"Azərbaycan mediası 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı dövründə hadisələrin operativ işıqlandırılmasını təmin etmək üçün həm ön, həm də arxa cəbhədə fədakarlıqla və əzmlə çalışmışdır".
"Unikal" xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının yaranmasının 150-ci ildönümü münasibətilə media nümayəndələrinə təbrik məktubunda yer alıb.
"Ölkəmiz və xalqımız üçün bu tarixi və taleyüklü mərhələdə Azərbaycan mediası cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında böyük rol oynamış, haqq səsimizin və mövqeyimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında yüksək peşəkarlıq, əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişdir. Heç şübhəsiz ki, informasiya məkanında qazandığımız zəfər döyüş meydanında qazandığımız və bu il 5-ci ildönümünü qeyd edəcəyimiz şanlı Zəfərimizin ayrılmaz parçasıdır.
Torpaqlarımızın işğalı zamanı cəbhə bölgəsində və postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərimizdə vəzifə borcunu yerinə yetirərkən şəhid olmuş media nümayəndələrimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm. Onların şücaəti və qəhrəmanlığı heç zaman unudulmayacaq", - deyə dövlət başçısı qeyd edib.