Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 33-cü ildönümü ilə əlaqədar Ağstafa rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə keçirilən mərasimdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi hissənin şəxsi heyəti iştirak edib.
"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli fərmanı ilə Qoşunların torpaqlarımızın müdafiəsi məqsədilə döyüşə başladığı ilk gün – 1992-ci ilin 12 mart tarixi “Azərbaycan Respublikasının Daxili Qoşunları Günü” elan olunub.
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına, hərtərəfli təchizatına, müasir silah-sursatına, texnikasına görə Avropanın qabaqcıl ölkələrinin müvafiq qurumları ilə müqayisə edilə bilən səviyyəyə yüksəlib.
Mərasimdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu müvafiq Fəxri Fərman və müxtəlif hədiyyələrlə təltif olunub.