"Rusiyada ənənəvi olaraq digər xalqlara qarşı şovinist əhval ruhiyyə hökm sürür və diskriminasiya geniş yayılmış praktikadır. Görünür, artıq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib. 

Parlamentari bildirib ki, son zamanlar Rusiyada baş verən hadisələr bu ölkədə şovinizmin, diskriminasiyanın, milli ayrıseçkilliyin bariz nümunələridir:

"Yekaterinburqda baş verənlər də prosesin idarə olunduğunu aydın göstərir. Müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur. Miqrantları narkotik, törətmədikləri cinayətlər, ailə üzvləri və yaxınları ilə təhdid edilir, məcburiyyət qarşısında qalıb razılaşmalı olurlar. Müharibəyə gedən miqrantlar aldadılır, onlara kompensasiyalar verilmir. Qayıtdıqdan sonra yenidən şantaj olunur və müharibəyə aparılırlar. Miqrantlarla bərabər milli kimliyinə görə Rusiya vətəndaşı olan qeyri-rusların bu kimi təqiblərin qurbanı olurlar. Amma cərəyan edən hadisələr təkcə Yekaterinburq ilə məhdudlaşmır və Rusiyanın bütün regionlarını əhatə edir. Rusiya tarixən Azərbaycanın suverenliyini qəbul etməyib. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, torpaqlarımızın işğalı və 30 il ərzində həmin ərazilərin işğalda saxlanması proseslərində Moskvanın dəstəyi danılmazdır. Azərbaycanın strateji qərarlarına, beynəlxalq müstəqilliyinə qarşı Rusiya tərəfindən həyata keçirilən təzyiqlər, informasiya və kiberhücumlar, Rusiya ərazisində Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması bu siyasətin davamıdır. Son olaraq, Həştərxanda keçirilən tədbirə dəvət olunmuş millət vəkilimizin Rusiya ərazisinə buraxılmaması da bu ölkədə Azərbaycana qarşı formalaşdırılan münasibətin göstəricisidir. Rusiyada azərbaycanlıların günahsız yerə saxlanılması həm beynəlxalq hüquq, həm də insan haqları baxımından ciddi pozuntudur. Bu, təkcə Azərbaycan vətəndaşlarına deyil, eyni zamanda, bütün region xalqlarına qarşı təzyiq siyasətinin tərkib hissəsidir. Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan vətəndaşlarının ardıcıl şəkildə saxlanılması və bu məsələnin şəffaf şəkildə ictimaiyyətə izah olunmaması rəsmi Moskvanın digər xalqlara qarşı aqressiv və sayğısız münasibətinin göstəricisidir. Bu hadisələr artıq daxili məsələ deyil. Avropa və dünya ictimaiyyəti bu kimi hallara qarşı daha sərt və prinsipial mövqe nümayiş etdirməli, digər xalqların hüquqlarının pozulmasına laqeyd yanaşmamalıdır. Rusiyanın dövlət orqanları tərəfindən həyata keçirilən etnik əsaslı cinayətlər, BMT-nin və digər beynəlxalq qurumların gündəminə çevrilməli, bu zorakılıqlar beynəlxalq hüquqa uyğun şəkildə qiymətləndirilməlidir. Əks təqdirdə, bu cəzasızlıq mədəniyyəti regionda daha böyük humanitar fəlakətlərə yol aça bilər".