Növbəti iqtidar-müxalifət görüşündə parlament seçkiləri müzakirə olunacaq

Növbəti iqtidar-müxalifət görüşündə parlament seçkiləri müzakirə olunacaq

Azərbaycanın bir sıra müxalifət partiyası ilə iqtidar arasında axırıncı görüş may ayının 15-də baş tutmuşdu. Hakimiyyətlə müxalifət arasında növbəti görüşün keçiriləcəyi gözlənilir. Bəs, nəzərdə tutulan görüşdə hansı məsələlər gündəmə gələ bilər?
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib ki, növbəti iqtidar-müxalifət görüşü gecikir: "Bu görüşün nə zaman keçiriləcəyi, görüşdə nə kimi yeniliklərin gözləndiyi, hansı problemlərin müzakirə ediləcəyi və digər məsələlərin müsbət cavabı iqtidardadır. Onlar görüşü nə zaman planlaşdırsalar, o vaxt da baş tutacaq. Görünən budur ki, görüşün vaxtı ötüb".
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, bu görüşün təşəbbüsünü könüllü şəkildə hökumətə veriblər: "İqtidar-müxalifət görüşünün zamanını və vaxtını gərək Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müəyyən etsin. Nə zaman görüşlə bağlı qərar qəbul edilərsə, o zaman da iştirak edəcəyik. Şəxsən bizim təşəbbüsümüz olsaydı, siyasi dialoqun keçiriləcəyi zamanı çoxdan müəyyən edərdik.
İqtidar-müxalifət görüşündə hansı məsələnin müzakirə ediləcəyinə gəldikdə isə düşünürəm ki, hazırda ölkənin ən aktual məsələsi parlament seçkiləridir. Görüşdə də bu məsələ geniş şəkildə müzakirə ediləcək".
2014-cü il dekabrın 13-də başlayan iqtidar-müxalifət görüşü 2015-ci il fevralın 12-də də keçirilib. Axırıncı görüş isə may ayının 15-də olub. Hər üç görüşdə iqtidarı Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təmsil edib.
Vüsalə