Bahar Muradova: "Azərbaycana qarşı qaralama kampaniyası təsirsizdir"
11:36 07-05-2015
CƏMİYYƏT
Bahar Muradova: "Azərbaycana qarşı qaralama kampaniyası təsirsizdir"
Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. İclas Azərbaycan Republikasının Gənclər Təşkilatlarının Milli Şurasının təşəbbüsü ilə "Heydər Əliyev və Azərbaycanın gənclər siyasəti sahəsində qanunvericiliyi" mövzusuna həsr olunub.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, bu günlərdə Azərbaycanda Ulu Öndər Heydər Əliyevin doğum günü böyük iftixar hissi ilə qeyd olunur: "Biz Ulu Öndər Heydər Əliyevin xidmətlərini bu dövlətin yaşaması, müstəqilliyinin əbədi olması üçün yaratdığı uğurlu bazada, təqdim etdiyi qanun layihələrində, imzaladığı Azərbaycan Respublikasının konstitusiyasında görürük. Azərbaycanda bir həqiqət var ki, gənclər siyasəti dövlət siyasətinin prioritet sahələrindən biridir. Çünki, gənclər bizim gələcəyimizdir".
H.Rəcəbli deyib ki, bu gün Azərbaycanda Avropa Oyunlarının keçirilməsi ölkədə aparılan gənclər siyasətinin kuliminasiyasıdır: "İdman, olimpiya oyunları gənclərlə bağlı olan hadisədir. Bu gün on mindən çox könüllü gənc Avropa Oyunlarının keçirilməsində fəal iştirak edir. Bu gün gənclərin hər hansı bir belə tədbirdə iştirakı onların dövlətə, prezidentimizə, azərbaycançılığa bağlılığının bir nümunəsidir. Avropa Oyunlarının Bakıda keçirilməsi bir sıra məsələləri özündə ehtiva edir. Birinci, bu dünyanın, Avropanın Azərbaycana inamı, Prezident İlham Əliyev şəxsiyyətinin, liderliyinin təsdiqidir. Eyni zamanda ölkəmizdəki əmin-amanlığın, Azərbaycanın belə tədbirləri keçirmək bacarığının sübutudur. Avropa İttifaqında bir şou düzəldiblər. Guya ki, Azərbaycanda keçiriləcək Avropa Oyunlarını müzakirə edirlər. Bunların işləri, gücləri qurtarıb. Dünyada nə qədər dərd-sər, problem var. Bu problemlərin hamısı yaddan çıxıb, Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını müzakirə edirlər. Bunun içərisində bir neçə məsələ var. Birincisi həsəd, ikincisi bizim inkişafımızı görməmək, üçüncüsü erməni lobbisinin əl-qol atmasıdır".
Komitə sədri bildirib ki, bu da eybəcər siyasi texnologiyanın bir formasıdır. "Bir həqiqət var ki, Azərbaycan Prezidenti İlham Əliyev və onun ətrafında birləşən xalqımız, böyük bir gənclər ordusu ölkə başçısının arxasındadır. Bu oyunların yüksək səviyyədə keçirilməsi üçün heç nə əsirgənməyəcək".
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, gənclərlə keçirilən belə müzakirələr hər zaman faydalıdır: "Azərbaycanda baş verən dəyişikliklər yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyətlidir. Azərbaycan özünün bütün inkişaf istiqamətləri ilə, əldə etdiyi nəaliyyətləri ilə təkcə öz xalqı üçün müsbət şərait yaratmır, eyni zamanda yerləşdiyi region üçün əhəmiyyətli bir dövlətə çevrilməkdədir. Biz əldə etdiyimiz uğurlarla qürurlanmaqla yanaşı, bunu daha da artırmaq üçün səylərimizi gücləndirməliyik".
