Azərbaycanın efir məkanı niyə bu vəziyyətdədir?
09:55 09-07-2015
CƏMİYYƏT
Azərbaycanın efir məkanı niyə bu vəziyyətdədir?
Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. İclasda "Space Müstəqil Tele-radio Şirkəti" tərəfindən "Televiziya və radio yayımı haqqında" qanunun tələblərinin pozulması faktı müzakirə edilib. İclasda "Space Müstəqil Tele-radio Şirkəti" rəhbərinin proqram siyasətində dəyişikliklər etməsi, qanun pozuntusuna yol vermiş işçilər barəsində ciddi tədbirlər görməsi müsbət hal kimi qeyd edilib. "Space" televiziyasında 2015-ci il sentyabr ayından başlayaraq şou xarakterli verilişlərin həcminin azaldılacağı, maarifçilik, mədəni, intellektual xarakterli verilişlərə üstünlük veriləcəyi barədə kanal rəhbərinin vədi nəzərə alınıb.
Eyni zamanda, "Space" televiziyasında 30 iyun 2015-ci il tarixdə saat 14.30-da efirə gedən "Günaydın" verilişində proqrama verilmiş tələblərə əməl edilməməsi, 03 iyul 2015-ci il tarixdə saat 11.00-da efirə gedən "Əsl şou" verilişində ədəbsiz ifadələrdən istifadə edilməsi, eyni zamanda 11 may, 12 may, 13 may, 14 may, 15 may, 03 iyun, 08 iyun, 17 iyun, 22 iyun, 24 iyun, 30 iyun, 03 iyul, 05 iyul, 06 iyul 2015-ci il tarixlərdə reklamın yayımı ilə bağlı qanunvericiliyin tələblərinin ("Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 32, 35.4, 35.5, 35.7-ci maddələri) pozulmasına görə "Space Müstəqil Tele-radio Şirkəti"nə xəbərdarlıq elan edilib.
Ancaq təəssüf ki, bir müddət əvvəl, ATV, daha sonra "Space" televiziyasına xəbərdarlıq edildi. Görünən odur ki, telekanal rəhbərliyi bu xəbərdarlıqdan nəticə çıxara bilmirlər.
Məsələylə bağlı "Unikal"a açıqlama verən tanınmış tərcüməçi-yazar Nadir Qocabəyli deyib ki, televiziyadakı biabırçılıq əlahiddə bir şey deyil. Onun sözlərinə görə, bu biabırçılıq bütün ölkəni bürüyüb, əsas səbəb də ölkədəki korrupsiya, saxtakarlıq, ədalətsizlik mühitidir: "Telekanallardakı rüsvayçılıqlar da son günlər başlamayıb və kökü də elə mövcud mühitdən qaynaqlanır. Bütün ölkə biabırçı bir vəziyyətdə olduğundan, istər-istəməz televiziyada da bunun inikasını görürük. Əvvəla, gəlin görək o televiziyalarda kimlər işləyir? Əsasən, aşağı intellektli, qeyri-peşəkar, vicdanlı imtahanlardan, müsabiqələrdən keçirilməyən, kimlərinsə qohum-əqrəbası, aşnası olan dayaz və primitiv adamlar. Bir televiziyanın ki diktoru xəbəri qonşuyla dalaşdığı tonda oxuyur, o televiziyalardan bundan artıq nə gözləmək olar axı? Özü də o diktor xanımın 10 ildən çox stajı var, diplomatik akademiyada mühazirə-filan oxuyur. Buna deyən yoxdurmu ki, ay qız, sən diktorsan, sən tərəf deyilsən, sən siyasət müəyyənləşdirmirsən, rəy formalaşdırmırsan, sənə dünyada da baxanlar var. İkinci bir məsələ: televiziyaya dəvət olunan müğənnilər kimlərdir? Əksəriyyəti korrupsiya ilə özünə fantastik var-dövlət toplamış məmurlarla, onların övladlarıyla birbaşa və əxlaqsız münasibətlərdə olanlardır. Bəs qeyri-müğənnilər kimlərdir? Reket qəzetlərin redaktorları, yalançı-rüşvətxor alimlər, tamada səviyyəli şairlər, kimliyi müəmmalı ekspertlər və s. O