"Küçə uşaqlarına dair seçmə statistik müayinənin nəticələrinin təhlili
Sorğu olunmuş küçə uşaqlarının əsas sosial-demoqrafik xarakteristikası
Müayinənin keçirilməsinin əsas məqsədi küçə uşaqlarının qarşılaşdıqları
problemlər, onların küçədə işləməsinin səbəbləri, məşğul olduqları əmək növləri, eləcə
də məruz qaldıqları təhlükələr barədə ətraflı məlumat əldə edilməkdən ibarət olub.
Dövlət Statistika Komitəsindən unikal.org-a verilən məlumata görə, statistik müayinə Bakı şəhərində yaşayan və seçməyə düşmüş 9-17 yaşda olan
208 baxımsız küçə uşağını, o cümlədən 165 oğlan və 43 qızı əhatə etmişdir. Sorğu
olunanların təxminən yarısı 15-17 yaşında olan uşaqlar olub.
Uşaqlara verilmiş suallar nəticəsində onların təxminən yarısının doğum haqqında
şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinə malik olduqları aşkarlanıb. Hər on uşaqdan
biri bu sənədlərə malik olmadığını, 40 faizi isə ümumiyyətlə, onların mövcudluğu
barədə heç nə bilmədiklərini söyləyib. Müayinənin nəticələrinə görə, sorğu olunanların yarıdan bir qədər çoxu Bakı
şəhərinə xarici ölkələrdən və ya ölkənin digər şəhər və rayonlarından gəlmişlər.
Oğlanların 56 faizi, qızların isə 12 faizi Bakı şəhərində anadan olmuş, müvafiq olaraq
42 və 84 faizi ölkənin regionlarından gəliblər.
Bakı şəhərinin yerli sakini olmayan küçə uşaqlarının hər beş nəfərindən biri
Azərbaycanın paytaxtında 2-3 il, hər iki nəfərindən biri 4-7 il, hər dörd nəfərindən biri
isə 7 ildən artıq yaşadığını bildirib. Müayinə aparılan dövrdə sorğu olunan uşaqların 35 faizi məktəbdə təhsil
aldıqlarını və hər gün məktəbə getdiklərini bildirib. Sorğuda iştirak edən uşaqların
19 faizi və ya hər 7 oğlandan biri və hər 3 qızdan biri məktəbə getmədiyini söyləyib.
İcbari orta təhsil almalarını dayandırmış və ya heç bir zaman təhsil almayan
uşaqlar bunun əsas səbəbi kimi kasıb olduqlarını və ya gələcəklərini qurmaq üçün pul
qazandıqlarını göstəriblər.
Küçə uşaqlarının ailə və yaşayış vəziyyəti
Sorğu olunan küçə uşaqlarının ailə vəziyyəti barədə məlumatların təhlili sübut
edir ki, məhz ailə problemləri küçə uşaqlarının yaranmasına şərait yaradır.
Sorğu olunan 208 uşağın 94 faizinin ailəsi olub. Bununla belə, uşaqların
61 faizinin hər iki valideyni, təxminən üçdə birinin natamam ailəsi, yəni təkcə anası və
ya atası, digərlərinin isə yalnız yaxın qohumları olub. Küçə uşaqlarının ailələrinin
90 faizində, özləri də daxil olmaqla, orta hesabla 18 yaşına çatmayan 2 uşaq olub.
Küçə uşaqlarının mövcudluğunun səbəblərindən biri də onların ailələrində
yaranan maliyyə problemləridir. Müayinənin nəticələrinə görə, hər iki valideyni olan
126 uşağın cəmi 9 faizinin həm atası, həm də anası işləyir.
Valideynlərinin biri və ya hər ikisi olan uşaqların 75 faizinin təkcə anası və ya
atası işləyir, hər beş uşaqdan birinin heç bir valideyni işləmir.
Uşaqların 40 faizinin ailəsi Bakı şəhərindən kənarda yaşayır. Hər üç oğlandan
birinin və qızların 70 faizinin ailəsi ölkənin regionlarında, əsasən də Yevlax, Bərdə,
Ağdaş və Ağsu rayonlarında yaşayırlar.
Sorğu olunan hər 2 uşaqdan birinin ailəsi öz yaşayış yerini 1988-ci ildən, yəni
Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığı dövrdən sonra dəyişmişdir ki, bu da
ölkədə küçə uşaqlarının formalaşmasına təsir edən amillərdən biridir.
