Təbii fəlakətlər ölkəni gərgin vəziyyətə salıb
12:46 11-05-2012
CƏMİYYƏT
Təbii fəlakətlər ölkəni gərgin vəziyyətə salıb
Zaqatalada yenə zəlzələ oldu, rayonda 3123 tikili uçub, Şamaxıda isə selin vurduğu zərər aradan qaldırılır
Artıq bir neçə gündür ölkədə təbii fəlakətlərin sayı artmağa başlayıb. Zaqatala rayonunda qeydə alınan zəlzələdən sonra Şamaxıda baş verən daşqının törətdiyi faciənin nəticələrini aradan qaldırmaq üçün FHN bütün qüvvəsini işə salıb. Lakin əhali arasında ciddi narahatlıq var. Təşviş içində olan sakinlər arasında gəzən söz-söhbət budur ki, daha dəhşətli zəlzələ hələ bundan sonra olacaq.
Zaqatalada yenə
zəlzələ oldu
Bu gün saat 6:33-də Zaqatala rayon mərkəzindən 13 km cənuba episentrdə 4 bal gücündə zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytının verdiyi məlumata görə, zəlzələ Zaqatalada - 3.5 bal, episentrə yaxın yaşayış məntəqələrində 2.0-2.5 bal gücündə hiss olunub.
İnsan tələfatı və dağıntılar yoxdur.
Rayonda 3123 tikili uçub
və ya zədələnib
"Mayın 7-də Zaqatalada baş verən ilk zəlzələnin gücü episentrdə 7 bal olmuşdu. Lakin ilk zəlzələ zamanı binalar tam dağılmamışdı. Həmin gün axşam baş verən 5,7 bal gücündə təkanlar isə tikililərin bir hissəsini dağıtdı. Komissiyanın dünən axşama olan məlumatına görə, zəlzələ nəticəsində 3000 minə yaxın ev, həmçinin 123 sosial obyekt uçub və ya zədələnib. Bunlar son məlumatlardır. Lakin dəqiqləşmələr davam edir. Təxmini yekun siyahı yaxın üç-dörd gün ərzində hazır olacaq". Bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
Nazir zəlzələ nəticəsində insan itkisinin olmadığını bildirib.
Azərbaycan prezidentinin ötən gün Zaqatala və Qax rayonlarında olduğunu deyən K. Heydərov dövlət başçısının vəziyyətlə şəxsən tanış olduğunu, müşavirə keçirərək, müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb.
Nazir evləri uçmuş sakinlərinin hamısına çadırlar paylandığını bildirib: "Qadınlara, uşaqlara ilkin yardımlar edilib, uşaq yeməkləri paylanıb. Dövlət başçısının tapşırığı ilə Nazirlər Kabineti zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ilkin olaraq 20 milyon manat vəsait ayırıb. Bu bizə imkan verir ki, təhlil işlər aparaq və ilkin yardımları göstərək. Yəqin ki, evlərin və sosial obyektlərin tikintisi üçün əlavə vəsait də ayrılacaq".
Əhalinin iki gün narahatlıq içində olduğunu qeyd edən K. Heydərov artıq hər kəsin baş verənlərə soyuqqanlı yanaşdığını söyləyib: "Bu gün əhali artıq nə baş verdiyini, bunun təbii fəlakət olduğunu başa düşür. Biz maksimum çalışırıq ki, müvəqqəti məskunlaşma yerlərində, çadırlarda yerləşdirilən şəxslərin rahatlığı təmin edilsin. Həm Səhiyyə, həm də Fövqəladə Hallar nazirliklərinin nümayəndələri tərəfindən sakinlərə tibbi və digər xidmətlər göstərilir. Hazırda əsas qərargahımız Zaqatalada yerləşir. Digər kəndlərdə də qərargahlarımız var".
Zəlzələnin fəsadlarının aradan qaldırılmasına ümumilikdə nə qədər vəsait ayrılacağı barədə sualına cavabında nazir deyib ki, araşdırmalar tam başa çatmadığına görə bu barədə dəqiq rəqəm söyləmək mümkün deyil: "Hazırda ziyan çəkən evlərin sayı dəqiqləşdirilir. Bu gün səhərə yaxın orada yenə 4 bal gücündə təkan olub. Bu adi vəziyyətdə elə də ciddi rəqəm olmasa da, zədələnmiş tikililər üçün təhlükəlidir".
Əhali arasında
təlaş var
Qeyd edək ki, Zaqatalada baş verən zəlzələdən sonra əhali arasında yaşanan təlaş davam edir. Evlərinə gecələr girməyə qorxan insanlar küçədə gecələməli olurlar. Elə bu səbəbdəndir ki, rəsmi qurumlar onları evlərinə yığmaq üçün bir xeyli əziyyət çəkməli olur. Rəsmi qurumların nümayəndələri əhaliyə çatdırır ki, hər hansı bir təhlükə yoxdur və bu səbəbdən də təşviş keçirməyə gərək qalmayıb.
Lakin rayon sakinləri arasında şayə yayılıb ki, indiyə qədər olmuş yeraltı təkanlar başlanğıcdır. Və yaxın günlərdə daha dəhşətli və güclü zəlzələ olacağı gözlənilir. Həmçinin o da iddia olunur ki, guya, bu barədə rəsmi qurumların xəbəri var, amma əhali arasında qarışıqlıq yaranmasın deyə heç bir məlumat verilmir.
Zəlzələləri analiz etmək üçün daha 5 seysmik
stansiya quraşdırılıb
Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələnin episentrindəki prosesləri daha dəqiq analiz etmək əlavə 5 seysmik stansiya quraşdırıb. Bu barədə Mərkəzin baş direktoru Qurban Yetirmişli bildirib.
