Rövnəq Abdullayevlə Şahin Mustafayev toqquşdu
12:04 27-08-2015
CƏMİYYƏT
İki dövlət qurumu Azərbaycanda yanacağın ucuzlaşmamasının məsuliyyətini bir-birinin üstünə atdı
Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması, Azərbaycanda yanacağın qiymətində gözlənilən dəyişikliyin baş verməməsi bir sıra müzakirələrə səbəb olub.
Maraqlıdır, dünya bazarında "qara qızıl" bahalaşanda müvafiq qurumlar buna adekvat operativ reaksiya verir və benzinin də qiymətini qaldırırlar. Əsas səbəb kimi isə neftin bir hissəsinin xaricdən alınması göstərilir. Dünya bazarında neftin qiyməti düşəndə isə buna müvafiq olaraq Azərbaycanda benzinin qiyməti enmir. Səbəb nədir?
Azərbaycanda fəaliyyət göstərən iki böyük qurumun cavabı fərqli olub. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib ki, bu sırf Tarif Şurasının səlahiyyətinə aid olan məsələdir. "Xahiş edirəm, Tarif Şurasına müraciət edin".
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə məsələnin SOCAR-ın səlahiyyətində olduğunu bildirib: "Bu SOCAR-ın səlahiyyətində olan məsələdir. Onlardan soruşun".
Bir sözlə, neftin qiymətinin düşməsinə baxmayaraq, ölkədə yanacağın ucuzlaşmamasının məsuliyyətini faktiki olaraq iki qurum bir-birinin üstünə atıb. Rövnəq Abdullayevin rəhbərlik etdiyi SOCAR belə bir qərarı Şahin Mustafayevin rəhbərlik etdiyi Tarif Şurasının, Mustafayevin rəhbəri olduğu nazirlikdən isə SOCAR-ın belə bir addım atmalı olduğuna işarə vurulub. Bu fərqli açıqlamaların səbəbi maraq doğurur. Hər halda qarşıdakı günlərdə həm sözügedən qurumlar, həm də müstəqil ekspertlər belə bir ziddiyyətin köklərinə aydınlıq gətirməlidirlər.
Qeyd edək ki, iqtisadçı Vüqar Bayramov Azərbaycanda yanacağın ucuzlaşmamasının səbəbini bizdə benzinin qiymətinin dünya bazarındakı neftin qiyməti ilə birbaşa əlaqəli olmaması ilə izah edib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında neftin payı çox olsa da, neft idxal edən ölkə deyil: "Bu səbəbdən də Azərbaycanda benzinin qiyməti dünya bazarındakı neftin qiyməti ilə birbaşa əlaqəli deyil".
Ekspert dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması fonunda Azərbaycanda yanacağın qiymətinin enməməsinin səbəbini izah edərkən deyib ki, ölkəmizdə benzinin qiyməti tənzimlənən qiymətlərə aiddir: "Nəzərə almaq lazımdır ki, dünyada neftin qiymətinin yüksək olduğu dövrlərdə Azərbaycanda benzinin qiymətinin bahalaşması ilə bağlı qərar qəbul edilməyib. İstehsalçı ölkələrdə benzinin qiymətinin neftin revalver qiyməti ilə uyğunlaşdırılması praktik olaraq mümkün deyil. Çünki neft ölkə daxilində istehsal olunur. Eyni zamanda, manatın devalvasiyasından sonra benzinin qiyməti dollarla ifadəsində azalıb". Vüqar Bayramovun fikrincə, Azərbaycanda yanacağın ucuzlaşması üçün vergilər azaldılmalıdır: "Nəzərə alaq ki, hazırda neft məhsullarının satışından büdcəyə daxilolmalar var. Benzinin xərci neftin qiymətindən baha olsa da indiki məqamda yanacağın ucuzlaşması vergilərin azaldılması deməkdir. Çünki, benzinin qiymətinin əsas hissəsini vergilər təşkil edir. Vergilərin azalması isə dövlət büdcəsinə daha az vəsaitin cəlbi deməkdir. Bu baxımdan neftin revolver qiymətinə uyğun olaraq benzinin qiymətinin tənzimlənməsini istəyiriksə neftin dünya bazarında qiyməti aşağı olan zaman vergilər də azalmalıdır. Hesab edirəm ki, hazırda benzinin mövcud qiymətinin qorunub saxlanılması mümkündür və buna çalışmaq lazımdır. Əslində yanacağın qiymətinin aşağı salınması ilə bağlı Dövlət Neft Şirkəti deyil, Tarif Şurası qərar verir. Çünki benzin tənzimlənən qiymətlər sırasındadır. Tarif Şurası istənilən zaman benzinin qiymətinin ucuzlaşması ilə bağlı qərar verə bilər. Amma indiki məqamda bu real görünmür. Çünki nəticə etibarilə büdcəyə daxilolmaların azalmasından söhbət gedir".
Digər ekspertlər isə fərqli düşünürlər. Onlar hesab edirlər ki, SOCAR-ın Ukraynada, Gürcüstanda benzinin satış qiymətini aşağı salıb, amma eyni addımı öz ölkəmizdə atmaması absurddur və heç bir izahı yoxdur. Hazırda ictimai rəydə də məhz bu səbəbdən Rövnəq Abdullayevin qurumuna kəskin etirazlar var. Vətəndaşlar SOCAR-ın başqa ölkələrdə benzini ucuzlaşdırarkən, Azərbaycanın özündə bu istiqamətdə heç bir addım atmamasını sərt şəkildə qınayırlar.
SOCAR və Tarif Şurası isə əhalinin bu qınaqlarını dinləmək və lazımi nəticə çıxarmaq əvəzinə, məsuliyyəti bir-birinin üzərinə atmaqla kifayətlənirlər. Belə vəziyyətdə isə hökumətin məsələyə müdaxiləsi yaxşı olardı. Xüsusilə ona görə ki, qarşıdan parlament seçkilərinin gəldiyi bir vaxtda əhalini incik salmaq məntiqli iş deyil.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22