2026-cı il FIFA Dünya Kubokunun L qrupunda Qana ilə Panama üz-üzə gəlib. Kanadanın Toronto şəhərində keçirilən oyunda Qana 90+5-ci dəqiqədə Caleb Yirenkinin vurduğu qolla Panamanı 1:0 hesabı ilə məğlub edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmanın ilk dəqiqələrində tribunaya yönələn kameraların qeydə aldığı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kadrlarda bəzi qanalı azarkeşlərin əllərindəki tozu havaya səpərək müəyyən ritual icra etdikləri əks olunub. Görüntülərin qısa müddətdə yayılmasından sonra çoxsaylı istifadəçilər bunun “cadugərlik ritualı” olduğunu iddia ediblər.

Hesabın uzun müddət 0:0 qalmasından sonra Qananın 90+5-ci dəqiqədə qələbə qolunu vurması müzakirələri daha da artırıb. Bir çox istifadəçi oyundan əvvəlki görüntülərlə son dəqiqə qolunu əlaqələndirərək zarafat xarakterli paylaşımlar edib. "Cadu tutdu”, “Ritual işə yaradı” və “90 dəqiqə gözlədi, amma sonda təsirini göstərdi” kimi şərhlər xüsusilə diqqət çəkib.

Bəzi istifadəçilər həmin davranışın “Makumba” (Macumba) kimi tanınan rituallarla əlaqəli ola biləcəyini irəli sürüblər. Makumba xalq arasında çox vaxt sehr və ya mistik ayinlərlə əlaqələndirilsə də, müxtəlif mədəni və dini ənənələrdə mənəvi tarazlıq, şəfa və ruhani təcrübələri ifadə edən geniş anlayış kimi tanınır.