Eldar Əzizovun talançılığı üsyan yetişdirir
09:20 14-03-2015
CƏMİYYƏT
Eldar Əzizovun talançılığı üsyan yetişdirir
Sumqayıtda icra başçısından və adamlarından narazılıqlar sürətlə böyüyür
Bakıdan və Gəncədən sonra ölkənin üçüncü böyük şəhəri olan Sumqayıtda icra başçısı Eldar Əzizovun fəaliyyətindən narazı olanların sayı sürətlə artmaqdadır. 1946-cı ildən şəhər statusu alan və "gənclik şəhəri" adlandırılan Sumqayıt sakinləri əslində son onilliklərdə yerli rəhbərlərin əlindən xeyli məhrumiyyət çəkib.
Eldar Əzizovun təyinatı Gəncədən "gənclik şəhəri"nə dəyişdirilərkən nəhayət, Sumqayıtın da illərdir yığılıb qalan sosial-iqtisadi, mədəni, kommunal, ekoloji və digər problemlərinin həllində müsbətə doğru kəskin dönüş gözləyənlərin ümidi isə elə ümid olaraq qaldı.
Sumqayıtda
yaşıllıqlar niyə və necə məhv edilir?
Demək artıqdır ki, Sumqayıt Azərbaycan şəhərlərinin içində ən fəlakətli ətraf mühitə malikdir. Ötən illərin statistikasına görə, orta hesabla hər il havaya 96,5 min ton zərərli maddələr buraxılır. Alüminium zavodu şəhərin 2 km-də yerləşir və bu zəhərli maddələrin çox bir "payı" bu zavoda düşür. Bundan başqa Sumqayıt şəhərinin ekologiyasının pozulmasında "Azərkimya" İstehsalat Birliyinin də çox böyük "əməyi" var. Sumqayıt yeganə şəhərdir ki, 3 müəssisəsi xlor buraxır. Nazirlər sovetinin 18 iyul 1991-ci il 567 N-li Qərarına əsasən Sumqayıtda heç bir kimyəvi müəssisə tikilməməli idi. Buna baxmayaraq, həmin vaxtdan bəri bir çox müəssisələr tikilib, istifadəyə verilmişdir ki, bu da ekoloji vəziyyəti bir az da ağırlaşdırır.
Bu müəssisələrin tikildiyi zaman layihələrdə böyük nöqsanlara yol verilmişdir. Havaya atılan zərərli maddələr külək vasitəsilə bütün şəhəri bürüyür.
Odur ki, Sumqayıtın yaşıllıqlara böyük ehtiyacı var. Amma təəssüf ki, Eldar Əzizovun şəhərə icra başçısı təyinatından sonra biz fərqli mənzərənin şahidi oluruq. "Gənclik şəhəri"ndə yaşıllıqların məhv edilməsi və onların yerində müxtəlif biznes və ticarət obyektlərinin inşa edilməsi adət halını alıb. Bildirilir ki, bu proses Eldar Əzizovun razılığı və şəhərin memarlıq idarəsinin rəisi Həsən Həsənovun vasitəsi ilə aparılır. O da bildirilir ki, Sumqayıtdakı yaşıllıq zonalarının, binaların həyətlərinin satılması üçün qiymətlər 7-15 min dollardan başlanır. Qeyd olunur ki, şəhərin baş memarı öz vəzifəsində əslində formal şəxsdir və bütün bu işləri icra başçısı ilə yaxın olan Kamil adlı şəxs koordinasiya edir.
Hər ay 200 min manat vəsait hara gedir?
Sumqayıtda icra başçısına yaxınlığı ilə bilinən üç məmur haqqında da maraqlı iddialar səslənir. Bunlar şəhərin təhsil şöbəsinin rəhbəri Vaqif Ələsgərov, Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Namiq Qafarov və şəhər səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyevdir.
Onların rəhbərlik etdikləri qurumlarda korrupsiyanın dərin kök saldığı və ayrılan dövlət vəsaitlərinin təyinatı üzrə xərclənmədiyi yönündə ciddi şübhələrin olduğu barədə məlumatlar dolaşır. Əldə edilən məlumatlara görə, hər üç məmurun birlikdə ay ərzində təxminən 200 min manatlıq vəsaiti hara xərclədiyi bəlli deyil.
