Deputatın şirkətindəki mənimsəmə ilə bağlı yeni gəlişmə
11:36 20-08-2015
CƏMİYYƏT
Deputatın şirkətindəki mənimsəmə ilə bağlı yeni gəlişmə
Əsabil Qasımovun tutdurduğu işçisinə 12 il həbs cəzası verildi
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Rövşən Hacızadənin və Qərib Əmiraslanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eldar İsmayılov sədrlik edib. Prosesdə hökm oxunub.
Hökmə görə, R.Hacızadə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Qərib Məmmədovun barəsində 8 il şərti cəza təyin edib.
İttihama görə, "Karat" MTK-nın icraçı direktoru Rövşən Hacızadə tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Onlar MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər.
Rövşən Hacızadə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313 (vəzifə saxtakarlığı), Qərib Əmiraslanov isə 178.3.2-ci maddəsi ilə ittiham olunub.
Təqsirləndirilən şəxs qismində dindirilən R.Hacızadə ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, ittiham üzrə bütün qanunsuzluqlar "Karat" MTK-nın faktiki sahibi, deputat Əsabil Qasımovun yaxın qohumları olan Taleh Qasımov, Umud Umudov, Qərib Əmiraslanov və İntiqam Umudov tərəfindən törədilib. Mənzil və avtomobil yerlərinin satılması barədə sənədlər Əsabil Qasımovun təhriki ilə yazılıb: "Mən "Karat" MTK-da heç bir vəzifədə işləməmişəm, heç bir səlahiyyətim olmayıb, heç kimin pulunu ələ keçirmək üçün mənzil və ya avtodayanacaq yerləri satmamışam. "Karat" MTK-da heç bir vəzifəm olmadığından vəzifə saxtakarlığı törətməmişəm. Əsabil Qasımov və onun yaxın ətrafı öz saxtakarlıqlarını gizlətmək məqsədilə mənə şər-böhtan atır".
İstintaq materiallarına istinad etsək görərik ki, Q.Əmiraslanov əslən Ağdam rayonundan olan Yusif Əfsəriyə qumarda külli miqdarda pul uduzduğunu, ona qalan 205000 manat borcun əvəzinə "Karat" MTK-dan mənzil vermək barədə razılaşdığını göstərib. O, R.Hacızadədən xahiş edib ki, X.Şuşinski küçəsi, 12 saylı binadakı 4 otaqlı mənzili Y.Əfsərinin qardaşı oğlunun adına sənədləşdirilməkdə köməklik etsin. Bunun müqabilində Y.Əfsəridən pul almayıb.
Bundan başqa 2012-ci ilin fevral ayında 205000 manata satdığı mənzilin pulunu öz şəxsi ehtiyaclarına xərclədiyini göstərib. R.Hacızadə də onun xahişi ilə mənzilin C.Rzayevin həyat yoldaşının adına sənədləşdirilməsi barədə sənədləri tərtib edərək ona verib.
R.Hacızadənin vəkili Ceyhun Yusifov virtualaz.org saytına bildirib ki, müdafiə etdiyi şəxs son sözündə bir dəstə qumarbazın əlində alətə çevrildiyini deyib: "Rövşən son sözündə dedi ki, mən bu canımı torpaqların müdafiəsində qoyanda bu gün məni həbsə atdıran Əsabil Qasımov və onun yaxın ətrafının nə işlə məşğul olduğu hamıya bəllidir. Bu iş Əsabil Qasımovun sifarişi ilə həyata keçirilir. Əgər işə ədalətli baxılsaydı, mən yox, mənimlə yanaşı Əsabil Qasımov, Taleh Qasımov, Umud Umudov İntiqam Umudov burda oturmalı idilər. Əsabil Qasımov özü milyonlarla manatlıq vergidən yayınır. Onun 100-dən çox şirkətinin fəaliyyəti ümumiyyətlə heç kimə bəlli deyil. Araşdırılmalıdır ki, Marneulidəki dəyirman həmin unu hansı istiqamətə göndərir".
Vəkil müdafiə etdiyi şəxsin bu cinayətlə ümumiyyətlə əlaqəsi olmadığını deyib: "Nə istintaq zamanı, nə də ki, məhkəmədə Rövşən Hacızadə ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. Rövşən qəti şəkildə bu işin qurama, özünün isə qurbanlıq olduğunu bildirdi. Rövşən Hacızadə məhkəməyə bu iş üzrə "zərərçəkən"in Əsabil Qasımov olduğunu və istintaqa zərərçəkən kimi təqdim olunanların hamısının onun öz adamları olduğunu dedi".
İnarə Rafiqqızı
Digər Xəbərlər
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42