"İlk dəqiqələrdən gərgin oyun oldu".

"Unikal" xəbər verir ki, bunu UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" - "MOİK Sofiya" qarşılaşmasından sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, birə-bir mübarizələrdə yaxşı çıxış edən komandaya qarşı oynayıblar:

"Rəqiblər həmişə fərqli olur. Bizdə də həm heyət, həm oyun baxımından dəyişikliklər olur. Biz həmişə düşünülən "Qarabağ"dan yaxşı olmalıyıq. Bütün rəqiblərimiz bizə hörmətlə, daha ciddi yanaşırlar. Niyyətimiz həmişə olduğumuzdan yaxşı olmaqdır. Ola bilər bu gün olmasın, amma bir il sonra, bəlkə də daha tez bu olacaq.

Hava şəraiti hər iki komanda üçün də eyni idi. Futbolçular üçün bir qədər çətin olur. Daha çox enerji sərf edirlər. Hava sərin olsa, azarkeşlər üçün daha maraqlı oyun olardı", - deyə baş məşqçi qeyd edib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Xatırladaq ki, "Qarabağ" və "MOİK Sofiya" klubları arasında cavab oyunu iyulun 30-da keçiriləcək.