“Konstitusiya və Suverenlik” ili çərçivəsində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “15 İyun Milli Qurtuluş Günü” nə həsr olunan "Qurtuluşdan Zəfərə" adlı ümumrayon tədbiri təşkil olunub.

"Unikal" xəbər verir ki, tədbirdə Nefçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İlk öncə tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olduğunu, Ümummilli liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və ölkənin gələcək inkişafında həlledici rol oynadığını vurğulayıb. Qeyd olunub ki, Məhz 1993-cü ilin 15 iyun tarixindən başlayan və xalqımızın birlik və həmrəyliyinin təcəssümü olan  Milli Qurtuluş ölkədə sabitlik, dönüş və inkişaf mərhələsi kimi tarixdə qalmışdır.  Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Bununla da Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Qeyd olundu ki, bu gün şanlı üçrəngli bayrağımız Şuşada, Xankəndində, Laçında və ümumən bütün işğaldan azad edilmiş rayonlarımızda dalğalanır. Xalqımızın qazandığı bu möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını məhz Milli Qurtuluş Günündən götürür.

Tədbirdə çıxış edən digər natiqlər- YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala rayon notariat ofisinin xüsusi notariusu Səadət Nəcəfova, Neftçala rayon Ağsaqqallar Şurasının Həsənabad qəsəbə dayaq məntəqəsinin sədri Valeh Tağıyev, Neftçala Rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülmirə Səfərova, gənc fəal Anar Güllərli  Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs etdilər. Bildirildi ki, məhz Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və müdrikliyi sayəsində Azərbaycan müstəqilliyini qoruyub saxladı, sabitlik və inkişaf yoluna qədəm qoydu. Natiqlər, həmçinin, Azərbaycanın regionun lider dövləti kimi dünyada layiqli mövqe tutduğunu xüsusi vurğuladılar. 

Tədbirə Azərbaycan televiziyası tərəfindən hazırlanmış "Qurtuluşa doğru" sənədli filminin nümayişi ilə yekun vurulub.