Azərbaycanın həyatları alimentdən asılı olan uşaqları...
12:52 22-05-2012
CƏMİYYƏT
Azərbaycanın həyatları alimentdən asılı olan uşaqları...
Ölkəmizdə nikah müqaviləsinin bağlanmasının məcburiləşdirilməsi vacibdirmi?
Azərbaycanda boşanan cütlüklərin sayı minlərlədir. Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda 17,2 min nikah, 2,6 min boşanma qeydə alınıb.
Bu ailələrin əksəriyyətində uşaqlar maddi və mənəvi sıxıntılar içərisində böyüyür. Boşanan ailələrdə məhkəmənin müəyyən etdiyi alimentlərin ödənilməsi artıq həlli müşkül bir problemə çevrilib. Bu problemin doğurduğu acı nəticələr uşaqların məsum həyatında silinməz izlər qoymaqla yanaşı, cəmiyyətə də təsirsiz ötüşmür.
Azərbaycandan fərqli olaraq, xarici ölkələrin çoxunda boşanan tərəflər şüurlu şəkildə övladının saxlanma xərclərini ödəmək lazım olduğunu başa düşür, yaşayış və iş yerini, gəlirlərini gizli saxlamır, valideynlər bir-biri ilə düşmən olmur və s.
Alimentin məbləğini
qanunvericilik
necə müəyyən edir?
Ailə Məcəlləsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aliment tutulur.
Alimentin məbləğini isə qanunvericilik aşağıdakı kimi müəyyən edir:
Bir uşağa görə, qazancın və ya valideynlərin başqa gəlirlərinin dörddə biri, 2 uşağa görə, üçdə biri, 3 və daha çox uşağa görə, qazancın yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halları nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Əgər valideynlər arasında aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, məhkəmə uşaqların saxlanması üçün sabit pul məbləği də müəyyən edə bilər.
Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli "Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əməkhaqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə" qərarı ilə işləyənlərin və ya başqa formalarda rəsmi gəlir əldə edənlərin hansı gəlirlərindən aliment tutulması müəyyənləşdirilib.
Qadınlar ərlərinin maddi
gəlir səviyyəsini məhkəmədə sübut edə bilmir...
Bu sahədə məhkəmə təcrübəsini qənaətbəxş hesab edən Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev deyir ki, alimentlə bağlı işlərə baxarkən əsas problem cavabdehin faktiki işsiz olduğu halda, əlavə gəlirlərinin olması və bunu məhkəmədən gizlətdiyi zaman yaranır: "Azərbaycanda problem odur ki, qadınlar ərlərinin maddi gəlir səviyyəsini müəyyən edə bilmirlər. Cavabdeh işləmir, amma iddiaçı tərəf bildirir ki, cavabdehin əlavə obyektləri var. Proses zamanı tərəf bunu sübuta yetirə bilmir. Yoxlama zamanı da məlum olur ki, obyektlərin heç biri cavabdehin adına deyil".
Qanun ərin əlavə gəlir
mənbəyini, əməkhaqqının məbləğini sübut etmək
vəzifəsini qadının
üzərinə qoyur...
Ali Məhkəmənin hakimi deyir ki, əvvəlki illərlə müqayisədə məhkəmələrə sabit pul məbləğində alimentin kəsilməsi ilə bağlı müraciətlər artıb: "Cavabdehin əməkhaqqının məbləği sabit olmadığı halda, qanun sabit pul məbləği müəyyən etməyə icazə verir. Məbləğ cavabdehin əmlak vəziyyətindən asılı olur və qanunla qazancın dörddə biri miqdarında müəyyən olunur. Ailə vəziyyətində dəyişiklik yarananda alimentin məbləğinə yenidən baxıla bilər".
Mirzəliyev əsas problemin alimentlə bağlı məhkəmə qərarlarının icrası zamanı meydana gəldiyini deyir: "Əsas problem icra zamanı yaranır. İcranı həyata keçirən qurum araşdırma aparıb problemin həlli üçün konkret təkliflər hazırlamalıdır".
Daş daşı, uşağını saxla!..
Mirzəliyev cavabdehin işsiz olması səbəbindən alimenti ödəməməyə görə, ataya haqq qazandırmır: "Valideyn uşağı dünyaya gətirirsə, qayğısına da qalmalıdır. Ata qanuni yolla qazanc əldə etməlidir və uşağını saxlamalıdır. Düzdür, işsizlik problemi var. Dövlət də bu problemin həllinə çalışır, yeni iş yerləri açır, aztəminatlı ailələrin müdafiəsi ilə bağlı tədbirlər görür. Lakin bu, ataya uşağını saxlamaqdan imtinaya haqq qazandırmır. Əgər ata fiziki cəhətdən sağlamdırsa, işləyib alimenti verməlidir. İndi sərbəst iş yerləri var. Atanın iş yoxdur deməsi, bəhanədir. Daş daşı, uşağını saxla! Sadəcə, buna istək lazımdır".
