Dövlət siyasətində insan hüquqlarının müdafiəsinin səmərəliliyi
09:44 19-08-2014
SİYASƏT
Dövlət siyasətində insan hüquqlarının müdafiəsinin səmərəliliyi
İlqar Orucov: "Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətində ana xətlərdən birini təşkil edir"
Prezident İlham Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramını təsdiq edib. Bu barədə imzalanan sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin nəticələrini təhlil edərək, onun təkmilləşdirilməsinə dair təkliflər versin.
Bundan əlavə, Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına, Azərbaycan Mətbuat Şurasına tövsiyə edilib ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsində fəal iştirak etməsi tapşırılıb. Milli Fəaliyyət Proqramında göstərilən icra orqanlarına tapşırılıb ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etsinlər.
İlk növbədə qeyd etmək lazımdır ki, Milli Fəaliyyət Proqramı konseptual, miqyaslı xarakter daşıyır və "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf strategiyası çərçivəsində qarşıya qoyulan vəzifələr kontekstində nəzərdən keçirilməlidir. Bu sənəd göstərir ki, insan hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasətin prioritetlərindən biridir. Eyni zamanda, Milli Fəaliyyət Proqramı ölkədə insan hüquqlarının müdafiəsi sahəsində aparılan davamlı tədbirlərin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə Azərbaycanda ilk dəfə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib. Dövlət Proqramına əsasən həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə İnsan hüquqları üzrə müvəkkil təsisatı, İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu yaradılmış, insan hüquqları üzrə ədəbiyyatın nəşr edilməsinə, kütləvi informasiya vasitələrində bu mövzunun geniş işıqlandırılmasına, əhali arasında insan hüquqlarına dair geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmin edilməsi baxımından təkmilləşdirilməsinə təkan verilib. 2006-cı il dekabrın 28-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə xidmət edib.
2011-ci ilin dekabrın 27-də Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi yeni Proqram isə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsinə yönəlib. Mahiyyət etibarilə hər iki sənəd bir-biri ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" sərəncamında qeyd edildiyi kimi Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları İTAR-TASS agentliyinə müsahibəsi zamanı qarşıda duran strateji məqsəd kimi Azərbaycanın tam transformasiya olunmasını göstərib. Bu transofmasiyanın çoxşaxəli olacağını və bütün sahələri əhatə edəcəyini qeyd edən cənab Prezident ölkədə davamlı inkişafı təmin etmək üçün siyasi və iqtisadi islahatların paralel aparılmasının zəruri olduğunu xüsusi vurğulamışdır. Cənab Prezident qeyd etmişdir ki, demokratikləşmə, şəffaflıq, qanunun aliliyi olmadan inkişaf etmiş ölkə yaratmaq mümkün deyil. İctimai şüurun səviyyəsi, həm də mövcud tarixi təcrübə siyasi sistemin həmin meyarlara cavab verməsini şərtləndirir. 2011-ci il dekabrın 27-də təsdiq edilən Milli Fəaliyyət Proqramı məhz həmin hədəflərə yönəlib.
Milli Fəaliyyət Proqramında dövlətin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin konsepsiyası inkişaf etdirilərək müxtəlif istiqamətlər üzrə kompleks tədbirlərin həyata keçirilməsi, onların icrası, əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi mexanizmi və qarşıya qoyulan məqsədlər müəyyən edilib. Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi sisteminin daha da inkişaf etdirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının daha səmərəli təmin edilməsi istiqamətində konkret tədbirlər nəzərdə tutulub. Belə ki, proqramda qanunvericilik aktları qəbul olunarkən insan hüquqları meyarının rəhbər tutulması, Azərbaycan Respublikasının insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, ölkədə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi ehtiva olunur.
Bundan əlavə, proqrama əsasən gələcəkdə insan hüquqları sahəsində maarifləndirmə, elmi-analitik tədbirlərin davam etdirilməsi, beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin insan hüquqları sahəsində ixtisaslaşan qurumları, Qaçqınlar üzrə Ali Komissarlıq, UNESCO, UNİSEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi planlaşdırılır.
