Azərbaycanın müstəqil siyasət aparması və daha güclənməsi Rusiya üçün də faydalıdır
20:49 15-08-2013
CƏMİYYƏT
Azərbaycanın müstəqil siyasət aparması və daha güclənməsi Rusiya üçün də faydalıdır
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri Qafqaz, Xəzər və ümumilikdə MDB məkanında yeni keyfiyyət mərhələsi yarada biləcək gücündə olan səfərdir. Azərbaycan və Rusiyanın bu regionlardakı birgə fəaliyyəti yaxın onilliklərdə sülhün və inkişafın təminatçısı olmaqla yanaşı, həm də qonşu regionlara da təhlükəsizlik ixracatçısı rolunu oynaya bilər. Putinin yeni siyasi mərhələ üçün Azərbaycanı seçməsi təsadüfi deyil. Azərbaycan dünyanın ən inkişaf etməkdə olan dövlətlərindən birinə çevrilib. Rəsmi Bakı təkcə 9 milyonluq Azərbaycanın paytaxtı deyil, həm də 52 milyonluq azərbaycanlını koordinasiya edən mərkəzdir.
V.Putinin Azərbaycana səfəri zamanı Azərbaycanın Gömrük İttifaqına və ya Avrasiya Birliyinə qoşulmaqla bağlı bircə fikir də səslənmədi. Bütün MDB dövlətlərini bu qurumlara salmaq Rusiya prezidentinin siyasi kredosudur. Bununla V.Putin Azərbaycanın uğur gətirən müstəqil siyasətinə öz ehtiramlı münasibətini bildirdi. Rusiya ilə Azərbaycan arasında ikitərəfli, başqa sözlə, inteqrativ layihələrdən kənar münasibətlərin genişspektrli inkişafı hər iki tərəf üçün məqbul, qarşılıqlı faydalı variantdır.
V.Putin Dağlıq Qarabağ münaqişəsinin yalnız siyasi yolla tənzimlənməsini bildirdi. Əvvala, siyasi yol dinc danışıqlar və ya sülh yolundan fərqlidir. Ermənistanı siyasi vasitələrlə Böyük Sülh Sazişini imzalamağa məcbur etmək olar. Bunu sülh yolu və ya dinc danışıqlarla etmək mümkün deyil. İkincisi, İlham Əliyev və Putin arasında daha iki qeyri-rəsmi görüş olub. Danışıqların mahiyyəti barədə mətbuat məlumatlandırılmayıb. Üçüncüsü, Azərbaycan Prezidenti Dağlıq Qarabağ tənzimlənməsində tarixi ədalət prinsipini ortalığa qoyub. Bu, o deməkdir ki, Azərbaycanla Ermənistan arasında məsələlər təkcə Dağlıq Qarabağla bitmir, ən azı, İrəvan və Zəngəzur Azərbaycanın şəksiz tarixi torpaqlarıdır və yalnız Çar Rusiyasının hesabına o torpaqlar ermənilərə verilib. Tənzimləmə bu məsələləri də əhatə etməlidir. Dördüncüsü, imzalanan sazişlərin bəzi maddələrinin realizasiyası Dağlıq Qarabağ tənzimlənməsinə hökmən təsir edəcəkdir. Hər halda bu ehtimalları heç kim təkzib edə bilməz. Ən nəhayət, beşincisi, Ermənistan Aİ ilə siyasi sövdələşmədədir. V.Putin görünür, bu amili nəzərə alaraq Dağlıq Qarabağ tənzimlənməsində sərt mövqe açıqlamadı.
Dağlıq Qarabağ tənzimlənməsində Putinin yeni mövqe ortalığa qoymamasının digər izahları da mümkündür, amma hər halda yaxın aylar çox şeyi göstərəcək. Rusiya-Azərbaycan münasibətlərində bəyanatlar dövrü arxada qalır. Real praqmatik münasibətlər sistemi hər iki ölkənin qarşılıqlı əlaqəsini monopoliyaya alır. O baxımdan Dağlıq Qarabağ münaqişəsinin təzimlənməsində real fəaliyyət öz sözünü deyəcək.
