Cahangir Əsgərovun federasiyasında ilginc gəlişmələr
11:19 21-10-2014
CƏMİYYƏT
Cahangir Əsgərovun federasiyasında ilginc gəlişmələr
"AZAL" şefi adı "dopinq qalmaqalı"nda keçən atletlərin ümidinə qaldı
"Azərbaycan Hava Yolları" QSC-nin ("AZAL") prezidenti Cahangir Əsgərovun rəhbərlik etdiyi Ağır Atletika Federasiyasında maraqlı hadisələr cərəyan edir.
Bir neçə gün əvvəl məlumat yayıldı ki, Cahangir Əsgərovun federasiyasında millinin yeni məşqçilər korpusu artıq tam hazırdır. Ağır atletlərimizi 5 nəfərdən ibarət heyət çalışdıracaq. Bu heyətdə Hafiz Süleymanov, Nizami Paşayevlə yanaşı, Xanlar Nəbiyev və Elmar Sultanov da çalışacaq. Millinin yeni baş məşqçisi isə Tamas Feher olub.
Məlumat üçün bildirək ki, Tamas Feher macarıstanlıdır. Bir vaxtlar İngiltərənin ağır atletika millisini də çalışdırıb.
Komandamız gələn ay baş tutacaq dünya çempionatına da məhz bu məşqçilər korpusunun rəhbərliyi altında çıxacaq. Ən ilginc məqam isə ondan ibarətdir ki, yeni baş məşqçi Tomaş Feher noyabrın 4-16-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək dünya çempionatına Əsgərovun federasiyasını çətin vəziyyətdə qoyan "dopinq qalmaqalı"nda adı keçən atletləri də dəvət etməli olub. Belə ki, macarıstanlı mütəxəssis Rio-de-Janeyro Olimpiadasına lisenziya xalı verəcək mundiala 13 idmançı ilə yollanacaq. Feher yığmamızın əsas heyətinin 18 ağırlıqqaldıranı dopinqdə "ilişdiyin"dən komandadan kənar qalanlara və gənclərə bel bağlayacaq.
O, millimizi "bəlaya sürükləyən" bolqarıstanlı Zlatan Vanevin "cəzalandırdığı" Əfqan Bayramovla İvan Stoitsovu, dopinqə görə diskvalifikasiya müddəti bitdikdən sonra ciddi uğuru olmayan Rövşən Fətullayevi, həmçinin yığmamızın düşərgəsini tez-tez tərk edən Boyanka Kostovanı yenidən əsas heyətə cəlb edib.
Dopinq qalmaqalında adı keçən atletlərin yenidən yığmaya cəlb edilməsi xüsusi maraq doğurur. Ehtimal etmək mümkündür ki, bu, "AZAL" şefinin rəhbərlik etdiyi federasiyanın yığmaya cəlb etməyə atlet tapa bilməməsi və sonda dopinqli idmançıların ümidinə qalması ilə əlaqədardır.
Bu arada o da məlum olub ki, yeni baş məşqçi Tamas Feher Cahangir Əsgərovun rəhbərlik etdiyi federasiya qarşısında şərt qoyub. Belə ki, o, milliyə yeni idmançılar cəlb etmək istəyir. Bunun üçün o, axtarış aparıb. Bəzi klublarda məşq edən idmançılarla tanış olub, onların potensialına yaxından bələd olmaq istəyir. O, qarşıdan gələn yarışlara hazırlaşmaq, nəticə qazanmaq üçün cəzalandırılmamış idmançılar axtarır.
Son məlumat belədir ki, Əsgərovun federasiyası hələlik onun bu qərarına heç nə deməyib.
Deyəsən, federasiyanın gözü məşqçi sarıdan çox qorxub. Aldığımız digər məlumata görə, yeni baş məşqçi Tamas Feherlə federasiya arasında hələ də rəsmi müqavilə bağlanmayıb.
Xatırladaq ki, bu ilin aprelində "AZAL" prezidenti Cahangir Əsgərovun rəhbərlik və himayə etdiyi Azərbaycan Ağır Atletika Federasiyası ilə bağlı şok qalmaqal yaşanıb. Belə ki, Beynəlxalq Ağır Atletika Federasiyası Azərbaycanın 5 ağırlıqqaldırma üzrə Avropa mükafatçısının qazandıqları medallardan məhrum olunması ilə bağlı rəsmi saytında məlumat yayıb.
Həmin vaxt sözügedən məlumatda bildirilirdi ki, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar.
Beynəlxalq Ağırlıqqaldırma Federasiyası azərbaycanlı idmançılara (IWF) ağır cəza kəsildiyi ilə bağlı da rəsmi saytında məlumat yerləşdirib. Belə ki, Azərbaycanın ağırlıqqaldıranları Silviya Angelova, Sərdar Həsənov, Valentin Xristov, Kamran İsmayılov, Alyona Kırnıenko, Marziyə Məhərrəmova, Kseniya Vişnitska və İntiqam Zairova iki il, Zülfüqar Süleymanova isə ömürlük yarışlarda iştirak etmək qadağan edilib.
Hətta Azərbaycanın Ağır Atletika Federasiyasına yeni komandanın təşkil edilməsi barədə məsləhətlər də verilib.
Amma görünən odur ki, Əsgərovun federasiyası Beynəlxalq Ağır Atletika Federasiyasının məsləhətlərini yerinə yetirməkdə çarəsizdir. Elə ona görə də gələnilki dünya çempionatına yenilənmiş komanda ilə getmək əvəzinə, adı dopinq qalmaqalında keçən atletlərlə getmək məcburiyyətində qalıb. İndi maraq doğuran odur ki, "AZAL" prezidentinin rəhbərlik etdiyi federasiyanın bu addımına Beynəlxalq Ağır Atletika Federasiyası hansı reaksiyanı verəcək?!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20