B. Muradova bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri kimi fəaliyyətə başladığı ilk andan müasir Azərbaycanın dövlət quruculuğu işlərinə başladı: "Qısa müddət sonra Ulu Öndər Heydər Əliyev prezident səlahiyyətlərini də öz üzərinə götürərək Azərbaycanın o zamankı durumdan çıxarmaq üçün cox ciddi addımlar atdı. Hər şeydən əvvəl qanunlar, qanun yaradıcılığı prosesi çox vacib idi. Bu istiqamətdə aparılan işlərin əsas prioritet sahələrindən biri də gənclər, onların cəmiyyətdə yerinin düzgün müəyyənləşdirilməsi, onların potensialının artırılması və bu potensialın ümumi dövlət quruculuğunun inkişafı işinə yönəldilməsi idi. Gənclik güclü qüvvədir və ondan düzgün istifadə etməyəndə o dağıdıcı bir gücə çevrilir. Ona görə də vaxtında Ulu Öndər Heydər Əliyevin apardığı siyasət bu enerjini həm gəncliyin özü, həm Azərbaycan dövləti, həm də ümumilikdə region dövlətləri üçün yaradıcı gücə çevirdi. Hesab edirəm ki, bu gün Azərbaycan parlamenti tərəfindən qəbul edilən qanunlar, onlara edilən dəyişiklilər, inkişafımızın bizə diqtə etdiyi yeniliklər, bu yeniliklərin qanunlarda əksini tapması istiqamətində səylər o həddə çatıb ki, bizim gənclər siyasəti barədə çox mükəmməl qanunvericiliyimiz var".
Daha sonra B.Muradova tədbirdə iştirak edən gənclərə xitabən deyib: "Sizlər bizim inkişaf istiqamətlərimizi, bizi təhdid edən təhlükələrin nələr olduğunu yaxşı bilirsiniz. Gəncliyə göstərilən qayğı, onun inkişafı üçün atılan addımlar dövlətin vəzifəsidirsə, gəncliyin də bunun müqabilində vəzifəsi öz vətəndaşlıq borcunu düzgün müəyyənləşdirmək, yerinə yetirməkdir. Bu gün sizdən tələb olunan Azərbaycanın ümumi inkişaf tendensiyalarına uyğun gəlməyən zərərli vərdişlərdən kənar olmaq, onlara qarşı vahid güc kimi çıxış etməkdir".
Vitse-spiker qeyd edib ki, bu gün Azərbaycan qarşı qaralama kampaniyası aparılır: "Ölkəmizin inkişafını gözü götürməyən, erməni mənbələrindən maliyyələşən və erməni maraqlarına xidmət edən dairələr müxtəlif təşkilatlarda, tədbirlərdə birləşə və bizə qarşı cəbhə yaratmağa çalışa bilərlər. Amma, ölkə başçısı İlham Əliyevin də vurğuladığı kimi Azərbaycanın Ermənistandan başqa heç bir dövlətlə ikitərəfli münasibətlərində problemi yoxdur. Ona görə də Azərbaycana qarşı qaralama kampaniyası təsirsizdir. Çünki, Azərbaycanın çox güclü müqavimət gücü var. Bu gücün içərisində Azərbaycan gəncliyinin gücü xüsusi yer tutur. Biz bu gücü çox yüksək qiymətləndiririk".
Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Ulu Öndər Heydər Əliyev gənclər sahəsində illər sonraya hesablanmış siyasətin təməlini qoyub: "Bu gün də biz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu strategiyanın davamının şahidiyik. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda formalaşan gənclər siyasətinin hüquqi-normativ bazası bu gün beynəlxalq standartlara cavab verir və bu baza Azərbaycan gənclərinin maraqlarını əks etdirir. Bu gün ölkə gəncliyinin inkişaf səviyyəsi yüksək həddə çatıb. Gənclər artıq Azərbaycanın hüdudlarından xeyli kənarda da ölkəmizi bütün sahələrdə – ictimai, elm, mədəni və s. - yüksəksəviyyəli kürsülərdə təmsil edirlər. Bu, məhz həmin strategiyanın nəticəsidir. Bu strategiya Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə davam edir".
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə isə çıxışında vurğulayıb ki, Azərbaycanda gənclər siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub: "Ulu Öndər həmişə gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həllini daim diqqətdə saxlayır, gənc nəslə böyük etimad bəsləyirdi. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, gənclərlə bağlı dövlət proqramlarının qəbul olunması bu diqqət və qayğının, inam və etimadın parlaq təzahürləridir".
Sonra Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova, millət vəkilləri Rauf Əliyev, Sevinc Hüseynova Azərbaycanda aparılan gənclər siyasətindən danışıblar.
Tədbirin davamında iclasda iştirak edən gənclər öz fikirlərini bildirib, təkliflərini səsləndiriblər.
Vasif Həsənli
Digər Xəbərlər
2024-12-29 13:22:29
2024-12-29 13:08:08
2024-12-29 12:58:14
2024-12-29 12:50:20
2024-12-29 12:35:05
2024-12-29 12:33:09
2024-12-29 12:33:05
2024-12-29 12:28:00
2024-12-29 12:26:08
2024-12-29 12:20:01
2024-12-29 12:12:12
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00