Ölkə mediasının gündəmini zəbt edən 6 yaşlı qızın ölümü ilə bağlı maraqlı detallar bəlli olub.
Unikal.org xəbər verir ki, hafta.az-ın əməkdaşının araşdırmasına görə, 29 iyul tarixində hadisə baş verən zaman vəfat edən 6 yaşlı Ramilənin anası Samirə Yarıyeva evdə olmayb. S.Yarıyeva hafta.az-ın əməkdaşına bildirib ki, o, restoranda işlədiyindən həmin gün də qızı evdə tək olub. O da məlum olub ki, Ağsu rayonunun Kəlva kəndindən olan Samirə Yarıyevanın 4 övladı var. Ramilə onların ən kiçiyidir. İmkansızlıqdan digər övladlarını uşaq evinə verib.
Adı qətli törətməkdə hallandırılan Elnar Hacıyev Samirə Yarıyevanın kirayə yaşadığı ev sahibəsinin oğludur. O, ailəlidir və bir övladı da var.
Elnar Hacıyevin anası, evin sahibəsi Almaz Hacıyeva bildirib ki, həyətə sürüşkən kafel döşənib. Başqaları da dəfələrlə burada sürüşüb-yıxılıb. 29 iyul tarixində də, Ramilə həyətdə yıxılaraq sürüşüb. Ona Elnar Hacıyev və Almaz Hacıyeva yardım etmək istəyiblər. Lakin sonradan uşağın vəziyyəti pisləşib. Onu taksi ilə xəstəxanaya aparan zaman yolda vəfat edib.
Almaz Hacıyeva qorxduqları üçün bu barədə polisə xəbər vermədiklərini deyir. Və oğlunun günahının da, ancaq hadisə barədə polisə xəbər verməməsi olduğunu bildirib.
Samirə Yarıyeva onu da bildirib ki, bu evdə yaşadığı müddətdə Almaz Hacıyeva və onun ailəsindən heç bir narazılıq olmayıb.
Hadisənin şahidləri prokurorluqda dindirilib, o cümlədən, Elnarın azyaşlı qızı da.
Daxili İşlər Nazirliyi (DİN) Xırdalanda 6 yaşlı qızın ölüm faktı ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, iyulun 29-da Xırdalan şəhərindəki evlərdən birində kirayədə yaşayan Ağsu rayon sakini Samirə Yarıyeva DİN-in "102 Zəng Mərkəzinə zəng edərək şəhər ərazisində qızı, 6 yaşlı Ramilənin müəyyən edilməmiş avtomobillə vurulması və onun ölməsi barədə məlumat verib.
Meyitin müayinəsi zamanı uşağın avtomobillə vurulması deyil, onun zorakılıq əlamətləri nəticəsində öldürülməsi müəyyən edilib.
Mövzunu davam etdirəcəyik.