Küçə uşaqlarının 52 faizi öz ailələri ilə birgə qalır və ya onlarla əlaqəni
kəsməyiblər. Uşaqların 39 faizi qohumlarının və 8 faizi dostlarının yanında yaşayır.
Sorğuda iştirak edən uşaqların 57 faizi ailələri və ya qohumları ilə birlikdə
kirayədə yaşayır. Bununla belə, oğlan və qızların yaşayış şəraiti bir-birindən xeyli
fərqlənir. Qızların 75 faizi, oğlanların isə 53 faizi kirayədə, müvafiq olaraq 7 və 36 faizi
ayrıca evlərdə (mənzillərdə), 16 və 7 faizi yataqxanalarda, 2 və bir faizi kommunal
mənzillərdə məskunlaşıb.
Ailələri olan küçə uşaqlarının böyük əksəriyyəti valideynlərinin və ya
qohumlarının yanında yaşamağa üstünlük verir. Belə ki, ailəsi olan küçə uşaqlarının 85
faizi, o cümlədən qızların 93 faizi, oğlanların isə 83 faizi həmişə öz ailəsinin və ya
qohumlarının yanında gecələdiyini bildirib.
Sorğu olunan küçə uşaqlarının 80 faizi 2007-ci ilin yayında öz ailələrinin və ya
qohumlarının yanında, 14 faizi fəaliyyəti dayandırılmış zavod və fabriklərin binalarında
və ya tanışlarının yanında, 6 faizi isə mənzillərin zirzəmilərində, çardaqlarında və
atılmış evlərdə gecələmişlər. Bir oğlan isə yayda gecələri açıq səma altında, küçə və
parklarda keçirdiyini söyləyib. Qış aylarında küçə uşaqları daha çox öz ailəsi, qohumları və ya tanışları ilə birgə
yaşamağa çalışırlar. Ötən qış uşaqların 82 faiz öz ailəsinin və ya qohumlarının, 11 faiz
isə tanışlarının yanında, 7 faizi isə atılmış evlərdə, fəaliyyəti dayandırılmış zavod və
fabriklərin binalarında və mənzillərin zirzəmilərində, çardaqlarında gecələmişdir.
Küçə uşaqları əməyinin xarakteristikası
Müayinənin məlumatlarına görə, bütün sorğu olunan küçə uşaqlarının gəlir
mənbəyi vardır. Şüşə qabları və metal tullantıları yığıb təhvil verməyi və dilənməyi
əmək fəaliyyətinin bir növü hesab etsək, o zaman bütün sorğu olunan küçə uşaqlarını
işləyənlər kateqoriyasına aid etmək olar. Küçələrdəki uşaqların yarısı maşın yumaq (25
faiz) və dilənmək (25 faiz) yolu ilə pul qazanırlar.
Müayinə zamanı əldə edilən məlumatlara görə, uşaqlar bir qayda olaraq, 10-
11 yaşlarında küçədə işləməyə başlayırlar. Bu uşaqların xüsusi çəkisi sorğu olunanların
ümumi sayında 45 faiz təşkil etmişdir.
Oğlan uşaqları qızlara nisbətən daha erkən yaşlardan işləməyə başlayıblar. Sorğu
olunan oğlanların 29 faizi 10 yaşından, qızların isə 28 faizi 11 yaşından əmək
fəaliyyətinə başladıqlarını bildirib.
Uşaqların əksəriyyəti öz ailələrinə maliyyə cəhətdən kömək göstərmək üçün
işlədiyini qeyd etmişdir. Oğlanların 14 faizi ailə üzvləri tərəfindən işləməyə məcbur
edildiyini qeyd etdiyi halda, qızların 44 faizi həmin səbəbi bildirmişdir. İstədiyi şeyləri
almaq səbəbini oğlanların 16 faizi, qızların isə 14 faizi göstərib.
Küçə uşaqlarının yerinə yetirdiyi işlərin xarakteri gender bölgüsü ilə əlaqədar
olmuş və oğlanların çoxu fiziki əməklə məşğul olduqlarını qeyd etmişdir. Sorğu olunan
oğlanların təqribən üçdən biri maşınların yuyulması, 18 faizi şüşə qabların və utilin
yığılıb təhvil verilməsi, 10 faizi yük daşımaq vasitəsilə pul qazandıqlarını qeyd etdikləri
halda, qızların 61 faizi dilənçilik etməklə pul qazandığını bildirib.
