ABŞ səfirliyinin "Azərbaycanda çevriliş hazırlamırıq" təkzibinin pərdəarxası...
11:12 10-07-2015
CƏMİYYƏT
ABŞ səfirliyinin "Azərbaycanda çevriliş hazırlamırıq" təkzibinin pərdəarxası...
Nə baş verir; ABŞ səfirliyi mətbuatın yazdıqlarını niyə tələsik yalanlamağa çalışdı?
Siyasi gündəmin o qədər də zəngin olmadığı yay günlərində ABŞ-ın ölkəmizdəki səfirliyinin "Azərbaycanda çevriliş hazırlamırıq" bəyanatı sakit səmada şimşək effekti yaratdı. Gözlənilməz olduğu qədər də anlaşılmaz olan həmin təkzib bəyanatının hansı zərurətdən yaranması haqda şübhələr və mövzu ətrafında müzakirələr isə davam etməkdədir.
Doğrudan da ABŞ səfirliyinin belə bir bəyanatla çıxış etməsini necə başa düşmək olar? Yerli mətbuatın ehtimallara əsaslanan yazılarına rəsmi şəkildə təkzib verilməsi hər halda nələrdənsə xəbər verir. Baş verən olayın təhlilinə keçməzdən öncə isə ABŞ səfirliyinin sözügedən bəyanatı ilə tanış olaq:
"ABŞ-ın səfirliyi Azərbaycanda çevriliş hazırlamır. Səfirlik ölkədə nə hansısa partiyanı təlimatlandırır, nə də partiyaları maliyyələşdirir. Bu barədə olan istənilən şaiyələr ABŞ-ın Azərbaycanın sabitliyinə, firavanlığına və müstəqilliyinə illər boyu verdiyi mühüm dəstəyə və əməkdaşlığa qarşı ədalətsizlikdir". Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "ABŞ səfirliyinin bəyanatı media şayiələrini ifşa edir" başlıqlı bəyanatında deyilir.
Xatırladaq ki, son zamanlar bir sıra iqtidaryönümlü medialar ABŞ səfirinin müxalifət liderləri ilə görüşlərində dövlət çevrilişi, müxalifətin maliyyələşdirilməsi və təlimatlandırılması ilə bağlı söhbətlər aparması barədə məlumatlar dərc edib.
Səfirliyin bəyanatında isə deyilir ki, səfir Sekuta Yeni Azərbaycan Partiyası, Xalq Cəbhəsi və Müsavat partiyaları da daxil olmaqla, müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşərək onların fikirlərini dinləyib. Sözügedən görüşlər səfirin Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq niyyətinin bir hissəsidir və bu görüşlər barədə məlumat ictimayyətə öncədən çatdırılıb. Səfir həmçinin Azərbaycan hökumətinin yüksək rütbəli təmçilçilərilə də görüşlər keçirir.
Səfirliyin baş verənlərlə bağlı mövqeyi öz yerində. Unutmayaq ki, siyasətdə reallıqlar bir qayda olaraq dilə gətirilmir, açıqlamalar isə həqiqəti üzə çıxartmaqdan daha çox onu pərdələməyə hesablanır. Elə bu baxımdan da ABŞ səfirliyinin mövqeyinin səmimiliyi kifayət qədər şübhələr yaradır. Ən azından ona görə ki, yerli mətbuatda istər ABŞ-ın, istərsə də digər Qərb dövlətlərinin Azərbaycanda çevriliş hazırlaya biləcəyinə dair çoxsaylı məqalələr dərc olunub. Amma indikindən fərqli olaraq heç bir dövlətin səfirliyi yazılanlarla bağlı xüsusi açıqlamayla çıxış etməyə ehtiyac duymayıb. Belədə cavablandırılması vacib olan sual yaranır: Bəs, ABŞ səfirliyini təkzib bəyanatı yaymağa nə vadar etdi?
Təbii ki, bununla bağlı müxtəlif ehtimallar irəli sürmək olar. Mümkündür ki, ABŞ səfirinin radikal müxalifət liderləri ilə məxfi görüşlərində doğurdan da hakimiyyət dəyişikliyinin perspektivləri, çevriliş planları və s. müzakirə olunub və bu söhbətlər Azərbaycanın müvafiq qurumları tərəfindən deşifrə olunub. İndi ABŞ səfirliyinin "biz çevriliş hazırlamırıq, sadəcə müxalifətlə görüşlər keçiririk" açıqlaması da özünüqoruma gedişidir. Hər halda dünya hegemonu olan ABŞ belə bir xüsusi bəyanatla çıxış edirsə, deməli aysberqin görünməyən tərəfləri də var və hər şey heç də məlum bəyanatda iddia olunduğu kimi deyil.
Orxan
Digər Xəbərlər
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 11:29:13