"Azərbaycan Avropada gəzmək üçün xüsusi çəkmə almalıdır"
11:22 08-07-2015
CƏMİYYƏT
"Azərbaycan Avropada gəzmək üçün xüsusi çəkmə almalıdır"
Mübariz Əhmədoğlu: "Avropa erməni lobbisinə ölməyə imkan vermir və verməyəcək"
"Avropa Oyunlarının tarixdə ilk dəfə olaraq Azərbaycanda keçirilməsi bütün prizmalardan möhtəşəm tarixi hadisədir. Bununla yanaşı, Avropa Oyunları ətrafında baş verənlərə ibrət götürüləsi, öyrəniləsi hadisə kimi yanaşmaq daha düzgündür".
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib. M.Əhmədoğlu qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə konkret əməllərlə öz mövqeyini möhkəmləndirməsinin belə ciddi maneələrlə üzləşəcəyini gözləmirdik: "Avropa və ABŞ sözügedən Oyunlar zamanı bizim təbliğatımızdan gözləntilərimizi öyrəndi və dərhal, operativ qaydada əks-tədbirlər gördü. Ümimi halda olsa da, bir neçə fikirləri tezis formasında təqdim etmək istəyirik:
ı. Dağlıq Qarabağ münaqişəsi riskli və ya risksiz, baha və ya ucuz olmasından asılı olmayaraq, ən qısa müddət ərzində həllini tapmalıdır. Avropa Oyunlarına beynəlxalq aləmin verdiyi reaksiyadan birinci çıxan nəticə budur. Avropa Azərbaycanı Türkiyənin yerinə qovur. Dünyada erməni diasporu xeyli zəifdir və getdikcə zəifləyir. Bu zəifləmədə Azərbaycanın apardığı siyasətin müstəsna rolu var. Buna baxmayaraq, Avropa erməni lobbisinə ölməyə imkan vermir və verməyəcək. Belə ki, Avropanın əlində Türkiyəyə və bundan da sonra Azərbaycana qarşı qoymağa başqa alət yoxdur;
ıı. Dünya erməniliyinə və Ermənistana münasibətimiz dəyişilməlidir. Dünya erməniliyi artıq Azərbaycan prizmasından güc faktoru deyil. Dünya erməniliyi, o cümlədən Ermənistan Azərbaycanın regional liderliyinin qarşısını almaq üçün antiazərbaycan qüvvələrin əlində yeganə alətdir. Bu səbəbdən Qərbdə "antiazərbaycançılığın mənbəyi ermənilərdən başlayır" tezisini "ermənilər Qərbin əlində antiazərbaycan alətdir" fikri ilə əvəzləməliyik;
ııı. İnformasiya müharibəsində metodlarımızı elastikləşdirməliyik. Hal-hazırda dünyanın əksər təşkilatlarında birmənalı müsbət və ya mənfi fikirlər əks olunmur. Bütün sənədlərdə balans xatirinə mənfi və müsbət məqamlar təsbit olunur. Bu səbəbdən də Azərbaycanla əlaqəli qəbul olunan sənədlərdə mənfiyə köklənmək çox ziyanlıdır. Bizim təbliğat maşınımız, analitikamız sənədin ümumi mahiyyətinə köklənməlidir. Məqsəd həmin qurumun və ya sənədin Azərbaycanla bağlı mənfi fikirlərini azaltmaq, müsbət fikirlərini isə inkişaf etdirmək olmalıdır. Avropalılar və ya Qərbdə müəyyən dairələr Azərbaycana qarşı mübarizə aparmaqdan yorulmadıqları kimi, biz də öz haqlı mövqeyimizi onların metodu ilə, onları inandırmaq işində yorulmamalıyıq. Azərbaycanı indiki dövrdə Avropanın, Qərbin bir nömrəli düşməninə çevirmək taktikası yanlışdır, gələcəkdə strategiyaya çevrilə bilər. Bu isə Azərbaycan ətrafında geostrateji balansı poza bilər. Azərbaycan ətrafında geostrateji balansın pozulması ilə ölkəmizə fiziki təhlükə yarada bilər. Bu gün Qərbdən üstümüzə qlobal maşın hücuma keçib. Antiazərbaycançı müxtəlif qüvvələrin birləşməyinə imkan verməyimiz və bunun nəticələri ciddi tədqiq olunmalıdır. Dostlarımız azdır, hələ onların birləşməsinə nail ola bilməmişik. İstəməyənlərimiz çoxdur, sayı artır və onların birləşməsinə şərait yaradırıq;
ıv. Bu gün Avropa fəlsəfi-ideoloji baxımdan tükənib. Avropanın bütün kəşfləri elm və texnika sahəsindədir. Düşüncə tərzinin elm-texnikadan geri qalması Avropanın özünü faciəyə aparır. İki misal çəkmək istəyirik. Avropanın dövlətlərində "Uber" mobil taksi sistemi fəaliyyət göstərir. Əslində, bu, avropalıların səmərəli mobilliyini təmin edən mühüm sistem olmaqla yanaşı, həm də insanları minimal maliyyə xərci ilə məqsədinə nail olmasına şərait yaradır. Buna baxmayaraq, taksi sürücülərinin keçirdikləri mitinqlər hakimiyyətləri "Uber" sistemlərindən imtinaya məcbur edir. Avropadakı hakimiyyətlər mütərəqqi ideyanı müdafiə edə bilmirlər. İkinci misalımız isə Yunanıstanın baş naziri A.Tsiprasın Avropada iclasların birində səsləndirdiyi fikirlərin üzərindədir: Avropada inkişaf donub, yeniliyi qəbul etmir. Əgər Avropa sivilizasiyasının beşiyi olan Yunanıstan bu gün Avropa dövlətləri ilə mental problem yaşayırsa, bu, Azərbaycan üçün ciddi göstərici olmalıdır. Böyük Britaniya, Almaniya, Fransa ümumavropa məsələlərində razılığa gələ bilmirlər. Bütün bunlar Avropanın qüsurlarını üzə çıxarır. Azərbaycan kimi dövlətlərə münasibətdə isə Avropanı qüsursuz, ideal məkan kimi təqdim edirlər. Müasir Avropa Azərbaycan kimi dövlətlər üçün təhlükəli bataqlığa çevrilə bilər. O bataqlıqda gəzməyə çəkmə əldə etməliyik. Bu səbəbdən də Azərbaycan Avropa ilə münasibətlərinə müəyyən qədər məhdudiyyət qoymalıdır. Avropa bizim üçün iqtisadi-energetik bazardır: qazımızı satıb, pulumuzu qazanmalıyıq. Avropanın yeniləşməyə ehtiyacı olanda Azərbaycan kimi dövlətləri özləri axtarıb tapacaqlar".
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08