Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı ABŞ-nin İrana öz uran ehtiyatlarını Rusiyaya ötürməyi təklif etdiyi məlumatı şərh etməyib.
"Unikal" xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
"Mən bu sualı şərhsiz buraxacağam", - Kreml sözçüsü bildirib.
Qeyd edək ki, Britaniyanın "The Guardian" qəzeti İranın uran ehtiyatlarının Rusiyaya verilməsi ilə bağlı məlumat yayıb. Nəşr yazır ki, bu təklif Omanda ABŞ və İran nümayəndələri arasında dolayı danışıqlar zamanı irəli sürülüb.
Görüş aprelin 12-də baş tutub. Danışıqlar zamanı tərəflər vasitəçilər vasitəsilə fikir mübadiləsi aparıblar. Müzakirə iki saatdan çox davam edib.
Vaşinqton və Tehran nüvə probleminin həllinin əsas məqamlarını və İrana qarşı sanksiyaların mümkün ləğvini müzakirə etmək üçün bir həftə sonra yenidən görüşməyi planlaşdırır.
Gülayə Mecid