İtirilmiş nəsl
12:58 13-06-2012
CƏMİYYƏT
İtirilmiş nəsl
Region insanının düşdüyü sosial-psixoloji kollaps - ölüm ilgəyi
Son bir ayda intihar edənlərin sayı 15-i keçib. Hər halda 9 milyion əhalisi olan ölkə üçün bu kifayət qədər ciddi problemdir. Tutalım, əhalisi Azərbaycan əhalisi qədər olan Skandanaviya ölkələrində bir il ərzində olan intiharların sayı onu keçmir.
Maraqlıdır, bəs Azərbaycanda intiharların sayının artması nə ilə bağlı ola bilər? Öncəliklə intiharların mahiyyətinə və formasına baxanda aydın oluur ki, bu gün ölkədə şəxsi intihar halları ilə sosial intihar və psixi intihar forması vəhdət halına düşüb. Şəxsi intihar, insanın şəxsi həyatındakı faciəni, kədərli prosesləri və bununla əlaqədar yaranan sarsıdıcı mənəvi hissləri əhatə edir. Güclü şəxsi faciələr, ailədaxili münaqişələr, yaxın adamların itirilməsi, məhəbbətdə uğursuzluq məhz, şəxsi intiharların yaranmasına səbəb olur.
Bu cür intiharları təhlil etmək mümkündür, yəni onların şəxsi həyatla bağlı məlum motivləri hamımıza bəlli olur.
Sosial intihar insanların sırf sosial problemləri və münasibətləri ilə bağlı olur. Güclü uğursuzluq, vəzifədən çıxarılma, maddi çətinliklər, cəmiyyətdəki sosial ədalətsizliklərlə barışmamaq kimi hallarda sosial intihar reallığa çevrilir. Bu cür intiharlar keçid dövründə olan ölkələrdə daha çox dəbdə olur.
Azərbaycanda da bu cür intiharlar baş verir. Xüsusilə də maddi çətinliklərdən yaranan intihar hallarına tez-tez rast gəlinir. Sosial intiharın da əsas yaranma səbəbləri bəlli olur.
Psixoloji intihar çox qəribə və anlaşılmaz intihardır. Psixoloji intihar mütəmadi, təkrarlanan və daha ağır sarsıdıcı psixi problemlərin real nəticəsi kimi meydana çıxır. Elə ona görə şəxsi və sosial intiharlardan fərqli olaraq, psixoloji intiharların əsas səbəbləri çox vaxt bəlli olmur. Əslində, psixoloji intihara düçar olan şəxs də əsas səbəbləri dərindən anlamır, çünki psixi stresslər, təlatümlü mənəviyyat həmin şəxsi çox acınacaqlı vəziyyətə salır. Nəticədə fərdin yaşamaq maraqları, onun yaşamaq uğrunda mübarizəsi heçə enir.
Psixoloji intiharları sırf psixi xəstəliklər kimi qəbul etmək mümkündür. Psixoloji intihar cəmiyyətdə ən çox yayılandır. Lakin şəxsi və sosial intiharlardan fərqli olaraq psixoloji intiharların qarşısını almaq qismən mümkün olur. Burada dəyişmiş şərait, təsadüfi hadisələr, şəxsin fərdi iradəsi köməyə gələ bilir.
Burada bir ümumi yanaşmanı qeyd etmək lazımdır: bütün intiharlar mahiyyət, başvermə xüsusiyyətləri və daxili funksiyaları baxımından psixi xəstəliklərin nəticəsi kimi qəbul oluna bilər. İntiharı yaradan səbəblər müxtəlif olsa da. Onun yaranma və həyata keçmə mexanizmi artıq sağlam psixikanın məhsulu ola bilməz. Real səbəblərdən və uzun müddətli sarsıdıcı proseslərdən sonra yalnız artıq zədələnmiş, xəstələnmiş psixika öz orqanizminin məhvinə qərar verə bilər.
Hər hansı formada intihar hadisəsi sağlam insanın əməli ola bilməz. Psixikada tənzimlənməyən, idarə olunmayan psixi, anormal proseslər tamamilə yaranan zaman məlum şəxsin yaşamamaq, məhv olmaq istəyi - intihar hadisəsi baş verir. Deməli, intihar - birbaşa real nəticə olan sarsıdıcı və sonu bəlli olan psixi xəstəlikdir.
