Oqtay Şirəliyevin xanım müavini Nigar Əliyevanın nəzarət etdiyi qanunsuz şəbəkənin şok detalları Unikal.org-da
Son günlər səhiyyə sistemində baş verən biabırçılıqlar bu sahədə daha dərindən araşdırma aparmağımıza səbəb olub.
Unikal.org-un araşdırma qrupunun səhiyyə sistemində apardığı araşdırma nəticəsində maraqlı faktlar ortaya çıxıb.
Belə ki, səhiyyə nazirinin xanım müavini Nigar Əliyevanın ölkənin səhiyyə sistemindəki bütün qanunsuzluqların başında dayanması barədə ilginc məlumatlar əldə etmişik. Bu günə kimi adı mətbuatda çox hallanmayan N.Əliyevanın əməllərinin mənfi fəsadları artıq üzə çıxmaqdadır.
Son günlər gündəmi zəbt edən həkim səhlənkarlıqları nəticəsində baş verən ölüm halları, insanların sağlamlıqlarını itirməsi kimi biabırçılıqların səbəbkarı kimi xanım nazir müavinini göstərmək olar. Çünki həkimlərin işə qəbulu, onlardan olan şikayətlərin ört-basdır ediliməsi işlərinə Nigar Əliyeva nəzarət edir. Savadsız həkimlərin işə götürülməsində Səhiyyə nazirinin xanım müavini Nigar Əliyevanın xüsusi rolu olduğu bildirilir.
Bu barədə Unkal.org-u bilgiləndirən şəxsin sözlərinə görə, nazir Oqtay Şirəliyev bütün ipləri Nigar Əliyevaya verib. Yəni, xanım müavin Səhiyyə Nazirliyində işə qəbulu tam öz nəzarəti altında saxlayır: «Onu da nəzərə çatdırım ki, Nigar xanımın işi bununla bitmir. Yəni, baş verən sövdələşmə uzun müddət davam edir.İşə girəndə verilən hesabdan əlavə, aylıq «tas» da var. Bunun da səbəbləri var. Məlumdur ki, savad və peşəkarlığı olmayanları işə götürəndə onlar iş dövründə bir sıra qanunsuzluqlara, hətta cinayətlərə yol verirlər. Nigar Əliyeva isə aldığı hesabın qarşılığında onları ört-basdır etməklə məşğul olur. Onu da nəzərə çatdırım ki, ölkənin bütün xəstəxanalarından, səhiyyə idarələrindən və sanatoriyalarından hər ay Nigar xanımın "qara kassasına külli miqdarda vəsait toplanır. Bu səbəbdən də ölkənin dörd bir yanında xəstəxanalarda biabırçı vəziyyət baş alıb gedir. Xüsusən də doğuş prosesini həyata keçirən xəstəxanalara Nigar xanımın özü nəzarət edir. Ona görə də həkim səhlənkarlğından ortaya çıxan problemlər həllini tapmır».
N.Əliyeva barədə ölkə mediasında da kifayət qədər faktlar yer alıb. Belə ki, deyilənlərə görə, xanım müavinin sərvəti son illər o qədər artıb ki, artıq Nigar Əliyeva bu biznes obyektlərini və mülklərini idarə etməyə adam belə tapa bilmir. Çünki bu məsələdə ancaq sədaqətli yaxın adamlarına etibar edə biləcək olan Nigar Əliyevanın artıq bu kriteriyalara cavab verə biləcək boş adamları qalmayıb. Elə o üzdən də mənbə hazırda həddindən artıq varlanan Nigar Əliyevanın inanılmaz sərvətini idarə etməkdə çətinliklərlə üzləşdiyini qeyd edib.
İxtisasca həkim olan millət vəkili Fərəc Quliyev Unikal.org-a açıqlamasında deyib ki, Azərbaycan səhiyyəsinə qiymət verəndə ayrı-ayrı faktları ümumiləşdirmək yanlışdır.