Milli Fəaliyyət Proqramının hazırlanması zamanı müxtəlif beynəlxalq təşkilatlar ilə həyata keçirilən əməkdaşlıq proqramları, müxtəlif sahələrə aid qanunvericiliyin islahatı prosesi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Milli Fəaliyyət Planlarının hazırlanmasına dair Bələdçi kitabı, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmışdır. Bu proqramda, eyni zamanda insan hüquqları sahəsində beynəlxalq öhdəliklərin davamlı implementasiyası üçün dövlət orqanlarına konkret tapşırıqlar verilir. Onu da vurğulamaq istərdik ki, İnsan hüquqları sahəsində yeni Milli Fəaliyyət Proqramı "Azərbaycan 2020: gələcəyə baxış" konsepsiyasının hədəflərinə yönəlib.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov "Unikal" açıqlamasında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətində ana xətlərdən birini təşkil edir. Onun sözlərinə görə, ölkəmizdə insan amili, insan dəyəri hər şeydən öndə durur: "Təbii ki, hər bir hüquqi dövlətdə olduğu kimi ölkəmizdə də bu istiqamətdə fəaliyyəti qurmaq, inkişaf etdirmək öçün ilk növbədə hüquqi baza formalaşmalı idi və bu hüquqi baza da xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən və bilavasitə onun təşəbbüsü ilə yaradıldı. Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyevin 22 fevral 1998-ci il tarixində imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı və 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı xüsusilə qeyd etmək lazımdır. 1998-ci ildə insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olaraq Milli Dövlət Proqramınının təsdiq edilməsi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində bir çox nailiyyətlərə gətirib çıxartdı. Xüsusilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə səlahiyyətli müvəkkili Ombudsman təsisatının yaradılması, ölkəmizin insan hüquqlarının qorunması sahəsində beynəlxalq sazişlərə qoşulması, Milli Elmlər Akademiyasında insan hüquqları ilə fundamental şəkildə tədqiqat aparacaq elmi-tədqiqat müəssisəsinin yaradılması, vətəndaş cəmiyyəti strukturları və insan hüquqları ilə məşğul olan beynəlxalq qurumlar ilə əməkdaşlığın formalaşdırılması və s. göstərdi ki, Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsində qətiyyətlidir, ardıcıl və məqsədli siyasətə malik hüquqi və demokrtatik bir cəmiyyətin tərəfdarıdır. 2006-cı ildə ölkə başçımız İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi artıq yeni bir mərhələnin başlanması idi".
Müsahibimiz deyir ki, Milli Fəaliyyət Planı artıq icra olunur. Onun fikrincə, bu missiya yüksək keyfiyyətlə və kompleks şəkildə icra olunur: "Rəhbərlik etdiyim Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti də Milli Fəaliyyət Proqramının əlaqələndirici dövlət qurumu olaraq müəyyən edilmiş Ombudsman Aparatı ilə bu proseslərdə iştirak edibdir. Təşkilatımız BMT-nın Uşaq Fondu və BMT-nın İnsan Hüquqları üzrə Ali Komissarlığı və Ombudsman Aparatı ilə uşaq hüqularının müdafiəsinə həsr olunmuş iki layihə həyata keçiribdir. Bu prosesləri yaxından izlədiyim və müşahidə etdiyim üçün deyə bilərəm ki, Milli Fəaliyyət Planı uğurla icra olunur və bunun müsbət nəticələri artıq görünməkdədir. Azərbaycan ən yüksək səviyyədə insan hüquqlarının və azadlığlarının qorunmasını təmin etmiş hüquqi dövlətdir. Təbii ki, növbəti illərdə və mərhələrdə hüquqi bazanın yenilənməsi prosesi olacaq və bütün bunlar isə Azərbaycan insanının firavan və hüquqi dövlətin vətəndaşları olaraq hüquqlarının dövlət tərəfindən daha mükəmməl qorunmasına xidmət edəcəkdir".
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35