Sosial problemli
bölgələrdə intihar yeganə çıxış yolu kimi görünür
İndi isə gəlin, regionlara uyğun olaraq baş verən intihar faktlarına baxaq. Apardığımız araşdırmalar sübut edir ki, orta və nisbətən yaşlı nəsldən olan şəxslərin intihar hallarına daha çox rayonlarda rast gəlmək mümkündür. Ən maraqlısı isə budur ki, intihar edənlərin 80 faizi kişi cinsindəndir. Bu isə aydın şəkildə sübut edir ki, belə intiharların kökündə sırf sosial problemlər durur. Sosial problemlərin bölgələrdə daha ifrat halda olması nəticəsində intihar halı yeganə çıxış yolu kimi görünür və demək olar ki, intihar artıq bir nümunəyə çevrilib. Yəni, tutalım, hansısa Əhmədin intiharı digər Əhmədlər üçün təqdir olunacaq nümunəyə çevrilir və buda kütləviliyi artırır. Belə olan halda isə artıq qarşımızda kütlə psixologiyasının cizgilərini görürük.
Kütlə psixologiyasının tətbiqi isə sübut edir ki, bu cür hallar daha da artacaq. Amma maraqlı bir proses də paralel şəkildə getməkdədir. Bu isə ölkədə İslam dininin sürətlə yayılmasıdır. Məhz İslam dininin yayılması özlüyündə həm də intiharın azalmasına müsbət təsir göstərən amildir. Bir tərəfdən dinin intiharı yasaq etməsi əsasdırsa, digər tərəfdən camaat halında yaşamalı səbəbindən təklik hiss olunmur və şəxsi intihar sıfır həddinə düşür.
Şəhərlər - şəxsi
intiharlar məkanı
Apardığımız araşdırmalar sübut edir ki, şəxsi intihar halları daha çox mərkəz şəhərlərdə, Bakıda, Gəncədə və Sumqayıtda daha çox müşahidə olunur.
Nədən məhz şəhər mühitində şəxsi intihar hallarına rast gəlinir?
Öncə bəzi xırda detallara baxaq. Aydın olur ki, intihar edən şəxslərin sosial intihardan fərqli olaraq böyük əksəriyyəti gənclərdir. Təxminən, 16-26 yaş arası gənclərdə belə intiharlar kifayət qədər çoxdur. İntiharların yaranma səbəbləri isə əksər hallarda uğursuz sevgi, seksual pozuntu və valideyin-övlad qarşıdurmasının yaranması ilə bağlıdır. Məsələn, son 6 ayda intihar edənlərin 7 nəfəri gənc qız olub və onlar ya toy öncəsi, ya da kiminləsə münasibətlərinin rəsmiləşməsi ərəfəsində intihara əl atıblar. Bunun isə əsas səbəbi erkən seksual hisslərin olması və nəticədə erkən seks həyatına başlamaları, mentalitetin yaratdığı qorxu və ailə qurarkən bunun aşkarlanacağını düşünərək yeganə çıxış yolunu bunda görürlər. Bəs gənclərin intihara üstünlük vermələrinə təsir edən amillər hansılardır?
1.Valideyn-övlad münasibətlərinin bu gün sistem halından çıxması və bir xaotikliyin hökm sürməsi;
2.Televiziyaların efir siyasətinin bərbad halda olması və təbliğ olunmayan keyfiyyətlərin təbliği;
3.Həddindən artıq çox informasiya alma imkanlarının yaranması
4.Sosial şəbəkələrin yeniyetmələri lazım olmayan mühitlə təmasını təşkil edə bilmələri
Bu gün 12-15 yaşlı yeniyetmə belə sosial şəbəkələrdən istifadə etməklə ona məlum olmayan bir dünyanın içinə düşür və nəticə yuxarıda göstərdiyimiz kimi olur. Bundan başqa aydın olur ki, həddindən artıq informasiya ilə təmin olma psixi intiharın da içimizdə baş qaldırmasına təsir edir.
Çin məsəli: "Keçid dövründə yaşayan
nəsil bədbəxtdir"
Gəlin, məsələyə bir az ətraflı yanaşaq. Bu gün sosial problemlər, ətraf mühitin təsiri, bir qurluşdan digərinə keçid istər-istəməz insanların psixologiyasına ciddi təsir edir və bir sıra xəstəliklər kütləvi şəkildə yayılır.
