Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.
Unikal.org Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyətin istilik və günvurmadan qorunması məqsədilə döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilir. Eyni zamanda hərbi qulluqçulara günorta saatlarında istirahət üçün vaxt da verilir.
Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir, açıq səma altında görülən xidməti işlərə cəlb olunmur. Əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti və inzibati otaqlar kondisioner və ventilyatorlarla təmin edilir.
Eyni zamanda hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.