”ndə əhəmiyyətli nəticə əldə edib.

"Unikal" xəbər verir ki, universitet ilk dəfə olaraq iki müxtəlif ixtisas istiqaməti üzrə bu reytinqdə yer alıb. Belə ki, BDU neft və qaz mühəndisliyi sahəsində 151-175, riyaziyyat sahəsində isə 501-600 diapazonunda qərarlaşıb.

“QS dünyanın ən yaxşı universitetlərinin fənn reytinqi” universitetlərin qiymətləndirilməsində beş əsas indikator əsasında tərtib olunur: akademik nüfuz, işəgötürənlər arasında nüfuz, nəşrlərə istinad sayı, H-indeksi və beynəlxalq elmi əməkdaşlıq indeksi. Bu metodologiya çərçivəsində ali təhsil müəssisələri 5 geniş fənn sahəsi və 55 ixtisaslaşmış fənn kateqoriyası üzrə dəyərləndirilir.

BDU-nun bu nüfuzlu reytinqdə iki müxtəlif istiqamət üzrə yer alması Universitetin elmi potensialının və qlobal akademik mühitdə tanınmasının göstəricisidir. Bu nailiyyət BDU-nun beynəlxalq standartlara uyğun inkişaf strategiyasının, akademik mükəmməlliyə yönəlmiş fəaliyyətinin və elmi-tədqiqat potensialının növbəti təsdiqidir.