Ötən gün Bakı-Quba yolunda “Hyundai” markalı avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza nəticəsində 2 nəfər yaralanıb.

TƏBİB-dən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.04.2025-ci il tarixində saat 17:00 radələrində Bakı-Quba yolundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. 

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər Siyəzən Rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər isə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 1992-ci il təvəllüdlü şəxsə (qadın cinsli) sağ said nahiyəsinin yumşaq toxumalarının əzilməsi, stresə qarşı kəskin reaksiya diaqnozu təyin edilib. Ona lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 1996-cı il təvəllüdlü şəxsə (kişi cinsli) isə boyunun, sol bazu və budun küt travması diaqnozları təyin edilib. Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", - məlumatda qeyd olunub.