“Azərenerji” ASC-nin Baş İdarəetmə, Elm və Laboratoriya Kompleksində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşun təməli: Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbir çərçivəsində ali təhsil müəssisələrinin “Elektroenergetika” fakültəsinin tələbələri üçün mühazirələr və praktik məşğələlər təşkil edilib. Energetikanın keçmişi və gələcəyi, rəqəmsal enerji şəbəkələri və gələcəyin energetikası mövzuları üzrə master-klasslar keçirilib. Həmçinin, Laboratoriya və Tədris Mərkəzlərində tələbələr üçün praktiki məşğələlər və trenajorlarda iş imkanı yaradılıb.

Rəsmi hissə Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələrinin qoyulması ilə başlayıb. Daha sonra “Heydər Əliyev və energetika” adlı film nümayiş olunub. 

AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov Heydər Əliyevin Azərbaycan elektroenergetika sisteminə verdiyi töhfələrdən söz açıb, öz növbəsində Azərbaycan Milli Tarix Muzeyinin direktoru akademik Nailə xanım Vəlixanlı Ulu Öndərin irsinin dayanıqlı inkişaf  konsepsiyasına töhfələri barədə, tarix elmləri doktoru Fərhad Cabbarov isə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının Azərbaycan dövlətçilik tarixindəki əhəmiyyətindən danışıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Energetika" fakültəsinin dekanı professor Aydın Əliyev isə Ulu Öndərin energetika sahəsində həyata keçirdiyi misilsiz xidmətlərdən bəhs edib.

Tədbir çərçivəsində tələbələrə iştirak haqqında sertifikatlar təqdim edilib.