adamların savadı, səviyyəsi, əxlaq meyarları nədir ki, nə də danışsınlar. Təbii olaraq, efirdə də toyxana-vayxana-çayxana söhbətləri edir, normal düşüncəli insanların haqlı narazılığına səbəb olurlar. Hazırda bizim televiziyalara əhalinin ən savadsız və mədəni cəhətdən ən geri qalmış təbəqəsi baxır. Mən 10 ilə yaxındır ki, bizim kanallara baxmıram, daha doğrusu, baxa bilmirəm. Söylədiyim fikirlərdə də, qohumlarımın evində, mağazadan nəsə alanda gördüyüm qısamüddətli epizodlara əsaslanıram. Bizim televiziyaların 10-15 saniyəlik epizodlarına baxmaq belə onlardan birdəfəlik imtina etməyə kifayət edir. Müəyyən narazılıqlardan sonra son zamanlar guya ki, müğənnilərlə yanaşı ziyalıları da verilişlərə dəvət etməyə başlayıblar. Amma elə adamlar tapıb çıxarırlar ki, mat qalırsan, səviyyəsi bayağı müğənnidən də aşağı. Yəni demək istəyirlər ki, çox "ziyalı-ziyalı" deyirdiniz, bu da sizin ziyalınız. Məncə, bu, düşünülmüş və xalqımızı məhv etməyə hesablanmış bir siyasətdir. Mən bu siyasəti müəyyənləşdirənlərin azərbaycanlı olduğuna şübhə edirəm. Bu siyasət çox güman ki, xaricdən körüklənir və özümüzdən olan savadsız işbazların, intellekti kasad zirək buyruq qullarının əliylə icra olunur".
Bakı Dövlət Universitetinin Jurnalistika Fakultəsinin professoru, tanınmış telejurnalist Qulu Məhərrəmli deyib ki, televiziya məkanında peşəkarlığın, peşəkar ölçülərin aşağı düşməsi belə bir vəziyyətin yaranmasına gətirib çıxarıb: "Yəni peşəkarlıq aşağı olanda, tələblər zəiflədikdə, televiziyalar öz məcrasından çıxır. Bizim 10-15 il bundan qabaqkı televiziya aparıcılarımıza baxın, istər xəbər aparıcıları olsun, istər lap şou-proqram aparıcıları olsun, onlar müəyyən tələblərə cavab verirdilər. Məsəl üçün, şou aparıcılarına bizdə yaxşı nümunələr var idi. İndi də onların bir qismi qalır. Amma bir qisim aparıcılar var ki, onların ümumi intellektual səviyyəsi, artistizmi, ünsiyyət qurmaq bacarığı arzuolunan səviyyədə deyil. Bunlar şou aparıcılarına aiddir".
Qulu Məhərrəmli baş verənlərdə aparıcını günahlandırıb. Onun sözlərinə görə, efirdə nalayiq ifadələrin səslənməsində əsasən aparıcını günahkar hesab edir: "Niyə aparıcı bu cür insanları efirə dəvət edir? Ümumiyyətlə, verilişdəki mövzunun məğzi məlum deyil. İkinci bir tərəfdən, videolardan da görünür ki, bu cür qeyri-etik dialoqlar gedir, amma aparıcı nədənsə məsələyə müdaxilə etmək istəmir. Sanki burda çox dəyərli dialoq gedir və bu dialoqu pozmaq istəmir. Söhbətin getdikcə dramatikləşdiyini görən rejissor məsələyə müdaxilə etməli idi. Lakin görünür ki, rejissor da hadisələrin axınına tabe olur. Digər tərəfdən, əlbəttə belə olaylarda televiziya rəhbərliyinin də günahı var. Bu barədə mətbuatda nə qədər yazılar getsə də, mütəxəsislər rəy bildirsələr də, hələlik problemin həllində heç bir irəliləyiş yoxdur. Bu məsələ cəmyyət üçün ciddi təhlükə yaradır. Hər televiziya öz aparıcılarını, qəhrəmanlarını yetişdirir. Görünür, bizim televiziya rəhbərləri bu cür aparıcılar yetişdirməkdə maraqlıdırlar".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24