"Ermənistanın ikibaşlı oyunlarının sonu gəlir"
10:53 23-07-2015
CƏMİYYƏT
Mübariz Əhmədoğlu: "Azərbaycanın işğal altında olan 7 rayonu Azərbaycana qaytarılır, amma Dağlıq Qarabağın özünün statusunun müəyyən olunması isə müəyyən müddətə təxirə salınır"
"Son 200 ildə erməniliyin bütün tarixi antirusiya elementlərlə zəngindir. Amma ermənilər Rusiyanın daxilində özlərinə inamı artırdıqca onların antirus əməlləri daha təsirli, daha da güclü olub. Vaxtilə Rusiya səfirinin öldürülməsi ilə bağlı başlanan erməni antirusiyaçılığı rusların ermənilərə olan inamını maksimal dərəcəsində nəhayət, SSRİ boyda imperiyanın dağılması ilə nəticələndi. Amma bu rusların ermənilərə qarşı münasibətini zərrə qədər də dəyişmədi".
"Unikal" xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib.
M.Əhmədoğlu qeyd edib ki, Rusiyada ermənilərə qarşı olan inam Rusiyanın indi də ən böyük problemidir: "Qərb dairələri ermənilərin Rusiyanın daxilindəki rolundan uğurla istifadə edərək Rusiyaya qarşı siyasət aparırlar. Ermənistanda fəaliyyət göstərən Rusiya şirkətlərinə qarşı uzun müddətli təzyiqlər indi də bu siyasətin davam etdirildiyini deməyə əsas yaradır. Amma ermənilər antirusiyaçılıq üçün ən azı formal da olsa bir bəhanə göstərə bilirlər. Bu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir. Ermənilər rusları Dağlıq Qarabağ məsələsində daha çox aldada bildikləri üçün onların antirus təxribatı da rus xalqına qarşı bir o qədər dərindən irəliləyə bilir. Dağlıq Qarabağ məsələsinin həll olunmamasından istifadə edərək ermənilər gah Rusiya tərəf, gah da Qərbə tərəf meyllənirlər. İkibaşlı oyun aparırlar. Həm Qərbi, həm də Rusiyanı əldə saxlamaq istəyirlər".
Politoloq bildirib ki, indi artıq çox təhlükəli dövrdür, Ermənistanın apardığı siyasət Rusiya üçün ciddi fəsad yarada bilər: "Ona görə Rusiyanın Ermənistanın ikibaşlı siyasətini dayandırmasını tələb etməsi məntiqlidir. Bunun üçün şərait yetişib. Həm də artıq uzun müddət vətəndaşı olaraq Ermənistanın təbliğatını aparan Rusiyanın bəzi rəsmilərı, siyasətçiləri Ermənistanın iç üzünü tanıyıblar. Ermənistanda rus dilinə qarşı çox ciddi kampaniya aparılarkən həmin ekspertlər, tanınmış şəxslər hətta Ermənistanın mövqeyini müdafiə etdilər. Rus dövlətinin mövqeyini, rus dilini müdafiə etmədilər. İndi o ekspertlərin bir qrupu Ermənistandakı son nümayişlər fonunda Ermənistana dəstək fəaliyyətini zəiflədir, bir qrupu isə Rusiya hökumətinə Ermənistanda baş verənlərə diqqətli olmağı tövsiyə edir. Belə bir fonda rəsmi Moskva istəsə, Ermənistanın ikibaşlı oyunlarını dayandıra bilər".
Mərkəz rəhbəri hesab edir ki, Ermənistanın ikibaşlı oyunlarını dayandırmasının ən real əlaməti Mehri dəmir yolunun fəaliyyətə başlamasıdır: "Mehri dəmir yolunun fəaliyyətə başlaması ilə Ermənistan Sovet İttifaqı dövründə olduğu kimi, Azərbaycan ərazisi vasitəsilə Rusiyaya bağlanacaq. Bu dəmir yolu həm Ermənistana ucuz yük daşımalarını təmin edəcək, həm də təhlükəsizlik təminatı yüksək səviyyədə olacaq. Mehri dəmir yolunun fəaliyyətə başlaması Rusiyanın Cənubi Qafqazda kommunikasiya imkanlarını xeyli gücləndirəcək. İndi kommunikasiya imkanları əlavə geosiyasi resurs deməkdir. Bunu, demək olar ki, artıq hamı başa düşür. Məhz Qərbin göstərişi ilə Ermənistan Mehri dəmir yolunun açılmasına imkan vermir. Çünki Rusiyanın Cənubi Qafqaza əlavə kommunikasiya imkanı onu Qafqaz ətrafı digər regionlarda da imkanlarını gücləndirə biləcək. Mehri dəmir yolunu fəaliyyətə başlaması Ermənistanın AİB üzvlüyünü daha təminatlı edəcək".
M.Əhmədoğlu sonra əlavə edib ki, Mehri dəmir yolunun açılması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə xeyli aydınlıq gətirəcək: "Azərbaycanın işğal altında olan 7 rayonu Azərbaycana qaytarılır, amma Dağlıq Qarabağın özünün statusunun müəyyən olunması isə müəyyən müddətə təxirə salınır. Bu mərhələli həll deməkdir. Ermənilərin Rusiyaya qarşı fəaliyyətləri əgər həqiqətən Dağlıq Qarabağ məsələsindən ötrüdürsə, indi hal-hazırda Dağlıq Qarabağın statusu həll olunmur. Amma eyni zamanda, Rusiyanın isə Cənubi Qafqazda imkanları xeyli genişlənir. Ona görə Mehri dəmir yolunun fəaliyyətə başlamasını Ermənistanın ikibaşlı oyunlarının sonu kimi başa düşmək daha düzgündür. 7 rayonun işğaldan azad olunmasının müqabilində Azərbaycanın Mehri dəmir yolunun funksiyalaşmasına şərait yaradacağı şəksizdir. Çünki Azərbaycan regionda kommunikasiyaların inkişafında, şaxələnməsində marağı olan dövlətdir".
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46