Ümumiyyətlə, adları çəkilən məmurlar Eldar Əzizovun şəhərdəki əsas dayaqları, eyni zamanda "pul kisələri" hesab edilir. Belədə isə haqqında danışılan vəsaitin taleyi barədə müəyyən sualların cavabını təxmin etmək heç də çətin deyil.
Sumqayıta ayrılan
milyonlarla manatın
qaranlıq taleyi
Sumqayıt şəhərinə dövlət büdcəsindən və prezidentin ehtiyat fondundan mütəmadi olaraq bir neçə milyon manat ayrılır. Bu milyonlar şəhərdə abadlıq və quruculuq işlərinin aparılmasına, Sumqayıtın sosial-iqtisadi infrastrukturunun yaxşılaşdırılmasına xərclənməlidir.
Amma görəsən, reallıqda həmin külli miqdarda vəsait hara gedir? Gəlin elə bir neçə həftəki bir şikayətə göz ataq. Belə ki, Sumqayıt şəhər 9-cu mikrorayon ev 35 və 36-nın sakinləri tərəfindən sumqayitxeber.com-a daxil olan şikayətdə bildirilirdi: "Burada biz çox acınacaqlı, dözülməz şəraitdə yaşayırıq. Yollarımız çox bərbad vəziyyətdədir. Yağış yağanda dözülməz vəziyyət yaranır. Həyətdə işıq dirəklərinin əlindən tərpənmək mümkün deyil. Bu yaxınlarda bu dirəklər yenilənib, ancaq köhnələri çıxarılmayıb. Həyətimizin işıqlandırılması yoxdur. Hava qaralan kimi çöl itlərinin əlindən uşaqlarımız çölə çıxa bilmir. Binanın zirzəmisi su ilə dolu olduğundan ağcaqanad, krisa, milçək yuvasına çevrilib.
İstilik sistemi də yoxdur ki, mənzillərimizi qızdıraq. İstilik sisteminin olmadığından sakinlər qazdan istifadə edirlər ki, bu da çox böyük təhlükə yaradır.Tüstü bacalarının təmizlənməməsi bu təhlükəni daha da artırır".
Bu cür şikayətlər son vaxtlar Sumqayıtdan davamlı şəkildə gəlməkdədir. Bunun üçün elə internet üzərindən kiçik bir axtarış aparmaq kifayət edir.
İndi Eldar Əzizov və onun rəhbərlik etdiyi yerli icra hakimiyyətinin təmsilçiləri izah edə bilərlərmi, ölkə rəhbərliyinin Sumqayıtın abadlaşması, gözəlləşməsi və müasirləşməsi məqsədi ilə ayırdığı milyonlarla manat hara xərclənir ki, əvəzində şəhər sakinləri ən elementar kommunal problemlərin həll edilməməsindən, bərbad yollardan, yağış gölməçələrindən şikayətlənirlər? Görəsən, bu sadə suala qarşı tərəfin verə biləcəyi ağlabatan bir cavab varmı?
Eldar Əzizov
şəhər sahibkarlarını
boğaza yığıb
O da bildirilir ki, istər dövlət büdcəsindən, istərsə də prezidentin ehtiyat fondundan ayrılan vəsaitlərin demək olar ki, hamısı mənimsənilir. Az-çox görülən işlər isə məhz Sumqayıt sahibkarlarının hesabına həyata keçirilir. "Gənclik şəhəri"ndə biznes fəaliyyəti ilə məşğul olanlar yerli rəhbərliyin "xərac siyasəti"ndən həddən artıq narazı olsalar da, Əzizovun qəzəbinə düçar olmamaq və müflisləşdirilmək riski ilə qarşılaşmamaq üçün susmaq məcburiyyətində qalırlar.
Amma bu susqunluğun sonda Sumqayıt rəhbərliyinə qarşı açıq protestə çevrilməyəcəyinin də təminatı yoxdur. Bunu son zamanlar sumqayıtlı sahibkarların KİV-ə artan şikayətləri də göstərir.
Sumqayıtda
"qəbir yeri" biznesi
Sumqayıtın icra başçısına yaxın olan və yerli sakinlərin əlindən dad etdiyi bildirilən məmurlardan biri də şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyevdir. Bildirilir ki, onun nəzarətində olan qəbiristanlıqda qəbir yerləri pulla satılır.
