Şamaxı Cümə Məscidi Azərbaycanın ən qədim və əzəmətli dini abidələrindən biridir. Cümə Məscidi təkcə ibadət yeri deyil, həm də əsrləri qucaqlayan bir tarix kitabçasıdır. 

"Unikal" diqqətə çatdırır ki, Məscid 743-cü ildə inşa olunub və bu onu Qafqazın ən qədim məscidi statusuna yüksəldir. İslam dininin Azərbaycandakı ilk izlərini daşıyan bu məbəd, min ildən artıqdır ki, müqəddəsliyini və tarixi əhəmiyyətini qorumaqda davam edir.  

Tarixin sınaqlarından keçmiş abidə

Dağılmayan inam, sarsılmayan tarix  - Şamaxı Cümə Məscidi (FOTOLAR)

Şamaxı tarix boyu bir neçə güclü zəlzələnin mərkəzində yer alıb. 1859, 1902-ci illərdə və daha əvvəlki dövrlərdə baş verən üç güclü zəlzələ zamanı şəhərdə böyük dağıntılar müşahidə olunsa da, Cümə Məscidi hər üç zəlzələdən salamat çıxıb və heç bir dağıntıya məruz qalmayıb. Bu fakt məscidin möhkəmliyini və ilahi bir gücünü bir daha ortaya qoyur. Xüsusilə 1902-ci il zəlzələsindən sonra məşhur memar Zivər bəy Əhmədbəyov tərəfindən bərpa olunaraq yenidən layihələndirilib və öz memarlıq gözəlliyini yenidən bərpa edib.

Memarlığın füsunkar tərəfi 

Dağılmayan inam, sarsılmayan tarix  - Şamaxı Cümə Məscidi (FOTOLAR)

Şamaxı Cümə Məscidi üç günbəzdən və iki minarədən ibarətdir. Günbəzlər və sütunlar bir-birinə harmonik şəkildə birləşir, məscidin daxili isə İslam incəsənətinin nadir nümunələri ilə bəzədilmişdir. Həm xarici, həm də daxili hissədəki ornamentlər və xətlər, abidəyə həm ruhani, həm də estetik dəyər qatır. Məscid sonuncu dəfə 2010–2013-cü illərdə əsaslı şəkildə yenidən bərpa olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu bərpa işləri nəticəsində məscid müasir texnologiyalarla təchiz olunaraq, həm ibadət, həm də turizm baxımından mühüm mərkəzə çevrilib.

Milli-mənəvi dəyər

Dağılmayan inam, sarsılmayan tarix  - Şamaxı Cümə Məscidi (FOTOLAR)

Bu məscid təkcə dini deyil, həm də milli kimliyimizin daşıyıcısıdır. Buraya gələn hər bir ziyarətçi təkcə ibadət etmir, həm də Azərbaycanın qədim, zəngin və dözümlü tarixini hiss edir.

Gülayə Mecid