Nazim İbrahimovun "diaspor iflası"
10:29 25-08-2015
CƏMİYYƏT
Nazim İbrahimovun "diaspor iflası"
Komitə sədri yenidən "topun ağzında"
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tutduğu postdan uzaqlaşdırılır. Bu barədə "Unikal"a etibarlı qaynaqlardan məlum olub.
Qaynaqlarımızın bildirdiyinə görə, hökumət daxilində Nazim İbrahimovun fəaliyyətindən narazılıqlar ən yüksək həddə çatıb. Komitə sədrinə qarşı ciddi siyasi etimadsızlıq var və elə bu səbəbdən də onun "vurulması" getdikcə qətiləşməkdədir: "Hələ bir neçə il öncə o vaxt İbrahimovun qardaşının rəhbərlik etdiyi ATV telekanalındakı bir veriliş səbəbi ilə komitə sədrinin başı bərk ağrımışdı. Kifayət qədər geniş rezonans doğuran qalmaqallı proses sonda adıçəkilən telekanalın Nazim İbrahimovun əlindən alınması ilə nəticələnmişdi. O vaxt Nazim İbrahimovun daha kəskin formada cəzalandırılması belə gündəmə gəlmişdi. Amma komitə sədri vəziyyətdən çıxa bildi".
Ötən il isə İbrahimovun adı daha bir skandalda hallanırdı: "Söhbət Nazim İbrahimovun qardaşı Sahib İbrahimov və şəriki arasında yaranan münaqişədən gedir. O vaxt N.İbrahimovun qaynı Məzahir Cəfərovun həbs edildiyi, qardaşı S.İbrahimovun isə hüquq-mühafizə orqanları tərəfindən saxlandığı bildirilirdi. Məlumatlarda S.İbrahimovun "Galaxy Palace" tikinti şirkətində xeyli miqdarda yeyintinin aşkarlandığı, eyni mənzili bir neçə nəfərə satmaqda təqsirləndiyi deyilirdi. Məlumata görə, söhbət nə az, nə çox, 8 milyon manatlıq yeyintidən gedirmiş. S. İbrahimov sudan "quru" çıxsa da, komitə sədrinin qaynı həbsdə qalıb. Baxmayaraq ki, Nazim İbrahimov bu yaxınlarda adıçəkilən şirkətin sahibi olmadığını demişdi, lakin şirkət qardaşının adınadır və qaynı da onunla birgə işləyirdi".
Bir neçə il əvvəldən başlayan və uzun müddət davam edən sözügedən skandal məhkəmə müstəvisində həll olunsa da, əslində ədalət orqanının qərarı komitə sədrinin məğlubiyyəti kimi dəyərləndirilirdi. Yəni o vaxt N. İbrahimov qaynını həbsdən qurtara bilməmişdi. Elə bu da onun hökumət daxilindəki mövqelərinin sürətlə zəiflədiyinin ilkin siqnallarından biri kimi dəyərləndirilmişdi.
Belə düşünənlər haqsız deyillərmiş. Bir tərəfdən Nazim İbrahimovun adının davamlı şəkildə özü və yaxınları ilə bağlı ciddi ictimai səs-küy yaradan qalmaqallarda hallanması, digər tərəfdən isə Azərbaycan diasporasının güclənməsi, ölkədən kənarda daha mütəşşəkil və aktiv fəaliyyəti ilə bağlı çoxsaylı problemlərin qalması Diasporla İş üzrə Dövlət Komitəsinin hazırki sədrinin əvəzlənməsini zəruri edir. "Artıq İbrahimova əvvəlki siyasi etimad yoxdur. Onun görəvindən uzaqlaşdırılması və Azərbaycanın ciddi ehtiyac duyduğu diaspora sahəsində yeni mərhələnin başlanması indi hökumətin aparıcı dairələrinin ortaq qənaətidir. Elə buna görə də Nazim İbrahimovun yaxın vaxtlarda vəzifəsindən kənarlaşdırılacağına dair iddialar daha intensiv və daha yüksək səslə dilə gətirilir" deyə qaynaqlarımız bildirirlər.
Onu da deyək ki, N. İbrahimov ilk dəfə 2002-ci ilin iyul ayında Azərbaycan Respublikası Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. Daha sonra bu komitənin adı dəyişdirilmiş və 2008-ci il noyabr ayının 19-da ölkə başçısının sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunmuşdur.
Artıq 13 ildir eyni postu tutan N. İbrahimovun dövründə Azərbaycan diasporasının çevik və mütəşəkkil fəaliyyəti ilə bağlı ölkə rəhbərliyinin ciddi səyləri və tapşırıqları olsa da, bu istiqamətdə çoxlu problemlər qalmaqdadır. Həmin problemlərə görə mətbuat və ictimai rəy şübhəsiz ki, adıçəkilən komitə sədrini məsul hesab edir.
Eyni zamanda hesab olunur ki, sözügedən qurumun rəhbərliyinə daha təmiz imicə malik, adı çoxsaylı qalmaqallara qarışmamış şəxsin gətirilməsi arzuediləndir. Hesab olunur ki, bu, Diasporla İş üzrə Dövlət Komitəsinin isə nüfuzunun artmasına, nəticədə onun xaricdəki Azərbaycan diasporu üzərində təsir imkanlarının güclənməsinə, eyni zamanda, ölkədən kənarda fəaliyyət göstərən diaspora qurumlarının daha həvəs və maraqla öz fəaliyyətlərini sintez etməsinə gətirib çıxarardı.
Bir sözlə, məşhur məsəli azca dəyişsək, artıq bütün yollar Nazim İbrahimovun əvəzlənməsinə aparır. Bunun konkret nə vaxt reallaşacağını isə zaman göstərəcək. Odur ki, gözləyək.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22