Rusiyadan Qarabağda müharibə təhlükəsinə sərt cavab gəldi
09:19 11-08-2015
CƏMİYYƏT
Rusiyadan Qarabağda müharibə təhlükəsinə sərt cavab gəldi
Azərbaycan müdafiə nazirinin müharibə xəbərdarlığı
Ermənistanda səssiz, Moskvada isə hay-küylə qarşılandı
Azərbaycan müdafiə naziri Zakir Həsənovun ötən həftənin sonunda ön xətdəki bölmələrin döyüşə hazırlıq vəziyyətini yoxlamaq üçün keçirdiyi sonuncu təftiş zamanı verdiyi bəyanatlar Ermənistanda deyil, Rusiyada əks-səda doğurub. Bu fakt işğalçı Ermənistanın arxasında rusiya faktorunun dayanmasının növbəti təsdiqi olmaqla yanaşı, həm də qarşı tərəfin Azərbaycanın müharibəyə başlaya biləcəyindən nə qədər əndişə keçirməsinin göstəricisidir.
Belə ki, Azərbaycan müdafiə nazirinin ordunun işğal altındakı torpaqları qaytarmağa hazır olduğu və vaxtın gəlib çatdığı barədə bəyanatına "Kommersant" qəzeti və "Kommersant FM" radiostansiyası xüsusi reportaj həsr edib. Orada general Həsənovun xəbərdarlığına Rusiya ekspertlərinin şərhlərinə yer verilir. "Unikal" qəzeti mövzunun aktuallığını nəzərə alaraq Rusiya mətbuatında yer almış açıqlamaları oxucularının diqqətinə təqdim edir.
Moskva Dövlət Universitetinin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev deyir ki, Bakının doğrudan da güc yolu ilə ərazilərini geri qaytarmağa imkanı var. Lakin müdafiə nazirinin bəyanatı təhdid yox, xəbərdarlıqdır. Xüsusən də Azərbaycanın münaqişəni dinc yolla həll etməyə çalışdığı nəzərə alınarsa.
"Bu gün Azərbaycan xalqı bu məsələni hərbi yolla həll etməyə qadirdir, ancaq münaqişənin dinc yolla həlli imkanları tükənməyib. Azərbaycan hələ 3-4 il əvvəl bu əraziləri hərbi yolla qaytarmağa hazır idi" - ekspert deyib.
"Polit.ru" portalının elmi redaktoru Boris Dolqin də hesab edir ki, rəsmi Bakı daha çox sülh variantına üstünlük verir. Eyni zamanda ictimai rəyi həmişə müharibə variantına hazırlayır ki, dövlət siyasətinin vektoru birdən dəyişsə xalq buna hazır olsun.
"Ermənistana baxanda Azərbaycanın hərbi təmaslar, hərbi yardım, təlim, silahların alınması məsələsində vəziyyəti sadədir. Yeri gəlmişkən, Ermənistan ərazisində Rusiya hərbi bazası yerləşir ki, bu da Azərbaycanı güclü şəkildə əsəbiləşdirir" - deyə B.Dolqin bildirib.
MDB ölkələr İnstitutunun Qafqaz şöbəsinin rəhbəri Vladimir Yevseyevin qənaətinə görə isə erməni ordusu quruda Azərbaycan ordusundan geri qalmır. Ancaq Azərbaycan aviasiyada üstünlüyə malikdir.
"Azərbaycan aviasiyası nəinki Qarabağda, eləcə də Ermənistanda yerləşən obyektlərə zərbələr endirməyə tamamilə qadirdir. Və əgər Azərbaycan təyyarələrinin bombaları Ermənistana düşməyə başlasa, bu, Qarabağ münaqişəsindən daha ciddi müharibə olacaq"- Yevseyev deyir.
Ekspertin qənaətinə görə, Qarabağda blitskriq mümkün deyil, hərbi əməliyyatlar başlasa, üzücü xarakter alacaq. Ən böyük problem isə hərbi əməliyyatların Ermənistan ərazisinə keçməsi olacaq.
Yevseyev hesab edir ki, Rusiya Dağlıq Qarabağ barədə hər hansı öhdəliyə malik deyil, ancaq Ermənistanı qorumaq öhdəliyinə malikdir. Nəticədə hərbi əməliyyatlar Ermənistan ərazisinə keçsə, Rusiya Gümrü bazası da daxil olmaqla öz hərbi qüvvələrindən istifadə edəcək.
Göründüyü kimi Azərbaycan müdafiə nazirinin müharibə bəyanatına Ermənistanın susqunluğu fonunda Rusiyadan narahatlıq ifadə edən reaksiyalar gəlməsi bir çox mətləblərə işıq salır.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:17:26