İctimai-siyasi düşərgədən AXCP-yə öldürücü zərbə
11:17 26-08-2015
CƏMİYYƏT
Radikal müxalifət düşərgəsində aşınma və parçalanma prosesi davam edir. Əli Kərimlinin AXCP-sinin Suraxanı rayon şöbəsinin daha 6 üzvü Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-yə qoşulduğunu bəyan edib.
"Unikal" olaraq, son günlər AXCP-dən olan qopmalarla bağlı ictimai rəydəki münasibəti öyrənmək üçün ictimai-siyasi arenada aktiv olan şəxslərin fiikrlərini öyrəndik.
Məsələylə bağlı fikirləri "Unikal"la bölüşən tanınmış tərcüməçi-yazar Nadir Qocabəyli deyib ki, bu gün AXCP və onun ətrafında baş verənlər zaman-zaman təkrarlanan labüd bir prosesin növbəti mərhələsidir. Onun qənaətincə, bu təşkilat 25 ildir, sökülə-sökülə, kiçilə-kiçilə, xırdalana-xırdalana öz labüd məhvinə doğru gedir: "Əsas səbəb onun ideya-siyasi cəhətdən tam iflasa uğramasıdır. Yəni AXC yarananda ortaya atılan ideyaların, şüarların əksəriyyəti çox keçmədən iflasa uğradı. SSRİ-ni dağıdıb, yerində müstəqil, azad, iqtisadi baxımdan güclü, elmi, təhsili, səhiyyəsi inkişaf etmiş dövlət qurmaq xəyalları puça çıxdı və insanlar tezliklə aldadıldıqlarını başa düşdülər. AXC hakimiyyəti tez bir zamanda elə SSRİ-dən qalma partiya elitasına təhvil verərək, siyasi səhnəni tərk etdi və bundan sonra yalnız imitasiya, yalançı müxalifətçilik, siyasi spekulyasiya ilə məşğul olmağa başladı ki, bu günədək də həmin fəaliyyətini davam etdirir. Hazırda ölkədəki siyasi qurumların böyük əksəriyyəti AXC-nin (AXCP-nin) şinelindən çıxıblar və çoxu da hazırda xırda, ölkədəki ictimai-siyasi proseslərə heç bir təsir göstərə bilməyən təşkilatlardır. AXCP-nin ideya-siyasi baxımdan iflası oradakı insanları öz taleləri haqda düşünməyə məcbur etdi və AXCP rəhbərliyində təmsil olunanların yalnız öz şəxsi mənafeləri üçün çalışıb, var-dövlət qazandığını görən üzvlərin böyük bir qısmi bu təşkilatdan iyrənərək uzaqlaşdı, ayrı-ayrı qruplaşmalar isə siyasi al-verə müstəqil şəkildə qoşulmağa qərar verərək yeni siyasi qurumlar yaratdılar. Bugünkü hadisələr, yəni hazırda AXCP-dən, dolayısı ilə Əli Kərimlinin ətrafından qopmalar həmin prosesin son halqalarından biri sayıla bilər. Hakim dairələrin yaratdığı və müvəqqəti də olsa, xalqa sırıya bildiyi bir qurum ona lazım olan gücdə və mövqedə olmalıdır, hər dəfə cızığından çıxanda da yerində oturdula bilinməlidir. Zənnimcə, AXCP adlı təşkilatı bu günəcən yaşadan müəyyən xarici qüvvələr və guya müxalifətdə olduğu hakimiyyətdir. Əslində AXCP uğrunda xaricilərlə iqtidar arasında mübarizə gedir və mübarizədə hakimiyyətin qalib gəldiyini seyr etməkdəyik. Proses öz sonuna yaxınlaşmaq üzrədir; əgər biz dünənədək AXCP-nin və Müsavatın 500-1000 nəfərlik aksiya keçirdiyini müşahidə edirdiksə, bundan sonra onu da görməyəcəyik".
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı "Unikal"a açıqlamasında deyib ki, AXCP-nin bu vəziyyətə düşməsi qaçılmaz idi. Onun sözlərinə görə, Əli Kərimli ilə bağlı zaman-zaman veridiyim açıqlamalar öz təsdiqini tapır: "Bu gün Əli Kərimlinin yanında ciddi bir siyasətçi qalmayıb. 5 nəfər şəxsin adını çəkmək olmaz ki, bu adamlar uzun illərdə AXCP rəhbərliyində təmsil olunub. Son illərdə kimlər Əli Kərimlidən imtina etmədi ki. Yanında olan bir neçə təcrübəsiz gənclərdir ki, onlar da artıq Əli Kərimlidən imtina edirlər. Hər zaman demişdim ki, mümkün deyil ki, Əli Kərimlini yaxşı tanıyasan və bundan sonra onunla birgə yol gedəsən. Əli Kərimli bu gəncləri aldadaraq öz ətrafına çəkmişdi. Ancaq İlk əvvələr təcrübəsiz olan bu gənclik də sonradan prosesləri izləyib Əli Kərimlinin əsl simasını görürdükdən sonra istefa verirlər".
Hüquqşünas Mehman Muradlı isə "Unikal"a açıqlamasında deyib ki, AXCP daxilində son olaylar gözlənilən idi. Onun fikrincə, illərdir partiya daxili demokratiyanın pozulması bu nəticələrə gətirib çıxartmalıydı: "Partiyadaxili gərginliyi əsas səbəbi isə mitinqlər dövründə ayrılmış maliyyənin işə görə Əli Kərimliyə qul xidməti göstərənlər arasında bölünməsidi. Bundan nəticə çıxardan digəriləri, əsasən də gənclər onlara vəd edilmiş pulları görməyəndən sonra partiyanı tərk etməyə başladılar, etiraz edənləri isə partiyadan qovdqlar. Və sonda onlar birləşib Əli Kərimlinin üstünə getməliydilər və bu da baş verdi. Əli Kərimlinin tərəfdarları ilk dəfə deyil onu tərk edirlər. Əslində bunun səbəbi Əli Kərimlinin satqın mahiyyətidi".
Q.Gərayzadə
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22