"Yolu azdım, səhərə qədər meşədə qaldım".
Bu sözləri "Unikal"a Daşkəsəndə meşədə itkin düşən şəhid atası - Kəlbəcər rayon sakini Kamil Abdullayev bildirib. Onun sözlərinə görə, meşədə yolu azaraq itkin düşüb:
"Hava dumanlı idi, yolu azdım, evə gedə bilmədim. Dünən səhər saat 8-də Bayan kəndinin yaxınlığında olan meşədən çaşır yığmağa getdim. Birdən duman gəldi. Saat 5-də qızımla danışdım dedim gəlirəm. Qarşıma 5-6 dənə çaşır çıxdı.Dedim bunu da yığım, sonra gedim evə. Anidən duman gəldi, güclü yağış yağdı. Mən də bilmədim hansı tərəfə gedim.Telefonumda da enerji az idi deyə söndürdüm. Həm də telefonda şəbəkə tutmurdu ki, kiməsə zəng edim. Səhərə qədər meşədə qaldım. O qədər aşağı-yuxarı yol getdim yoruldum. Yol tapa bilmirdim ki, bir tərəfə çıxım. Bu gün tezdən 5-in yarısı idi. Duman çəkiləndən sonra yola davam elədim. Meşə ilə bir qədər gedəndən sonra Göygöl rayonunun Danayeri kəndinə gedib çıxdım. Burda da Daşkəsən və Göygöl Rayon Polis Şöbələrinin əməkdaşları məni tapdılar. Sağ-salamat ailəmə təhvil verdilər".
Şəhid atası Kamil Abdullayev qeyd edib ki, hazırda onun səhhətində heç bir problem yoxdur.
Tural Əhmədov