Əli Əhmədov YAP-ın parlament  seçkilərində qələbəsi anonsunu verdi

Əli Əhmədov YAP-ın parlament
seçkilərində qələbəsi anonsunu verdi

Müşavirədə çıxış edən YAP-ın Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov noyabrın 1-də ölkəmizdə Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıb.
Əli Əhmədovun sözlərinə görə, YAP-ın bütün yerli strukturları və fəalları hazırlıq prosesinə fəal cəlb olunmuşdur. Qeyd edilib ki, artıq bütün rayon və şəhər təşkilatlarında YAP-ın Mərkəzi Seçki Qərargahının şöbələri yaradılıb. Burada partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər.
Əli Əhmədov vurğulayıb ki, YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların, nəhəng quruculuq işlərinin uğurlu nəticələri, yekunda isə Azərbaycan vətəndaşının günü-gündən yüksələn sosial durumu, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın dinamik inkişafı, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması və s. partiyamızın qələbəsini şərtləndirən əsas amillərdəndir.
Müşavirədə həmçinin YAP-ın Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov və Şəki şəhər təşkilatının sədri Həsən Həsənov çıxış edərək seçki qərargahlarının iş prinsipi, görülmüş işlər, Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyyələrinin icrası vəziyyəti haqqında ətraflı məlumat veriblər.
Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov müşavirədə çıxış edib.
Fuad