Mingəçevir Polis Şöbəsindəki ölümə görə həbs
10:31 25-08-2015
CƏMİYYƏT
Mingəçevir Polis Şöbəsindəki ölümə görə həbs
Polis baş leytenantına iki maddə üzrə cinayət işi açıldı
Mingəçevir şəhər Polis Şöbəsində baş vermiş ölüm hadisəsi ilə bağlı bir polis əməkdaşı həbs edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Mingəçevir şəhər Polis Şöbəsinin sabiq əməliyyat müvəkkili, polis baş-leytenantı Şahlar Şahlarzadə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, DİN-in məlumatına əsasən avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinərək Mingəçevir Polis Şöbəsinə gətirilmiş şəhər sakini Bəhruz Hacıyev inzibati binadakı xidməti otaqlardan birində əməkdaş tərəfindən dindirilərkən qəfildən özünü pəncərədən atıb: "Mərhumun yaxın qohumlarının da iştirakı ilə məhkəmə tibb eksperti tərəfindən müayinə olunan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkarlanmayıb. Hazırda faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və istintaqın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Bununla belə, avqustun 22-də dəfn mərasimindən sonra bir qrup sakin ictimai asayişi kobud şəkildə pozaraq polisin qanuni tələblərinə tabe olmadan xuliqanlıq hərəkətlərinə yol verib və şəhərin mərkəzi hissəsində yürüş keçirməyə cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları tərəfindən qanunsuz hərəkətlərin qarşısı alınarkən 4 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Şəhər Polis Şöbəsinin bir avtomobili isə yarasız hala salınıb. İctimai asayişi pozan 21 nəfər saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbir görülməsi üçün toplanmış materiallarla birlikdə məhkəməyə göndərilib. Baş vermiş bədbəxt hadisədən təəssüfləndiyimizi bildirir və mərhum Bəhruz Hacıyevin valideynlərinə başsağlığı veririk. Eyni zamanda, diqqətə çatdırırıq ki, bu hadisədən sui-istifadə edən destruktiv elementlərin təhriki ilə şəhərdə ictimai qaydanı və sabitliyi pozmağa cəhdlərin qarşısı qətiyyətlə alınacaq, təqsirkar şəxslər barədə qanunvericiliyə uyğun tədbir görüləcək".
Xatırladaq ki, bu il avqustun 22-də axşam saatlarında küçədə gedərkən polis tərəfindən saxlanılaraq şöbəyə aparılan, şəhərin Günəş küçəsi, ev 25-də yaşayan 1988-ci il təvəllüdlü Bəhruz Dilsuz oğlu Hacıyevin 25-30 dəqiqə sonra ölüm xəbəri gəlib.
Mərhumun valideynləri övladlarının polis tərəfindən işgəncələrə məruz qaldığını, bədənində "dubinka" və elektroşok izlərinin olduğunu əsas gətirərək, döyülüb öldürüldüyü qənaətindədirlər.
Baş verən dəhşətli hadisə Mingəçevirdə ciddi etirazlara səbəb olub. Ölüm baş verən günü gecə saatlarında mərhumun yaxınları, xeyli sayda Mingəçevir kəndi adlanan ərazinin sakini şəhər polis şöbəsinin qarşısına toplaşıblar. Daha sonra narazı insanlarla polislər arasında insident yaşanıb. Baş verənlərdən hiddətlənən kütlə şöbə istiqamətində hərəkətə keçməyə cəhd göstərsə də qısa qarşıdurmadan sonra ara sakitləşdilrilib.
Elə həmin gün gecə saatlarında şəhərə qonşu Gəncə şəhəri də daxil olmaqla bir neçə rayondan Çevik Polis Alayının polisləri cəlb olunublar.
Dəfn mərasimi öncə avqustun 21-nə planlaşdırılsa da mərhumun yeganə qardaşının Rusiyadan bir qədər gecikməylə gəldiyi nəzərə alınaraq bunu ayın 22-nə təyin ediblər.
Həmin gün günorta saatlarında Bəhruz Hacıyevin dəfn mərasimi keçirilib. Kənd sakinləri öncə cənazənin məhz şəhər polis şöbəsinin qarşısında qaldırılmasını istəsələr də, bu baş tutmayıb. Dəfn mərasimindən sonra narazı kütlə Bəhruz Hacıyevin qatillərinin tezliklə tapılması tələbiylə şüarlar səsləndirərək şəhər icra hakimiyyəti istiqamətinə yürüş edib.
Yürüşə polis qüvvələri müdaxilə edib. Bundan sonra narazı kütləylə polislər arasında qarşıdurma yaşanıb.
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22