Ayrılan və birləşən yollar... Bu yollar bizi hara aparır?
12:32 30-05-2012
CƏMİYYƏT
Ayrılan və birləşən yollar... Bu yollar bizi hara aparır?
Səməd Seyidov:
"Avropa strukturları ilə münasibətlərimizə
yenidən baxmalıyıq"
Milli Məclisin dünən keçirilən iclasında Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə münasibət bildirən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycan Avropa strukturları ilə münasibətlərinə yenidən baxmalıdır.
Səməd Seyidov deyib ki, ötən dövr ərzində Almaniya Bundestaqında, İtaliya parlamentində Azərbaycan həqiqətləri, torpaqlarımızın işğalı ilə bağlı qətnamələr qəbul olunub: "Bundan narahat olan erməni lobbisi başqa bir taktikanı seçdi. Guya Azərbaycanda insan haqları pozulur, problemlər var və guya Azərbaycan bu problemlərin həlli istiqamətində addım atmır. Avropa Şurasına qəbul olanda bir siyahı təqdim etdilər, guya siyasi məhbusdurlar. Buraxdıq. Yenə təkrar siyahı çıxdı. Yəni məqsəd başqadır. Azərbaycan dostları çoxaldığı üçün Azərbaycanın dostu olan insanlara, qurumlara qarşı fəaliyyətə başlayıblar".
O xatırladıb ki, Avropa Şurasında Azərbaycana normal münasibət bəsləyən insanlara qarşı hücum daha güclüdür: "2008-ci ildə Milli Məclis, Prezident Administrasiyası, güc strukturları ilə bağlı bir İşçi Qrupu yaratdıq. Üstündən 2 həftə keçəndən sonra bizə mesaj gəldi ki, İşçi Qrupu ilə işləmirik, sizə məruzəçi göndərəcəyik. Bizə dedilər k, Avropa Məhkəməsinə üzv olun, bütün məsələlər orada həll olunacaq. Avropa Məhkəməsinə üzv olduq, bizə dedilər ki, məhkəməyə baxmayın, sizə siyahılar göndərəcəyik. Digər tərəfdən, Avronest Parlament Assambleyasının üzvü olduq, əməkdaşlıq şərtlərini dəyişməyə başladılar. Ona görə də, Azərbaycanın mövqeyini beynəlxalq təşkilatlara çatdırmalıyıq. Azərbaycan dövləti xalqımızın istəyi ilə Avropa strukturlarında təmsil olunur. Ancaq bizə qarşı çox təzyiqlər ortaya çıxacaqsa, düşünməliyik. Ermənilər hüquqi müstəvidə Dağlıq Qarabağ müharibəsini uduzublar. Ona görə də insan haqları məsələsini qabartmağa başlayıblar. Mən bu fikirləri Avropa Şurası Monitorinq Komitəsində də səsləndirəcəyəm."
Spiker Oqtay Əsədov deyib ki, Azərbaycana həqiqətən təzyiq göstərmək istəyirlər: "Ancaq onlar istəklərinə çatmayacaqlar".
Spikerin sözlərinə görə, "Təəssüflər olsun ki, mayın 24-də 750 deputatdan yalnız 56 deputatın iştirakı ilə Azərbaycana qarşı qətnamə qəbul edilib. Mən bu qətnaməni pisləyirəm".
O. Əsədov deyib ki, qətnaməyə Azərbaycanın müstəqil siyasətinə qısqanclıqla yanaşanlar, anti-Azərbaycan qüvvələri, erməni lobbisinin təsiri altına düşmüş bəzi qüvvələr imza atıb.
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Əvəz Temirxanın sözlərinə görə, "Əgər Milli Məclisdə iqtidar partiyasını təmsil edən millət vəkilləri güzgüyə baxanda özlərini əyri, əcaib görkəmdə görürlərsə, bu, artıq güzgünün günahi deyil. Güzgünün qabağından qaçmaqla nəyə nail olmaq mümkündür? Yaxşı olar ki, Avropa ilə münasibətləri yenidən nəzərdən keçirməyi təklif edən millət vəkilləri "kosmetoloq"a getsinlər ki, onları "qaydaya salsın".
Partiya sədrinin sözlərinə görə, "Avropa yalvarıb Azərbaycanı özünə inteqrasiya etməyi xahiş etməyib. Azərbaycanın özü könüllü şəkildə Avropa strukturlkarına daxil olub. Çünki getdikcə qloballaşan dünyada "yalquzaq taktikası" seçmək tamamilə uğursuzluğa məhkumdur və Azərbaycan da özünün bir sıra problemlərinə görə bu məkana daxil omağa çalışıb. Və daxil olandan sonra bir sıra beynəlxalq konvensiyalara imza atmalı olub. Həmin konvensiyalardan biri də "İnsan haqları konvensiyası"dır. Azərbaycan da Avropa məkanının üzvü kimi altından imza qoyduğu sənədlərin müddəlarına əməl etmək durumundadır. Yaxşı, indi Avropanın günahı nədir? Avropa qurumları deyir ki, Azərbaycanda vicdan məhbusları var və onlar azadlığa buraxılmalıdır. Avropa qurumları deyir ki, Azərbaycanda jurnalistlər döyülür və təhqir edilir. Bəlkə, jurnalist İdrak Abbasovu Fransa polisi döyüb? Və ya İngiltərə polisi döyüb? Və yaxud jurnalist Xədicə İsayılovanın başına gələnləri İspaniya polisi törədib? Bütün bunlar iqtidarın dünyaya təqdim etdiyi fəaliyyət faktlarıdır".
Əvəz Temirxan hesab edir ki, "Milli Məclisdə Avropa strukturkarı ilə münasibətləri yenidən nəzərdən keçirməyi təklif edən millət vəkilləri bundan sonra üzlərini hansı beynəlxalq quruma tutacaqlar? Onlar dediklərinin məsuliyyətini dərk edirlərmi? XXI əsr beynəlxalq ittifaqlar əsridir və bu birliklərdən kənarda qalanlar mütləq məğlub olub zəlalətə düşəcəklər. Yaxşı, qəbul edirəm, Avropadan üz çevirək. Gedib Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Təşkilatına üzv olacağıq? Ya İranın qoltuğuna girəcəyik?"
Əvəz Temirxan bildirdi ki, "Avropaya qarşı iddialar və ittihamlar irəli sürməkdənsə ölkədəki durumu qaydaya salmaq lazımdır. Korrupsiyaya qarşı mübarizə səmimi şəkildə aparılmalıdır, rüşvətxorluğun kökü kəsilməlidir, ölkədə siyasi islahatlar, o cümələdən kadr islahatları keçirilməlidir. Azərbaycan vətəndaşı özünü ölkədə insan kimi hiss etməlidir".
Savalan
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00