Maraqlıdır ki, A. Əliyev Eldar Əzizovun köhnə kadrıdır, yəni icra başçısı onu özü ilə birlikdə Gəncədən gətirib. Hazırda adıçəkilən departament rəisinin nəzarətində olan Sumqayıt şəhər qəbiristanlığında yerlər şəhər sakinlərinə təmənnasız verilmir. Qəbir yerləri üçün qiymətlər müəyyənləşdirilib, üstəlik, sakinlər bir yer yox, iki yer almaq şərti ilə öz vəfat edən yaxınlarını bu məzarlıqda dəfn etdirə bilərlər.
Halbuki qəbir yerlərinin pulla satılması qanunsuzdur və ciddi korrupsiya faktıdır. Hətta bu yaxınlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bildirdi ki, qəbir yerlərinin pulla satılması düzgün deyil: "Belə bir məsələ yoxdur və olmayacaq da.İndi də qəbir yerləri pulla verilmir. Müəyyən rüsumlar var, amma bu, çox cüzi məbləğdir. Bəzi adamlar deyirlər ki, qəbir yerləri satılır, bu, düzgün deyil. Qəbir yerləri dövlətin ixtiyarındadır. Əgər kimdənsə qəbir yerlərinə görə yüksək məbləğlər tələb edilirsə, belə halla rastlaşan insanlar müvafiq qurumlara və bizim komitəyə müraciət edə bilərlər".
Amma görünür, Abid Əliyevin Eldar Əzizova kifayət qədər yaxın olması, onların hələ Gəncədən başlayan ortaqlığı Sumqayıtda "qəbristanlıq biznesi"nin çiçəklənməsinə "yaşıl işıq" yandırıb. Yeri gəlmişkən, icra başçısının tikinti işlərinin həyata keçirilməsinə də Abid Əliyevin nəzarət etdiyinə dair iddialar mövcuddur. Bu da onlar arasındakı "ittifaq"ın kifayət qədər möhkəm olmasından xəbər verir.
Eldar Əzizovun
"alkapon biznesi"
Sumqayıtda narahatlıq və narazılıq doğuran məqamlardan biri də Eldar Əzizovun "gənclik şəhəri"nə icra başçısı təyin edilməsindən sonra onun genişmiqyaslı "alkapon siyasəti" həyata keçirməsi ilə bağlıdır. Belə ki, ötən müddətdə Sumqayıtda yaşayış binalarının və ticarət obyektlərinin üzünün alkaponla örtülməsi prosesi geniş yayılıb.
Bu isə həm yaşayış binalarında, həm ticarət obyektlərində bir çox hallarda tələfat və xəsarətlərə gətirib çıxaran, ciddi maddi zərərlə müşaiyət olunan yanğınların sayını artırıb.
Əzizov buna rəğmən öz "alkapon siyasəti"ndən əl çəkmək fikrində deyil. Bunun səbəbi də onun alkapon istehsalı və satışı ilə məşğul olan obyektlərinin varlığıdır. Yəni icra başçısı öz "alkapon biznesi"ni çiçəkləndirmək üçün başqalarının sağlamlığını və biznesini təhlükəyə atır.
Sumqayıtlıların intizarla gözlədiyi gün
Onu da deyək ki, mütəmadi şəkildə Eldar Əzizovun adı Bakı şəhər İcra Hakimiyyətinin başçısı postuna namizədlər sırasında hallanır. Onu Hacıbala Abutalıbovun vəzifəsinə ən real namizədlərdən sayırlar.
Sumqayıt sakinləri isə hər dəfə bu haqda oxuyarkən yaxşı mənada həyəcanlanırlar. Onlar böyük bir intizarla Eldar Əzizovun Bakı şəhər İcra Hakimiyyətinin başçısı, yaxud hər hansı başqa bir vəzifəyə aparılmasını gözləyirlər. Bu qətiyyən "gənclik şəhəri" əhalisinin Əzizova dərin rəğbətindən, elə bu səbəblə də karyera yüksəlişi yaşamasını arzulanmasından irəli gəlmir.
Sadəcə, onlar şəhərə rəhbər təyin edilərkən böyük ümidlər bəslədikləri, amma sonda öz fəaliyyəti ilə onlarda xəyal qırıqlığı yaradan Eldar Əzizovdan yalnız bu yolla xilas ola biləcəklərini düşünürlər.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00
2024-12-28 15:56:23