İşsizlik dərdi və
məhkəmələrin pozuntusu
Vəkil Qurban Məmmədov hesab edir ki, alimentlə bağlı məhkəmə qərarlarının icrasındakı problemlər əsas etibarilə işsizliklə baglıdır: "Aliment ödəyicilərinin çoxu işsiz olduqları üçün kəsilmiş alimenti nağd olaraq, həm də təsadüfi qazanc hesabına ödəməli olurlar. Bu da təbii ki, müəyyən problemlər yaradır. Burada iki hal müşahidə olunur. Birincisi, aliment ödəyicisi iş tapa bilmir və alimentin ödənilməsində, obyektiv səbəblərdən, fasilələr yaranır. İkincisi, aliment ödəyicisi qəsdən qazancını gizlədir və aliment ödəməkdən şüurlu şəkildə yayınmağa çalışır. İkinci halın sübut edilməsi məhkəmə icraçıları üçün çətindir (bu məqsədlə qanunvericilik səviyyəsində icraçılara səlahiyyət və vəsait verilməlidir), maraqlı tərəfin sübut etməsi üçün xeyli vəsait və vaxt tələb edilir".
Məmmədovun fikrincə, məhkəmələr alimentin məbləğini müəyyən edərkən "qanun qarşısında hamının bərabərliyi prinsipi"ni pozurlar: "Məsələn, işləməyən valideynlərin birindən 20, digərindən ən azı 69 manat, bir digərindən isə 100 və ya 150 manat tutulur. Başqa sözlə, alimentin məbləği ilə bağlı fərqlər bütün hakimlərin qətnamələrində var. Bunun bir səbəbi hakimlərin subyektivliyidirsə, digər bir səbəbi də qanunvericinin bu məsələdə mövqeyinin birmənalı və dəqiq olmamasıdır".
Hüquqşünas deyir ki, qanuna görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər və bu müddəanın olması qərar qəbuletmə prosesində hakimə özünün subyektiv fikirlərinə istinad etmək imkanı verir və bununla da qeyri-bərabərliyin əsası qoyulur: "Ya qanunverici, ya da Ali Məhkəmə "ailə və maddi vəziyyət, diqqətəlayiq olan başqa hallar"ın dəqiq dairəsini müəyyənləşdirməlidir. Presedent hüququnun tətbiq edilməsi də bu problemlərin (ayrı-seçkiliyin, fərqli məbləğlərin) həllinə yardım edə bilər".
Vəkil bu qənaətdədir ki, qanunverici uşaqların normal inkişafını təmin edə bilmək üçün alimentin minimum məbləğini mütləq müəyyən etməlidir. Məmmədov da aliment məsələsində dövlətin mütləq iştirakının tərəfdarıdır: "Qanunlarımızın mənasına görə, 18 yaşlı uşaq artıq müstəqil vətəndaşdır və o, valideynlərindən daha çox dövləti ilə müxtəlif vasitələrlə bağlıdır və daha çox dövlətinə xeyir verir, ona qulluq göstərir, əsgəri xidmətə gedir, vergi verir, qanunlarla müəyyənləşmiş vəzifələr icra edir və s. O, yeri gələndə, dövləti üçün ölməlidir də. Onda, bəs, nədən dövlət onun uğrunda ölməli olan, onun büdcəsinin artımında iştirak edəcək vətəndaşının qayğısına uşaqlıqdan qalmır və onu taleyin amansız ümidinə buraxır? Məncə, dövlət alimentin minimum həddini müəyyən etməli, onu ehtiyacı olan uşağa ödəməlidir, yalnız bundan sonra aliment öhdəliyi olan tərəfdən öz xərclərini tələb etməlidir. Heç bir halda uşaq valideynlərinin insafına buraxılmamalıdır".
Dövlət Komitəsi
aliment fondunun
yaradılmasını
təklif edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi alimentin minimum məbləğinin müəyyənləşdirilməsi ilə bağlı araşdırma aparır. Təkliflərdən biri də alimentin minimum məbləğinin müəyyən edilməsidir.
Komitə, həmçinin aliment fondunun yaradılmasını təklif edir.Alimenti bu və ya digər səbəblərə görə, ödəyə bilməyən valideyinin əvəzindən uşaqlara dövlət aliment fondundan aliment ödənilməli, valideyn isə fonda borclu qalmalı, daha sonra fond valideyndən alimenti geri almalıdır. Xarici ölkələrdə bu institut var və özünü doğruldub.
Komitənin Hüquqi təminat şöbəsinin rəhbəri Taliyə İbrahimova alimenti ödəməyən şəxslərin cəzalarının ağırlaşdırılmasını problemin həlli yollarından biri kimi görür. İbrahimova bəzi ölkələrdə aliment ödəməkdən boyun qaçıran şəxslərə alternativ cəza tədbirlərinin də tətbiq olunduğunu diqqətə çatdırıb və bunun Azərbaycanda tətbiqini mümkün sayır: "Rusiyada cavabdehin telefonuna mobil operator tərəfindən alimentin ödənilməsi barədə tez-tez xəbərdarlıq olunur, bəzi ölkələrdə aliment ödəməyən şəxsin sürücülük vəsiqəsi alınır".