Psixoloqlar sübut edirlər ki, sovetlər birliyinin dağılmasından sonra possovet məkanında yaşayan insanların psixologiyasında ciddi çatlar yaranıb. Bu gün Azərbaycan insanı da eyni problemi yaşayır və qloballaşma dərinləşdikcə psixoloji yüklərimiz artır.
Bu gün əminliklə demək olar ki, ölkə əhalisinin 70 faizdən çox hissəsində şizofrenik problemlər yaranıb və bu ocaqların aktivləşməsi üçün adi təkan kifayət edir. Bu gün Azərbaycan vətəndaşı, "Mən kiməm?" sualına cavab axtara-axtara əslində özündən uzaqlaşır və ya şəxsiyyətin ikiləşməsi prosesi baş verir. Sosial problemlər artdıqca şəxsiyyətin ikiləşməsi, nəticədə nevrozun ən ağır formalarının şahidi oluruq. Məsələn, bunun məntiqi davamıdır ki, intihar halı nə qədər artıbsa zorlama, qəddar qətllərin sayı da bir o qədər artıb. Bu artıq sırf psixoloji problemlərdir və bu hallarda get-gedə artacaq. Bəs bütün bunlardan çıxış yolu nədədir?
Aparılan araşdırmalar sübut edir ki, kütləvi psixoz pozuntuları uzun müddət davam edərsə, bu, artıq genetik fəsadlar yarada bilir və beləcə itirilmiş bir nəsl formalaşır. Bunun qarşısını almaq üçün isə ilk növbədə sağlam ətraf mühitin yaradılması və sosial problemlərin azaldılması əsas şərtdir.
Bununla yanaşı aydın olur ki, yenyetmə və gənclərin bu burulğandan çıxması üçün iki məsələyə önəm verilməlidir. İlk növbədə valideyn-övlad münasibətlərinin düzgün qurulmasına nail olunmalıdır.
Bu gün Azərbaycanda təhsil sistemi də düzgün qurulmayıb. Nəticədə yeniyetmə təhsil yükünə görə zehni yüklənməyə tam nail ola bilmir. Bu səbəbdən o axtarışa çıxır və bu axtarışı virtual dünyada tapmağa başlayır. Halbuki zehni yüklənmə qədərində olarsa, kənar informasiya mənbələri axtarmağa ehtiyac qalmaz.
Bu məsələdə valideyinlərin də böyük günahı var. Heç bir səbəb olmadan övladlarının kənar informasiya almalarına şərait yaratdıqlarına görə... Sonda bunu da nəzərinizə çatdıraq ki, eyni problemlər açıq şəkildə Gürcüstan və Ermənistanda da müşahidə edilirdi. Amma Gürcüstan bu məsələdə ciddi uğurlar qazandı və demək olar ki, bu gün Gürcüstanda daha stabil psixoloji durum yaranıb. Bunun başlıca səbəbi isə neqativ halların qarşısının dövlət səviyyəsində alınmasıdır.
Ermənistana gəldikdə isə burda durum daha acınacaqlıdır. Bir toplum olaraq zaman-zaman kompleksləri mental dəyərlər kimi yaşayan ermənilər bu gün sosial problemlərin ağırlığından, kənar təsirlərdən daha acınacaqlı hala düşüblər. Bu gün ermənilərin Ermənistandan köçüb getmələrinin də başlıca səbəbi məhz budur. Artıq mövcud erməni cəmiyyəti elə erməni fərdinin özünü əzir. Bu səbəbdən də yeni cəmiyyət axtarışının şahidi oluruq.
Psixoloqlar hesab edirlər ki, bu gün Dağlıq Qarabağ probleminin də 20 ildən çox bir müddətdə dayanaqlı qalması region insanlarının psixologiyasına ciddi təsir göstərir. Azərbaycan insanı məğlub psixologiyasından, Ermənistan insanı isə müharibənin hər an başlayacağı səbəbindən, qorxu psixologiyasından qurtula bilmir. Bu isə sözsüz ki, öz mənfi təsirlərini hər an göstərir.
Eldəniz Elgün
[email protected]
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33