Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Musazadə Əsgər Nicat oğlunun partlayış nəticəsində ölməsi faktı əsasında Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.
Hərbi Prokurorluqdan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaqdır.
***
Cəbrayılda hərbçinin minaya düşərək həlak olması faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə "Unikal"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musayev Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.
*** 09:33
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu minaya düşüb.
"Unikal" xəbər verir ki, hadisə Cəbrayıl rayonunda baş verib. Belə ki, DSX-nin kiçik giziri Əsgər Musayev minaya düşərək həlak olub.
O, Lənkəran rayonunun Göyşaban kəndində torpağa tapşırılacaq.