Şok! Azərbaycan diasporunun lideri dələduzluqda ittiham olunur
12:09 27-08-2015
CƏMİYYƏT
Təqsirləndirilən İslam Hüseynov zəngin kriminal keçmişə malikdir
Rusiya İstintaq Komitəsinin Ulyanovsk vilayəti üzrə İstintaq İdarəsi yerli azərbaycanlı diasporunun lideri, Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk şöbəsinin rəhbəri İslam Hüseynovun dələduzluqda ittiham olunduğunu açıqlayıb.
İstintaq İdarəsinin saytında yerləşdirilmiş məlumata əsasən onun barəsində cinayət işi Ulyanovsk prokurorluğu tərəfindən 2014-cü ilin oktyabrında dələduzluq maddəsi ilə qaldırılıb. "İstintaq materiallarına əsasən şübhəli şəxs 2011-ci ilin aprelində və 2013-cü ilin avqustunda Zasviyajsk rayonunun Şolmovo küçəsində torpaq sahəsini otel tikintisi üçün icarəyə götürüb,ancaq həmin torpaq sahəsində göstərilən obyekti tikmək niyyətində olmayıb və Ulyanovsk meriyasına sonradan torpağı öz adına keçirmək üçün saxta sənədlər təqdim edib" - açıqlamada bildirilir.
İstintaq müəyyən edib ki, saxta sənədlər əsasında meriya İslam Hüseynovla əslində qiyməti 6.5 milyon rubl olan torpaq sahəsini ona 776 min rubla satmaq barədə müqavilə bağlayıb. "Hazırda cinayətkar sxemin digər iştirakçılarının müəyyən edilməsi və Hüseynovun günahını sübut edən dəlillərin toplanması üçün istintaq tədbirləri davam etdirilir" - İstintaq İdarəsi bildirir.
Xatırladaq ki, avqustun 25-də İstintaq İdarəsinin əməkdaşları OMON döyüşçüləri ilə birlikdə İslam Hüseynovun ofisinə basqın edərək axtarış aparıb. Bu zaman İslam Hüseynov ofisdə olmayıb və Ulyanovsk vilayətinin hüdudlarından kənarda idi. Biznesmen özü axtarışı ona qarşı təzyiq kimi qiymətləndirib. Deyib ki, bu təzyiq 2012-ci ildə ona qarşı edilmiş və mühafizəçisinin ölümü ilə nəticələnmiş sui-qəsdin araşdırılması üçün apardığı mübarizə ilə bağlıdır.
virtualaz.org saytı qeyd edir ki, İslam Hüseynov zəngin kriminal keçmişə malikdir. O, 1994-cü ildə Rusiyada Azərbaycan vətəndaşını qətlə yetirməkdə şübhəli hesab olunduğu üçün federal axtarışda olub. 2004-cü ildə qəsdən bədənə ağır xəsarət yetirmək maddəsi ilə məsuliyyətə cəlb olunub. 2006-cı ildə onun adı saxta Rusiya vətəndaşlığı almaqda keçib. Nəticədə pasportu ləğv olunub.
Hüseynovun yerli kriminal qruplaşmalarla sıx əlaqəsinin olduğu və azərbaycanlı biznesmenlərə qarşı reketlik etdiyi haqda məlumatlar da var. Ona qarşı 2012-ci ildə edilmiş sui-qəsd cəhdinin də Ulyanovskda iki azərbaycanlı kriminal qruplaşma arasında "razborka"nın tərkib hissəsi olduğu bildirilir.
Elə dünən İslam Hüseynov özü hadisənin təfərrüatını açıqlayıb. O, APA-ya açıqlamasında bildirib ki, hazırda xaricdədir və avqustun 25-də baş verən hadisə zamanı ofisində onun iki əməkdaşı olub.
Basqının bir müddət əvvəl ona qarşı törədilən sui-qəsd nəticəsində mühafizəçisi İqor Beznosyukun qətlə yetirilməsi işi ilə bağlı olduğunu söyləyən İ. Hüseynov deyib ki, olay zamanı onun hamilə olan katibəsinin sağlamlığına ciddi zərər dəyib: "Mənə - azərbaycanlı icmasının rəhbərinə və iş adamına qarşı demək olar ki, quldurluq edilib, ofisim dağıdılıb. Hadisədən az sonra mənə zəng gəldi ki, Azərbaycan diasporunun inzibati binasında axtarış gedir. İşin mahiyyətini açıqlayım ki, bunu edən Rusiya İstintaq Komitəsinin vilayət üzrə idarəsidir. Mənə olan sui-qəsd və mühafizəçimin öldürülməsi işini onlar bağlayıblar, ancaq mən bu işin bərpasını tələb edirəm. Məhkəmə qətlin sifarişçilərinə bəraət verib. Üstəlik, istintaq cinayətin sifarişçilərinin maraqlarından çıxış edərək mənə qarşı uydurma cinayət işi qaldırmaq istəyir, hansı ki mahiyyətindən özümün də xəbərim yoxdur. Bir sözlə, sui-qəsdin açılmasında prinsipiallıq göstərdiyim üçün mənə qarşı ciddi təzyiqlər başlayıb".
İslam Hüseynov məsələ ilə bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin qəbuluna yazıldığını açıqlayıb: "Ona Ulyanovsk vilayəti üzrə İstintaq İdarəsində baş verən özbaşınalıqlar barədə danışacağam. Hesab edirəm ki, bu axtarış da məhz mənim Bastrıkinə şikayət etməyə hazırlaşdığıma görədir".
Ulyanovskda hadisənin şahidi olan Azəbaycan Konqresinin üzvləri bu məsələdə son vaxtlar İ. Hüseynovun mütəmadi olaraq sərt tənqid etdiyi Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovun əli olduğunu da iddia edirlər. Konqresin üzvü, İ. Hüseynovun köməkçilərindən Həsrət Həsənov APA-ya bildirib ki, xüsusilə son yarım ildə A. Abbasovun Azərbaycan dövlətinə qarşı atdığı addımlara görə İ. Hüseynovun onu sərt tənqid etməsi diaspor rəhbərinin hədəfə götürülməsi ilə nəticələnib: "Abbas Abbasov bura gəlib, məlum fəaliyyətə başlayandan sonra kim ona etiraz edirsə, həmin adamın ya biznesinə, ya da həyatına ciddi təhlükə yaranmağa başlayır. İslam müəllim uzun zamandır burada yaşayır və federasiya üzrə böyük hörməti var. Onun burada düşməni yox, yalnız dostları var. Amma Abbas Abbasovu sərt tənqid etdikdən bəri ona qarşı təzyiqlər başlayıb. Xüsusilə ona qarşı sui-qəsdin araşdırılmasında Abbas Abbasovun adamları hər vasitə ilə yerli istintaq məmurlarına təsir edir. Burada prokurorluqdan bir icazə kağızı alıb, "OMON"u hansısa ünvana basqınına şərait yaratmaq asan işdir. Onlar da bundan istifadə edirlər ki, bizləri qorxutsnlar".
Digər Xəbərlər
2024-11-27 17:55:00
2024-11-27 17:31:24
2024-11-27 17:29:40
2024-11-27 17:21:00
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22