Milli Məclis üzvlərinin sayı artırılsın?
10:27 25-08-2015
CƏMİYYƏT
Milli Məclis üzvlərinin sayı artırılsın?
Ekspertlər deputat sayının 125-dən 175-ə qədər artırılmasını doğru sayır
Tanınmış təhsil eksperti, əməkdar elm xadimi, fizika - riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov ötən günkü açıqlamasında riyazi hesablama ilə Azərbaycan parlamentində neçə deputatın təmsilçiliyinin doğru olması barədə cəmiyyətdəki polemikalara münasibət bildirib:
"Deputatların sayı neçə olmalıdır? Bu sual cəmiyyətdə tez - tez səslənir və müzakirələrə səbəb olur. Bu sualı mənə də verənlər olub. Mövzunun günümüzün fəlsəfəsinə birbaşa dəxili var. Sağlam düşüncə baxımından Parlament xalqın hakimiyyətdə təmsilçiliyidir. Hökumətin xərclədiyi büdcə əsasən xalqdan yığılan vergilər hesabına təşkil olunur. Ona görə bu büdcənin il ərzində xərclənməsinə xalq parlamentə göndərdiyi təmsilçiləri ilə nəzarət edir. Digər tərəfdən, deputat korpusu dövlətin inkişafını, xalqın xoş güzəranını təmin edən qanunlar qəbul etməlidir. Bu qanunların qayəsində dövləti mənafe şəxsi mənafelərdən üstün tutulmalı və elmi olmalıdır.
Məlumdur ki, insanlar anadan doğulanda bəzilərində özünə məhəbbət güclü, bəzilərində isə zəif olur. Başqa sözlə, bəzi insanlar anadan eqoist, bəziləri isə altruist doğulur. Aydındır ki, siyasətçilər, ictimai təşkilatların nümayəndələri, alimlər, ziyalılar, yaradıcı insanlar, sənayeçilər daha çox altruist olurlar. Biznesmenlər, tacirlər, bankirlər, hotel və restoran sahibləri və bunun kimiləri az altruist olurlar. Bu iki qrup insanların psixologiyaları bir - birindən çox fərqlidir. Eqoistlərlə müqayisədə altruistlər daha çox ümumi mənafe daşıyıcılarıdır. Deputat korpusu ümumi mənafe daşıyıcılarından formalaşsa, dövlət və millət üçün daha çox xeyirli olar.
Almaniya kansleri fon Bismarkın dəyərli bir fikrində deyilir: "yaxşı məmurlarla və pis qanunlarla dövləti idarə etmək daha yaxşıdır, nəinki yaxşı qanunlarla pis məmurlarla". Şübhəm yoxdur ki, Bismark yaxşı məmur deyəndə dövlət mənafeyini, pis məmur deyəndə şəxsi mənafeni üstün tutanları nəzərdə tutub. Bismark bu qənaətə ona görə gəlib ki, adətən dövlət quruculuğunun ilk illərində qanunlar ya olmur, ya da zəif olur. Məmurlar isə dövləti mənafeni yüksək tutanlar olur. Dövlət qurulub yaşa çatdıqda şəxsi mənafe daşıyıcıları yavaş-yavaş dövlət strukturlarında yerləşirlər. Bunun da sonu heç zaman yaxşı olmur. Misal olaraq SSRİ - nin yaranması və dağılması zamanı mövcud olan məmurlara və qanunlara nəzər salıb, V. Lenini S. Qorbaçovla müqayisə etmək olar. Qorbaçov dövründə bir moskvalını gətirib Bərdədən deputat seçdirirdilər. Dövlətin taleyini düşünən hər kəs bu sovet ənənəsindən imtina etməlidir.
Qayıdaq deputatların sayına. Deputatların sayı elə olmalıdır ki, dövlət qarşısında duran problemləri uğurla həll edə bilsin. Azərbaycan üçün bu say neçə olmalıdır? 125, yoxsa 175? Bu sayın ölkə əhalisi ilə əlaqəsi varmı? Bu suallara cavab vermək üçün nəyi meyar götürmək lazımdır?
Əvvəla, onu qeyd edim ki, bu say cəmiyyətin yetkinlik dərəcəsindən asılıdır və cəmiyyətin yetkinlik dərəcəsi artdıqca, az ola bilər. Əgər beynəlxalq təcrübəyə əsaslanaraq meyar olaraq 50 000 nəfərə bir deputat yeri götürsək, onda deputat korpusumuz 180 nəfərdən təşkil olunar, yox əgər 60 000 əhaliyə bir deputat seçilsə bu rəqəm 150 olar .
50 min, ya 60 min əhalini təmsil edə bilən, bu qədər əhalini öz ardınca apara bilən, bu qədər insanın güvəndiyi, etibar etdiyi nə qədər ictimai mənafe daşıyanlarımız var?
Bu suala cavab vermək üçün BMT istifadə etdiyi İnsan Potensialının İnkişaf İndeksinə diqqət yetirək. Bu indeksin qiyməti bizim ölkə üçün xeyli yaxşı olub 0,75 - dən yuxarıdır. Bu o deməkdir ki, ölkəmizdə hər yüz nəfərdən 75-i ümumi mənafe, 25-i isə şəxsi mənafe daşıyıcısıdır. Bu isə o deməkdir ki, deputat olmağa layiqli namizədlərimiz lazım olandan qat - qat çoxdur. Bu şərtlə ki, deputatlar 25 - lərin içərisindən yox, 75 – lərin içərisindən seçilsin.
Qadın və kişi, gənc və qoca olmalarından asılı olmayaraq, o kəslər parlamentdə təmsil olunmalıdırlar, onlar dövlət mənafeyini şəxsi mənafedən üstün tuturlar. Bunu deputatlığa namizəd üçün zəruri şərt saymaq olar".
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15