"İlk növbədə qeyd etmək lazımdır ki, kənd təsərrüfatı sahəsi üzrə istehsalda artım müşahidə edilir. Son illərdə qlobal və regional səviyyədə baş vermiş iqtisadi proseslər, həmçinin qlobal iqlim dəyişikliklərinin daha da kəskinləşməsi fonunda kənd təsərrüfatı məhsullarının ölkə üzrə ümumi istehsal həcmində artım müşahidə edilir. 2025-ci ilin 1-ci rübündə aqrar sektorda artım tempi ötən ilin eyni dövrü ilə müqayisədə 1.9% olub, o cümlədən bitkiçilik məhsulları istehsalı 13.0%, heyvandarlıq məhsulları istehsalı 1.2% artıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin keçirdiyi ictimai dinləmədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib. O bildirib ki, kənd təsərrüfatı sahəsində artım əsasən daha yüksək əlavə dəyər yaradan, həmçinin sənaye təyinatlı və ixrac yönümlü sahələrin inkişafı hesabına müşahidə edilir:

"Belə ki, 2024-cü il ərzində meyvə və giləmeyvə istehsalı 4.5%, bostan məhsulları istehsalı 11.9%, pambıq istehsalı 11.1%, şəkər çuğunduru istehsalı 31.5%, günəbaxan istehsalı 6.6% artıb. Qeyd etmək lazımdır ki, 2024-cü ildə meyvə və giləmeyvə bağlarının sahəsi 231.5 min hektara, intensiv bağların cəmi bağların sahəsində payı 18%-ə çatıb. Son 5 ildə 30 min hektardan artıq yeni meyvə bağları salınıb. Kənd təsərrüfatı məhsulları ixracında artım tempinə nail olunub, yeni ixrac trendləri yaranıb. 2024-cü ildə kənd təsərrüfatı və emal məhsullarının ixrac həcmi 1.3 milyard ABŞ dolları olmaqla son 5 ildə 40%-dən çox artıb. İxracın əsas hissəsini təşkil edən meyvə-tərəvəz məhsullarının dəyər ifadəsində ixracı 2019-2024-cü illər ərzində 16.8% artıb, o cümlədən tumlu meyvələr (alma, armud, heyva) ixracında 65.8%, çəyirdəkli meyvələrdə (gilas, şaftalı, ərik) 80.7%, nar ixracında 53.9% artım olub. Həmçinin son illərdə üzüm, mandarin, çiyələk, bostan məhsulları, qurudulmuş meyvələrin ixrac trendi yaranmağa başlayıb. Belə ki, 2019-2024-cü illər ərzində dəyər ifadəsində üzüm ixracı 2.3 dəfə, mandarin 4.6 dəfə, çiyələk 8.3 dəfə, bostan məhsulları 14.4 dəfə, qurudulmuş meyvələrin ixracı 7.8 dəfə artıb".

Nazir müavini qeyd edib ki, müasir suvarma sistemlərinin genişləndirilməsi inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir: "Hazırda suvarma suyu təminatının yaxşılaşdırılması aqrar sektorun inkişafı baxımından ən zəruri tədbirlərdəndir. Məlumdur ki, bu istiqamətdə Cənab Prezident tərəfindən müvafiq tapşırıqlar müəyyən edilib. Şirvan və Qarabağ suvarma kanallarının yenidən qurulması haqqında ölkə rəhbərinin müvafiq Sərəncamları təsdiq edilib, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” qəbul edilib. Hökumətdə bu istiqamətdə işlərin əlaqələndirilməsi üçün Komissiya fəaliyyət göstərir. Təbii ki, burda əsas məqsəd, sudan səmərəli istifadəyə diqqəti artırmaqla, su itkilərinin azaldılması, fermerlərin su təminatının və suya çıxışının yaxşılaşdırılması hesabına aqrar sektorun dayanıqlı inkişafına, o cümlədən sosial rifahın artımına nail olmaqdır. Lakin həm də nəzərə almaq lazımdır ki, iqlim şərtləri, xüsusilə son illərdə baş verən quraqlıq hadisələri bu tədbirlərin intensivləşdirilməsini sektorun təməl ehtiyacı kimi zərurətə çevirib. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən su təminatının yaxşılaşdırılmasına dəstək tədbiri kimi müasir suvarma sistemlərinin satışına 40% güzəşt tətbiq edilir. Bu dəstək hesabına bu gün, xüsusilə intensiv bağların sahəsi nəzərəçarpacaq qədər artıb. Taxılçılıqda, pambıqçılıqda, qarğıdalı əkinlərində, şəkər çuğunduru sahələrində müasir suvarmanın tətbiqi məhsuldarlığın artımına böyük töhfə verir. Statistikaya nəzər salsaq, son illərdə həyata keçirilən bu tədbirlər hesabına artıq 100 min hektardan artıq sahədə müasir suvarma sistemləri qurulub".

Anar Kəlbiyev