Əli Kərimli və dəstəsi bütün "facebook boyu" hücuma keçib
11:14 26-08-2015
CƏMİYYƏT
Razi Nurullayev cəbhəçilərin ona qarşı mənəvi terrora start verdiyini bəyan edir
Azərbaycan Xalq Cəbhəsinin Etimad Qurultayını keçirən Razi Nurullayevə qarşı sosial şəbələrdən başlayan şər-böhtan və ləkələmə kampaniyası davam etdirilir.
AXCP sədrinin keçmiş müavinin sözlərinə görə, Azərbaycan mediası və ictimaiyyətin onlara qarşı mövqeyi müsbət olsa da, Əli Kərimli və dəstəsinin təzyiqləri səngimək bilmir: "Əli Kərimlinin tapşırığı ilə ona xidmət göstərən adamlar bizə qarşı mübarizə aparmağa başlayıblar. Təhqirlər, söyüşlər yağdırdılar. Çünki AXCP hər zaman söyüş makinası kimi fəaliyyət göstərib. Bu cür tapşırıqlar birbaşa Əli Kərimlinin özündən gəlib. Çünki mən orada olanda da bununla bağlı fikirləri olub. Yəni Əli Kərimli və onun ətrafındakılardan başqa hər kəsin bizə münasibətləri müsbətdir. Biz medianın monitorinqini aparmışıq. 90-95 faiz Azərbaycan mediası bizim lehimizə yazılar dərc edib. Cəmi 5 faizdən də az media, başda "Azadlıq" qəzeti olmaqla bizim əleyhimizə yazılar yazıb. Hətta həmin yazılarda da heç bir arqument ortaya qoyulmayıb. Sadəcə, özlərinin leksikonlarında olan sözlərdən istifadə ediblər".
Razi Nurullayev deyir ki, Azərbaycanın siyasi səhnəsi hər zaman söyüş makinası kimi fəaliyyət göstərən siyasi qurumlardan təmizlənməlidir: "Bizim tutduğumuz yol çox düzgündür. Azərbaycan cəmiyyəti kifsinmiş, hiyləgərliyi və fitnəkarlığı üzlərinə çökmüş insanlardan, siyasətçilərdən təmizlənməlidir. Bu insanlar isə Əli Kərimlinin ətrafındakılardır. Bizim uğurlu işlərimizdən də biri odur ki, biz cəmiyyətə 4-5 uğurlu gənc təqdim etdik. Onlar da açıqlamaları və parlaq fikirləri ilə gündəmə gəlirlər. Biz eyni zamanda kadr yetişdiririk".
AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayevin sözlərinə görə, Əli Kərimlinin AXCP-sindən yeni yaratdığı quruma hər gün yeni–yeni insanlar axın edir: "Bizə "cəbhə"dən də axın kifayət qədərdir. Deməli, ayın 19-dan bu yana hər gün 3-4 istefa ilə bizim yanımıza gələnlər olub. Hətta bu gün Sumqayıtda fəaliyyət göstərən keçmiş hərəkatçılar bizim yaratdığımız AXCP-yə keçdiklərini bəyan etdilər. Bu davamlı olacaq. Biz hər gün bir neçə belə bəyanatların şahidi olacağıq. Elə olur ki, 4-5, 7-8 nəfər AXCP-dən istefa verib bizim yaratdığımız quruma keçdiklərini bəyan edirlər. Hətta AXCP-nin Ağstafa şöbəsindən 20 nəfər bizə qoşulduğunu bəyan etdi. Bu həftənin sonuna kimi dayaq sədrləri də bizim sıralarımıza qoşulacaqlar. Ağstafada Gənclər şöbəsinin, məclisin sədri 14 dayaq şöbəsi rəhbərləri bizə qoşuldular. Onlar qoşulma haqqında bəyanatlarını yaxın günlərdə imzalayacaqlar".
Əldə etdiyimiz məlumatlara görə, narazı cəbhəçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsini yaratması AXCP-də "bir nömrəli hazırlıq" elan olunub.Yayılmış məlumata görə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının rəhbərliyi ilə gizli qruplarda AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin üzvlərinə qarşı qarayaxma kampaniyası hazırlanır. Fuad Qəhrəmanlı AXCP-nin yaratdığı gizli qurpların birində yazıb: "Bugünkü işimiz partiyadan qovulmuş Razi Nurullayevin 5-6 nəfərlə birgə AXCP adına iddia edən təşkilat yaratdığını bəyan etməsinə qarşı mübarizədir. Bu adamların xəyanətinə birmənalı qiymət verilməli və onlar ictimai rəydə satqın kimi tanınmalıdırlar. Ona görə də hər kəsin bu işdə iştirakına ehtiyac var və partiyada 1 nömrəli hazırlıq elan olunur. Bu məqsədlə bu gün Razi Nurullayev və onunla birgə mətbuat konfransında iştirak edənləri dostluqdan çıxarma aksiyası keçiririk. Hamı bu adamları xəyanət yolu tutduqlarına, hakimiyyətin təşkilatımıza qarşı qurduğu tamaşada iştirak etdiklərinə görə dostluqdan çıxardığı barəsində status yazsın. Bu adamlar heç bir cəbhəçinin dostluğunda olmamalıdırlar". F.Qəhrəmanlı daha sonra partiya üzvlərinə hədə gəlib: "Heç kim sonra deməsin ki, mən dostluqdan çıxardım, ancaq bu barədə status yazmadım. Çünki biz bu işi haqqında danışdığımız adamlara qarşı ictimai rəyin qınaq aksiyası kimi nəzərdə tuturuq. Dostlar, kimsə oxuyub keçməsin, monitorinq edəcəyik, hər kəs bu məsələdə satqınlara qiymət verməlidir".
Göründüyü kimi, Əli Kərimli ciddi şəkildə narahat olub. Əsas rəqibi Rauf Arifoğlunun AXCP-nin yenilənməsi prosesinə informasiya dəstəyi verməsi AXCP sədrini çaşdırıb. AXCP üzvlərinə qarşı mənəvi basqıların artması, Gestapo prinsipləri ilə mübarizənin başlanması Əli Kərimlinin ciddi mənəvi böhran keçirdiyini göstərir. Görünür, AXCP sədri partiyadaxili narazılığın bu həddə çatmasını gözləmirmiş.
Uzun müddət susqunluq nümayiş etdirmiş Fuad Qəhrəmanlının gündəmə bu şəkildə qayıtması da maraqlıdır. Məsələ burasındadır ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsinin Ehtiram Mehdiyevin sədr müavini ilə bağlı açıqladığı məlumat Əli Kərimli düşərgəsində ciddi sarsıntı yaradıb. TK üzvü bildirib ki, Fuad Qəhrəmanlı AXCP daxilində separatçılıqla məşğuldur və arxasındakı dairələr onu Əli Kərimlinin yerinə hazırlayır. Görünür, sədrə qarşı planı vaxtından öncə faş olunmuş Fuad Qəhrəmanlının özünü "qatı Kərimli tərəfdarı" kimi göstərməkdən başqa yolu qalmayıb.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22