Əbülfəs Qarayev: "Azərbaycanda mədəniyyətlərin dialoqu milli dəyərlərimizdə önəmli rol oynayır
15:44 19-05-2015
CƏMİYYƏT
Əbülfəs Qarayev: "Azərbaycanda mədəniyyətlərin dialoqu milli
dəyərlərimizdə önəmli rol oynayır
Bakıda öz işinə başlayacaq "Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq" devizi altında üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mətbuat konfransı keçirilib.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forumun gündəliyi barədə məlumat verib.
Nazir deyib ki Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsi heç də təsadüfi deyil:
"Ölkəmizdə fərqli milli, dini mənsubiyyəti olan icmalar, müxtəlif millətlərin nümayəndələri qarşılıqlı əməkdaşlıq və mehriban şəraitdə tarix boyu yaşamış və bu gün də yaşayırlar".
Nazir vurğulayıb ki, "Bakı prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülh və əməkdaşlığın qorunmasına xidmət edir. Azərbaycanda mədəniyyətlərin dialoq məsələsi hər hansı süni ideologiyaya söykənmir, bu, xalqımızın tarixən malik olduğu mehriban birgə yaşama mədəniyyətidir və bizim milli dəyərlərimizdə bu faktor önəmli rol oynayır.
Ə.Qarayev əlavə edib ki, Forum beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğində ölkəmizin əhəmiyyətli rolunu bir daha təsdiqləyir.
Nazir deyib ki, bu Forum ölkəmizdə həyata keçirilən ən böyük mədəni layihələrdəndir. Bu möhtəşəm tədbir çərçivəsində reallaşacaq görüşlər və müxtəlif mövzulu seminarlarda dinləniləcək məruzələr yeni ideyaların, fikirlərin ortaya çıxmasına, dövlətlər və xalqlar arasında mövcud olan münasibətlərin daha da yaxşılaşmasına təkan verəcəkdir.
Azərbaycanın böyük tarixi keçmişə malik olduğunu söyləyən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz əl-Nasseri belə bir tədbiri himayədarlı etdiyinə görə Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlığını bildirib.
O qeyd edib ki, bu forumun olduqca ciddi mövzusu var, dünyanı sülhə, əmin-amanlığa səsləyən belə bir möhtəşəm tədbirin təşkili olduqca təqdirəlayiqdir:
"Bu tədbirin mövzusu insanlar arasında təhlükəsizliyin, anlaşmanın yaranmasına xidmət edir. Biz belə təşəbbüsləri daha da genişləndirməliyik. Çalışmalıyıq ki, gənclər ekstremist və çox radikal məfkurənin qurbanına çevrilməsinlər".
UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Nada-əl Naşif bildirib ki, Azərbaycana ilk dəfədir səfər edir. Belə bir tədbirdə iştirakından olduqca məmnundur: "İki il əvvəl UNESCO ilə Azərbaycan arasında Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb. Bakı Forumu UNESCO üçün çox mühüm bir platformadır".
BMT ÜTT-nin Turizm və sülh üzrə baş katibinin müavini Əbdül Qafar bildirib ki, turizm sektorunun belə bir mühüm tədbirdə ayrıca təmsil olunması çox mühüm faktdır. İnsanlar arasında dialoqun formalaşmasında bu sektorun ayrıca payı var:
"İl ərzində dünya üzrə 1,5 milyard insan səyahət edir. Təbii ki, yeni iş yerlərinin açılmasında, ölkələrin iqtisadiyyatının inkişafında bu səyahətlər çox böyük önəm daşıyır. İstəyirik ki, turizm insanların yaşam səviyyəsinə daha böyük töhfə versin".
Builki Forumun kifayət qədər maraqlı proqramı olduğunu söyləyən Birləşmiş Krallığın Coventri Universitetinin İnam, sülh və sosial əlaqələr mərkəzinin icraçı direktoru Mike Hardy qeyd edib ki, bu forumda mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda bəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq. Forum çərçivəsində mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı üzrə plenar sessiyalar keçiriləcək.
Digər Xəbərlər
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51