Milli Şuradan istefalar davam edir
15:47 06-03-2015
CƏMİYYƏT
Milli Şuradan istefalar davam edir
Nadir Qocabəyli: "Milli Şura gec-tez tamamilə dağılacaq, ona görə də, nə qədər tez tərk edilsə, bir o qədər yaxşıdır"
Bir neçə gün öncə Milli Şuradan istefa verən Yeganə Hacıyevaya qarşı həmin qurumun üzvləri iradlar səsləndirib. Əslində, radikal müxalifə nümayəndələrinin belə bir addım atmaları təəccüblü deyil.
"Unikal"ın məlumatına görə, radikal müxalifət düşərgəsində istefa verib gedənlərin arxasınca qara piar kampaniyası aparmaq bir növ adət halını alıb. Ona görə Milli Şuradan gedənlərin də arxasınca danışanlar çox olur. Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev Y.Hacıyevanın Milli Şuranın üzvü olmadığını, ancaq quruma yardım etdiyini açıqlayıb. Y.Hacıyeva özü də deyib ki, Milli Şurada rəsmi təmsilçiliyi olmayıb: "Milli Şuranın aparat üzvü olmuşam. Heç vaxt Milli Şuraya daxil olmamışam. Milli Şuranın sədri Cəmil Həsənlinin dəvəti ilə sədr aparatında xarici əlaqələri tənzimləmişəm. Müsavat Partiyasından istefa verəndən sonra heç bir partiyada təmsil olunmamaq qərarı almışdım. Fikirləşirəm ki, müstəqil olmaq daha yaxşıdır. Dəfərlərlə Milli Şuraya üzvlük təklif olundu. Lakin gələndə şərtim bu idi ki, təmsilçilik istəmirəm". O, üzv olmadan Milli Şuranın sədr aparatında çalışmasına aydınlıq gətirib: "Sədr aparatında daimi fikir mübadiləsi aparılırdı. Milli Şuranın fəaliyyəti orada funksionallaşdırılırdı. Müzakirələrin nəticəsi olaraq Koordinasiya Şurasına mövzular təklif edilirdi". Onun sözlərinə görə, bütün fəaliyyəti ictimai əsaslarla olub: "Bundan öncə 8 il Müsavat Partiyasında çalışmışam. Fəaliyyətim ictimai əsaslarla olub. Biz buna görə heç vaxt pul almamışıq. Hətta xaricə səfərlər zamanı yol pulumuzu özümüz vermişik". Xanım siyasətçi Müsavat Partiyasından çıxandan sonra gördüyü təpkilərdən də danışıb: "Bilirik ki, gördüyümüz işi bəyənən də, bəyənməyən də olacaq. Müsavat Partiyasından ayrılmaq məsələsinə qayıtmaq istəməzdim. Təpkiləri inciklik kimi də qiymətləndirmək olar".
İşin harasıdır ki, indi də Milli Şura rəhbərliyi Yeganə Hacıyevanın qurumun üzvü olduğunu danırlar. Uzun müddət Milli Şuranın bir sıra işlərini həyata keçirən bir şəxsin istefa verib getməsinə görə üzv olmadığını iddia etməyə hər hansı bir ad vermək mümkün deyil.
Məsələylə bağlı "Unikal"a açıqlama verən ictimai-siyasi fəal, tanınmış tərcüməçi-yazar Nadir Qocabəyli deyib ki, Milli Şuranı tərk edənlər tam haqlıdırlar. Onun sözlərinə görə, bu qurum heç bir perspektiv vəd etmədiyi üçün orda qalmağın mənası da yoxdur: "Mən Milli Şura ideyasının iflasa uğraması barədə artıq dəfələrlə fikir bildirmişəm. O qurum prezident seçkiləri ərəfəsində yaradılmış, məqsədi həmin seçkilərdə iştirak edib qələbə qazanmaq idi. Bildiyimiz kim, Milli Şuranın vahid namizədi seçkilərdə İlham Əliyevə böyük hesabla uduzdu. Bundan sonra o şuranın, o qurumun yaşamağa, fəaliyyət göstərməyə heç bir mənəvi haqqı qalmadı. Zatən əvvəlcədən işlərini düzgün qurmamışdılar və belə olacağı da bəlliydi. İndi məğlub, uduzmuş, iflasa uğramış, xalqın istehza obyekti olan bir qurumu zorla, formal olaraq saxlamağın nə mənası var. Mən o qurumdan çıxanların hamısını alqışlayıram. Gec də olsa, düzgün qərar verirlər. Onları qınayanlar da gec-tez bu addımı atmalı olacaqlar. Çünki o qurumun artıq heç bir perspektivi, gələcəyi yoxdur. Gec-tez tamamilə dağılacaq. Ona görə də, nə qədər tez tərk edilsə, bir o qədər yaxşıdır".
Göründüyü kimi, Milli Şura bir neçə adamın şəxsi ambisiyasına xidmət edən bir qurumdan başqa bir şey deyil. Yaranandan ölü doğulan uşaq xarakteri bağışlayan bir qurumun son aqibəti də belə olmalı idi.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15