"Köhnə tikililərin sökülüb yerində yenilərinin tikilməsi bahalaşmaya təsir göstərən məsələdir".

Bunu "Unikal"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

O bildirib ki, binalar, infrastruktur yeniləndikcə, yeni yaşıllıq zolaqları, yollar salındıqca, bir sözlə, infrastruktur imkanları genişlənən ərazilərdə təbii ki, qiymət artır:

"Nəzərə almaq lazımdır ki, həmin ərazilərin əksər hissəsi investisiya proqramları çərçivəsində dövlət-özəl əməkdaşlığı formasında mənzil tikinti kooperativləri və yaxud MMC-lər tərəfindən həyata keçirilir. Burada ilk növbədə şirkətlər investisiya yatıraraq həmin ərazini alırlar, orada yaşayan insanların köçürülmsini həyata keçirirlər, bəzi hallarda onlara aylıq kirayə haqqı ödəyirlər. Belə ki, tikinti prosesində bu məsələlər müəyyən müddət çəkir. Bunlar hamısı xərcləri artırır. Bundan sonra tikinti prosesi başlayır. Orada qanunvericiliyə uyğun olaraq xərclər meydana çıxır. Rəsmi rüsumların ödənilməsindən başlayaraq digər xərclərə qədər olan məsələlər bura aiddir. Bunlar yekun dəyərə təsir göstərir və bu da qiymət artımına gətirib çıxarır. Bakı şəhərinin 2020-2040-cı illər üzrə Baş planı təsdiqlənib. Dövlət proqramı baş plana uyğun olaraq həyata keçirilir. Dövlət proqramında söküntü prosesi iki istiqamətlidir. Birinci dövlət tərəfindən bilavasitə köçürmə prosesi həyata keçirilir. Yəni, bazar qiymətləri ödənilməklə ərazini alır. Ərazi qiymətləndirilir və köçürmə olur. İkinci isə dövlət-özəl əməkdaşlığı çərçivəsində investisiya proqramları formasında həyata keçirilir".

Qeyd edək ki, Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan, əsasən qəzalı vəziyyətdə olan bina və tikililəri əhatə edəcək.

Anar Kəlbiyev