Dövlət Komitəsi aliment ödəməyən şəxslərin azadlıqdan məhrum edilməsi və məcburi əməyə cəlb olunmasını da təklif edir.
Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Elgün Səfərov bildirib ki, alimentin ödənilməsi mexanizmini təkmilləşdirmək məqsədilə Skandinaviya ölkələrinin bu sahədəki təcrübəsinin Azərbaycanda tətbiqi effektli ola bilər: "Skandinaviya dövlətlərində məhkəmənin müəyyən etdiyi müddətdə alimenti ödəməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir, müəyyən müddətə azadlıqdan məhrum edilərək məcburi əməyə cəlb olunur, onun işlədiyi müddətdə aldığı haqq alimenti almalı olan şəxsin hesabına köçürülür. Azərbaycanda da Skandinaviya dövlətlərinin təcrübəsinə istinad etmək olar".
Komitə hesab edir ki, alimentin ödənilməsi ilə bağlı məhkəmə konkret müddət müəyyən etməli, bu müddətdə aliment ödənilməzsə, şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır: "Azərbaycan qanunvericiliyinə görə, məhkəmə qərarını icra etməmək cinayət məsuliyyəti yaradır. Bu məsələni icraçılar qaldırmalıdır, amma onlar bu işdə aktiv deyillər. İcraçılara da nəzarət artırılmalıdır".
Səfərov hesab edir ki, alimenti ödəməkdən boyun qaçıran şəxslərin əməyə məcburi cəlb olunması məsələsi tətbiq olunarsa, onda cavabdeh şəxslər gəlir və əmlaklarını gizlətməkdə maraqlı olmayacaqlar.
Alimentlə bağlı qərarlar əmlaka yönəldilməlidir
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli alimentin ödənilməsi ilə bağlı yaranan problemin ciddiliyini nəzərə alaraq, məsələnin müzakirədə olduğunu və komitədə bununla bağlı araşdırmalar aparıldığını bildirib.
Komitə sədri bildirib ki, Ailə Məcəlləsinə alimentin mülkiyyətə yönəldilməsi ilə bağlı təklif verilib: "Bu, bir sıra ölkələrin təcrübəsində tətbiq olunur. Məsələn, Rusiyanın bu sahədə təcrübəsindən yararlanmaq mümkündür. Rusiyada aliment ödənilmədikdə, qərarın icrası cavabdehin əmlakına yönəldilir. Həmçinin, Rusiyada aliment verən şəxsin ölkədən çıxmasına icazə verilmir".
Rəcəbli alimentin minimum məbləğinin minimum əməkhaqqına uyğunlaşdırılması təklifinin də müzakirə olunduğunu deyib.
Aliment ödəmək istəməyən valideynlərə qarşı
ictimai qınaq olmalıdır
Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərov bildirib ki, əsasən, özəl müəssisələrdə çalışanlar gəlirlərini gizlədirlər. Onlar məhkəmələrə saxta sənəd təqdim etməklə gəlirləri, əməkhaqqı barədə yanlış məlumat verirlər: "Əksərən, kifayət qədər maddi imkanı olan kişilər şikayət edir ki, məhkəmə alimentin məbləğini düz müəyyən etməyib. Məbləğ az olmalıdır. Belə atalara qarşı ictimai qınaq olmalıdır. Boşanma o demək deyil ki, uşaq sənin deyil, valideynlik vəzifələrin yoxdur. Bu, mənəvi məsələdir. Bəzi xarici dövlətlərdə bu barədə məhkəmə qərarını icra etməyən sürücülük hüququndan məhrum edilir, iş yerinə hansısa sənəd göndərilir. Ölkələrin birində rayon üzrə alimenti ödəməyənlərin tablosu hazırlanır və insanların sıx yaşadığı yerlərdə qoyulur. Hansısa məhkəmə qərarını icra etməməyi başa düşmək olar. Alimenti isə sən öz uşağının inkişafı üçün verirsən və bu da hər bir valideynin borcudur".
Cəfərov bildirib ki, xarici ölkələrdə alimentin ödənilməsi məsələsi daha asan tənzimlənir. Buna səbəb bu ölkələrdə nikahdan əvvəl nikah müqaviləsinin bağlanmasıdır: "Bu müqavilədə uşaqların saxlanması ilə bağlı məsələ əvvəlcədən həll olunur. Hesab edirəm ki, Azərbaycanda da nikah müqaviləsinin bağlanması məcburiləşdirilməlidir. Ən azı 5 il müddətinə, insanların şüuru bunu qəbul edənədək nikah müqaviləsinin bağlanması məcburi olmalıdır".
Sevda Cəlilli
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49