Lakin Putinin Dağlıq Qarabağ tənzimlənməsilə bağlı siyasi həll yolunun onun Azərbaycana səfərinin ümumi kontekstində ümidsiz hesab etmirik. Çünki elə siyasi, qeyri-hərb üsullar var ki, o hərbdən daha öldürücü təsir edir. Bakıda imzalanmış sənədlərin reallaşması Azərbaycan üçün yeni faydalar yaratdığı kimi yeni tipli risklər də yarada bilər. Rusiya Azərbaycanla digər ölkələrin ərazisində neft-qaz kəşfiyyatı və istehsalı üzrə birgə müəssisə yaratmaq istəyirsə, digər ölkələr kateqoriyası Arktika və Antarktikaya şamil edilmir. Hər şey bizim qonşuluğumuzda baş verəcək. Rusiya prezidenti Azərbaycanı yeni şəraitin yaratdığı risklərin öhdəsindən gələ bilən dövlət hesab edirsə bu Azərbaycana böyük qiymətdir.
V.Putin Azərbaycanla münasibətdə perspektivə ümidlidir. Yaxın perspektivdə o əmindir ki, İlham Əliyev Azərbaycan prezidenti statusunda oktyabrın 31-də Beynəlxalq Humanitar Forumu keçirəcəkdir. Bu baxımdan Azərbaycanın müstəqil siyasət aparmaq bacarığını görmək istəməyənlərə ciddi zərbə endirdi. V.Putin elə hesab edir ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri sırf Azərbaycan rəhbərliyinin kompetesiyasında olan məsələdir. Bir neçə gün öncə RF-nin Azərbaycandakı səfiri V.Doroxin Azərbaycandakı seçki prosesinə RF-nin qarışmayacağını bildirmişdi. Səfirin fikrincə, Azərbaycan öz daxili məsələlərini həll etmək gücünə malik dövlətdir. Putinin gəlişini Azərbaycanda seçkilərə bağlayanlara bu tutarlı cavabdır.
Putin üçüncü dəfə hakimiyyətə gələrkən ermənilər onların maraqlarına xidmət edən Azərbaycandakı bəzi qüvvələr vasitəsilə V.Putinlə İ.Əliyev arasında düşmənçiliyin olduğunu gündəliyə gətirmişdilər. Guya V.Putin İ.Əliyevi qəbul etmir. Bu tezis ermənilər üçün vacib lazımdır. Ermənilərin regionda işğalçılıq siyasətlərinin davam etməsi üçün Azərbaycan zəif görünməlidir. Azərbaycanın zəif görünməsinin ən əsas səbəbi Rusiyanın düşmənçiliyilə əsaslandırıla bilər. Putin ilk olaraq Azərbaycana səfər etməklə regionda kimin kim olduğunu bildirdi.
Putinin Bakıya səfərinin mühüm yekunu onun Azərbaycanın müstəqil siyasətinə göstərdiyi hörmətlə bağlıdır. Azərbaycanın müstəqilliyinin Rusiya tərəfdən dəstəklənməsi Rusiyanın maraqlarına cavab verir. Rusiya Ön Asiyada uğur zolağı yaradıb. Bu uğur coğrafiyasında Rusiyanın gələcək işləri Azərbaycanla münasibətlərdən çox asılıdır. Necə deyərlər, "Şərq incə məsələdir". Dünyanın, eləcə də MDB-nin başqa regionlarında aparılan siyasətin bu coğrafiyaya aiddiyyatı yoxdur. Nəhayət ki, Putin Rusiyası bu həqiqəti dərk edib. Bu siyasəti davam etdirəcəyinə tam əmin olmaq olar. Qədim, möhkəm fundament üzərində qurulan, yeni,möhtəşəm perspektiv vəd edən siyasətin başqa nəticəsi olmur. Azərbaycanın müstəqil siyasət aparması və daha güclənməsi təkcə Azərbaycana deyil, həm də Rusiya üçün də faydalı olmağa başlayır.
Fuad
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22