Onun sözlərinə görə, Mərkəzin əməkdaşları tərəfindən ərazidə geniş makroseysmik tədqiqatlar aparılır: "Yeni stansiyalar zəlzələ ocağındakı proseslərlə bağlı daha dəqiq məlumatlar əldə etməyə imkan verəcək. Stansiyalar proses başa çatana qədər burada qalacaq".
Q.Yetirmişli bildirib ki, mayın 7-də baş verən zəlzələdən sonra 500-dən çox yeraltı təkan qeydə alınıb: "Dünən axşamdan narahat idim ki, təkanların sayı niyə azalıb. Amma bu səhər yenidən 4 bal gücündə zəlzələ oldu, bu, əslində yaxşılığa doğrudur, enerji boşalmalıdır. Bu proses hələ xeyli müddət davam edəcək. Xırda təkanlar, hətta 4-5 bal gücündə zəlzələlər də ola bilər. Artıq əhali də bunu dərk edir. Zəlzələnin ilk günündə yaşanan şok artıq keçib, əhali bu hadisəyə təbiət hadisəsi kimi yanaşmağa başlayıb".
Zəlzələni türklər
də araşdırır
Bu əsnada məlum olub ki, Türkiyənin aparıcı seysmoloqları da araşdırırlar. Onlar zəlzələnin baş vermə səbəbləri, hansı əraziləri əhatə etdiyini və Türkiyədəki fay xətləri ilə Zaqataladakı zəlzələnin episentri arasındakı bağlılıqları haqqında bilgi toplayırlar. Bu barədə məlumat yayan türk mətbuatı bildirir ki, seysmoloqlar birmənalı olaraq bu proseslərin bir-biri ilə bağlı olduğunu bildirirlər.
Onlar hesab edirlər ki, Türkiyənin altından keçən iri fay xətləri ilə Azərbaycandakı zəlzələnin olması ehtimal edilən ərazilər arasında bağlantılar var. Həmin məlumata görə, yaxın günlərdə bu əlaqələr barədə dəqiq bilgilər əldə olunacaq. Əgər bağlantı olarsa, Türkiyədə zəlzələ ilə bağlı xüsusi hazırlığın başlayacağı gözlənilir. Qəzetlərin yazdığına görə, türk seysmoloqlar ciddi narahatlıq içindədir və hesab edirlər ki, bölgədə aktiv təkanlar başlayıb. Onların hesablamalarına görə, bu şəkildə davam edərsə və faylar arasında bağlantılar tapılarsa, o zaman daha dəhşətli olayların baş verə biləcəyi gözləniləndir.
Sel Şamaxıda 8 kəndin
yolunu kəsib
Şamaxı rayonuna yağan güclü leysan yağışları səbəbindən yaranan sel suları dağ ətəyi kəndlər olan Çöl Göylər, Ovculu və Bağırlıda həyətyanı sahələrə, fərdi yaşayış evlərinə, əkin sahələrinə, küçələrə xeyli ziyan vurub.
Rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Qasım Qasımov bildirib ki, dağlara yağan güclü leysan yağışlarından sonra Ağsu və Pirsaat çaylarında sululuğun səviyyəsi qalxıb. Nəticədə bu çayların kənarındakı Ərçiman, Qaleybuğurt, Talış, Dəmirçi kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. İllər boyu körpülərin olmadığı bu çaylarda suyun səviyyəsinin azlığı səbəbindən əhali və texnikalar çayın içindən keçərək hərəkət edib. Artıq iki gündür ki, keçilməsi mümkün olmayan bu çaylardan əhalini əsasən yük maşınları ilə keçirmək mümkündür. Hazırda ərazidə ağır texnikalar çalışır. Bundan əlavə sel suları Şamaxı-Qaleybuğurt avtomobil yolunu 6 müxtəlif yerdən dağıdaraq yararsız hala salıb. Nəticədə Qaleybuğurt, Qaladərəsi, Keçmədil, Sis kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hazırda yolun açılması və nəqliyyatın hərəkətinin bərpası üçün ərazidə ağır texnikalar işləyir.
Qeyd edək ki, dünən rayonun Carham kəndinə güclü yağışla yanaşı, diametri 1.5-2 santimetr olan dolu yağıb, üzüm sahələrinə, meyvə-tərəvəzə xeyli ziyan dəyib. Dünən axşam saatlarında Ovculu kənd sakini 22 yaşlı Alməmmədov Bilal Ağamustafa oğlu naxırdan qayıdarkən qəflətən dağdan gələn selin qurbanı olub. Bilal Alməmmədov sel sularında boğularaq dünyasını dəyişib. Qeyd edək ki, bu gün mərhumun toyu olmalı idi.
Hazırda rayon fövqəladə hallar komissiyasının nümayəndələri ərazilərə baxış keçirir, vətəndaşların müraciətlərini araşdırır. Yağış, sel və dolunun təsərrüfatın ayrı-ayrı sahələrinə vurduğu ziyanın məbləği hesablamalardan sonra məlum olacaq.
Təbii fəlakət zamanı
18 nəfər xilas olunub
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxı rayonunda baş verən təbii fəlakət barədə açıqlama verib. Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib ki, Şamaxıda baş verən sel fəlakəti zamanı 1 nəfər həlak olub.
Həmin şəxsin cəsədinin artıq tapıldığını deyən nazir, fəlakət baş verən zaman çox pis vəziyyətdə qalmış 18 nəfərin xilas olunduğunu bildirib: "Onlar selin ortasında qalmışdılar. Əraziyə texnika yeritmək mümkün deyildi. Əməkdaşlarımız əl alətləri vasitəsilə həmin şəxsləri xilas edib".
Nazir, baş verən fəlakətlə bağlı komissiya tərəfindən araşdırma aparıldığını da deyib.
Cavid Qarabağlı
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00