Nazir iri məmurlara savaş açdı
09:53 09-07-2015
CƏMİYYƏT
Nazir iri məmurlara savaş açdı
Oqtay Şirəliyev oliqarx klinikalarını çökdürür
"Unikal"ın bir müddət əvvəl yaydığı daha bir informasiya təsdiqini tapıb. Belə ki, qəzetimiz səhiyyə naziri Oqtay Şirəliyevin özəl klinikalara qarşı geniş təftiş dalğasına start verəcəyini və bir sıra qeyri-dövlət tibb müəssisəsini qapadacağını yazmışdı.
Dünən Şirəliyevin nazirliyindən "Unikal"ın yazdıqlarını təsdiqləyən açıqlama verilib. Açıqlamada bildirilir ki, Səhiyyə Nazirliyi özəl tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mütəmadi yoxlama tədbirləri həyata keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin vaxtında qarşısının alınması istiqamətində keçirilən yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində qanun pozuntuları aşkar olunub və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb.
Belə ki, 2015-ci ilin birinci yarım illiyində aparılmış yoxlamalar nəticəsində altı özəl tibb müəssisəsinin ("VİP Dental" MMC, "Loğman Klinikası" MMC, "İnvitro" MMC, "Starmed" MMC, "Faiq-96" Müəssisəsi, "Nihat Klinikası" MMC) fəaliyyəti (müəyyən olunmuş tarixədək) dayandırılıb.
Üç özəl tibb müəssisəsinə ("Zaman Tibb Mərkəzi" MMC, "Assmed" MMC, "Medservis" Özəl Tibb Mərkəzi) verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidmət tam çıxarılaraq yalnız poliklinik xidmət saxlanılmışdır.
Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 özəl tibb müəssisələri və tibbi xidmət göstərən fiziki şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 64.1-ci və 65-3.1-ci maddələrinə uyğun olaraq cərimə tətbiq edilib.
Əldə etdiyimiz məlumata görə, Şirəliyevin nazirliyinin özəl klinikalardakı yoxlamaları və bu yoxlamaların nəticələrinə uyğun olaraq sərt cəza tədbirləri görməsi qarşıdakı dövrdə də davam edəcək. Eyni zamanda Azərbaycanda əksər özəl klinikaların arxasında bəzi nüfuzlu məmurların dayandığını da unutmayaq. Belədə isə səhiyyə nazirinin həmin məmurlarla toqquşması qaçılmaz ola bilər.
Ancaq gələn bilgilər Oqtay Şirəliyevin hansı məmurun himayəsində olmasına baxmayaraq, istənilən özəl klinikanın fəaliyyətinə qanuni müdaxilə etməyə hazır olduğunu göstərir. Səhiyyə naziri arxasındakı oliqarxın kimliyinə, nüfuz dairəsinə və təsir imkanlarına əhəmiyyət vermədən fəaliyyətində ciddi nöqsanlar aşkarlanan özəl tibb müəssisələrini qapatmaqda israrlıdır.
Yuxarıda da vurğuladığımız kimi, bu, Oqtay Şirəliyevlə bəzi məmurlar arasında ciddi ixtilafların ortaya çıxmasına gətirib çıxaracaq. Amma özəl klinikalarla bağlı yaranmış xaotik durumu aradan qaldırmaq, onların talançı qiymət siyasətinə və özəl klinikalarda keyfiyyətli tibbi xidmət sarıdan hökm sürən biabırçı vəziyyətə son qoymaq baxımından səhiyyə nazirinin güzəştsiz və qətiyyətli addımlarını davam etdirməsi həm təqdirəlayiqdir, həm də zəruridir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24