Onun sözlərinə görə, Azərbaycandakı həkimlər İrandakı, Türkiyədəki və digər ölklərdəki həkimlərdən zəif deyillər: «Bir ayağın yanlış kəsilməsi nadir hallarda baş verən hadisələrdəndir. Uşaq ölümləri ilə bağlı faktlar var, amma gərək bütün bunlara qabartmasınlar. Son vaxtlar xeyli yeniləşmələr aparılıb, müasir tibb mərkəzləri yaradılıb. İnsanların narahatlığını başa düşürəm. Məncə, ayrı-ayrılıqda baş verənləri bütövlükdə səhiyyə sisteminin üzərinə yıxmaq insafsızlıq olar». Həkimlərin attestasiyasına gəlincə, millət vəkili bildirib ki, həkimlər arasında da, orta tibb işçiləri ilə bağlı da zaman-zaman attestasiyalar aparılır. «İxtisaslaşma məsələlərinə fərqli yanaşmalar var, xüsusi kurslar yaradılıb və s. Bəzi həkimlər yanlışlara, cinayətlərə, bəziləri bacarıqsız ola bilərlər. Minlərlə personal arasında yarıtmaz fəaliyyəti olanlar var, amma buna görə həmını suçlamaq olmaz», - deyə F.Quliyev fikrini tamamlayıb.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı isə bildirib ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində çox böyük işlər görülür.
Onun sözlərinə görə, aparılan yenidənqurma işləri ilə bərabər bir sıra xoşagəlməz hadisələr də baş verir: "Hesab edirəm ki, bu kadr islahatları ilə bağlıdır. Səhiyyə sahəsində çox ciddi kadr islahatları aparılmalıdır. Bildiyimiz kimi tibb işçilərinin attestasiyası keçirilir. Baş verən hadisələr göstərir ki, bu hələ də bəs etmir. Bu günlərdə cərrahın səhvən sol ayağ əvəzinə sağ ayağı kəsməsi qınanılmalı bir hadisədir. Bir dişin çəkilməsi bəzən insanda ciddi psixoloji faciə ilə başa gəlir. Cərahiyyə əməliyyatına kompleks briqada daxil olur. Bu məsələyə çox bəsit yanaşılıb. Hadisələr göstərir ki, səhiyyə işçiləri arasında çox ciddi islahatlar aparılmalıdır. Səhiyyə Nazirliyi də öz növbəsində kadr sahəsində çox ciddi işlər görməlidir.
Vətəndaş və İnkişaf Partiyasının sədri, Tibb Unuversitetinin müəllimi Əli Əliyev Unikal.org-a bunları deyib:
"Son günlər Səhiyyə sahəsində baş verənlər xeyli ictimai rezonansa səbəb olub. Özü özlüyündə hər 2 fakt biabırçılıqdır. Səlyanda baş vermiş uşaq ölümləri ilə bağlı araşdırma aparılmalıdır. Sözsüz ki, bu həkim məsuliyyətsizliyidir. Səbəbkar cəzalandırılmalıdır. Azərbaycanda bu 2 hadisəyə görə səhiyyəni, bütövlükdə həkimləri qınamaq yanlışdır. Tibb sahəsinin kifayət qədər savadlı, vicdanlı, məsuliyyətli nümayəndələrini tanıyıram. 3-5 nəfər təsadüfi şəxsin yanlışına görə bütövlükdə ölkənin səhiyyəsinə ləkə vurmaq yanlışdır. Baş verən yanlışların içində ümumi idarəçilik fəlsəfəsində mövcud çatışmazlıqlar xüsusi çəkiyə malikdir.
Göründüyü kimi, millət vəkilləri də, ekspertlər də səhiyyə sistemindəki eybəcərlikləri və qanunsuzluqları kəskin şəkildə pisləyirlər. Bu səbəbdən də N.Əliyeva kimi yanlış və şəxsi maraqlar üzərində idarəçilik sistemi quran məmurların sistemdən kənarlaşdırılması vacibdir.
Z.MƏMMƏDLİ