"Qonşu xalqların torpaqlarını zəbt edərək “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarixən soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bu soyqırımı hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən Azərbaycanın müxtəlif bölgələrində - Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur, İrəvan və digər ərazilərdə 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Tarixi məlumatlara görə, bu dövrdə 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.

Deputat bildirib ki, Şamaxıda törədilən cinayətlər xüsusi qəddarlıqla xarakterizə olunur, burada erməni silahlı dəstələri tərəfindən 7 min nəfər, o cümlədən 1653 qadın və 965 uşaq qətlə yetirilmişdir. Quba qırğınları zamanı isə 4000-dən çox insan öldürülmüş, 122 kənd tamamilə dağıdılmışdır:

"Xalqımıza qarşı törədilən bu qanlı faciələr uzun müddət Sovet dövründə gizlədilmişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. 

Dahi Lider Heydər Əliyev 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qeyd etmişdir: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür...”.

2007-ci ildə Quba şəhərində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıq aşkar edilmişdir. 

Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılmasına qərar verilmişdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar hər il müxtəlif beynəlxalq tədbirlər təşkil edir, soyqırımı ilə bağlı həqiqətlərin dünyaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi və bir günlük lokal xarakterli antiterror əməliyyatları nəticəsində 200 ildən çox bir dövrdə ermənilərin “Böyük Ermənistan” xülyası ilə törətdikləri vəhşiliklərin, eləcə də şəhidlərimizin qısasını döyüş meydanında alıb".