Sorğuda iştirak edən uşaqların əksəriyyəti günün işıqlı vaxtlarında əmək
fəaliyyəti ilə məşğul olmuşdur. Oğlanların üçdə ikisi, qızların isə 81 faizi təkcə
gündüzlər işlədiyini bildirib. Qalan uşaqlar isə həm gündüzlər, həm də axşamlar
əmək fəaliyyəti ilə məşğul olmuşlar. Küçə uşaqlarının 33 faizi sutkada 7 saatadək,
yarıdan bir qədər çoxu 7-8 saat işlədiyini qeyd etmişdir.
Sorğu zamanı qızların 74 faizi yerinə yetirdiyi işlərin çətin olduğunu, 23 faizi isə
işdən sonra çox yorulduğunu etiraf etmişdir. Oğlanlar arasında bu göstəricilər müvafiq
olaraq 63 və 37 faiz təşkil edib.
Əksər hallarda uşaqlar yerinə yetirdikləri işləri özləri tapmışdır. Lakin, təxminən
hər dörd uşaqdan biri valideynlərinin, hər on uşaqdan biri isə yaşca böyük olan
qohumlarının və ailə tanışlarının köməyi ilə işlə təmin olunub. İşləyən uşaqların böyük əksəriyyəti (92 faizi) yerinə yetirdikləri işin müqabilində
sahibkarlardan yalnız pul aldıqlarını bildirib.
Oğlan və eləcə də qızların hər beş nəfərindən dördü sorğudan əvvəlki həftə
ərzində hər gün orta hesabla 3-5 manat pul qazandığını qeyd etmişdir. Oğlanların 3
faizində, qızların isə 12 faizində gündəlik gəlir 1-2 manat, müvafiq olaraq 15 və 9
faizində həmin məbləğ 6-10 manat təşkil edib.
Müayinə məlumatlarına əsasən belə bir nəticəyə gəlmək olar ki, küçə uşaqlarının
xərclərinin xarakteri sorğu olunanların cinsindən asılıdır. Belə ki, ərzaq məhsullarına
oğlanlar (39 faizi) və qızlar (35 faizi) təxminən eyni məbləğdə pul ödəsələr də, qızlar
paltarın alınmasına qazanclarının yarıdan çoxunu, oğlanlar isə cəmi beşdə bir hissəsini
xərcləyib. Qızlar gündəlik gəlirlərinin 9 faizini, oğlanlar isə 18 faizini siqaretlərin
alınmasına sərf edir.
Küçə uşaqlarının cins tərkibindəki fərq onların ərzaq və qeyri-ərzaq mallarına
çəkdiyi xərclərin həcmində də özünü büruzə verir. Belə ki, oğlanların 53 faizi onların
alınmasına gündə 2 manat, qızların isə 58 faizi 3 manat pul ödəmişdir. Ümumilikdə isə,
uşaqların 96 faizi bu məqsədlərə gündə 2-3 manatdan çox olmamaq şərtilə pul
xərclədiklərini bildirmişdir.
Sorğu olunan uşaqların 89 faizi müxtəlif təşkilatlardan humanitar yardım
aldıqlarını qeyd etmişdir. Humanitar yardım göstərən təşkilatlar arasında ən çox "İşıqlı
Ev Günərzi Küçə Uşaqları Mərkəzi"nin adı hallanır.
Küçə uşaqlarının sağlamlığı və təhlükəsizliyi
Müayinənin nəticələrinə görə, küçə uşaqlarının həyat tərzi onların sağlamlığına
təsir edir. Sorğu olunan oğlanların cəmi 3 faizi tamamilə sağlam olduqlarını, qızların
isə heç biri özünü tam sağlam hesab etmədiklərini bildiriblər.
Sorğu olunan hər on uşaqdan doqquzu İnsanın İmmunçatışmazlıq Virusu (İİV),
Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) və cinsi yolla keçən xəstəliklər barədə
məlumatlara malik olmadığını bildiriblər. Uşaqların sağlamlığını təmin edən mühüm amillərdən biri də gün ərzində kifayət
qədər və düzgün qidalanmadan ibarətdir. Qızların yarıdan çoxu, oğlanların isə üçdə iki
hissəsi lazımi səviyyədə qidalanmadığını qeyd etmişdir.
Küçə uşaqları müxtəlif xəstəliklərdən başqa, digər təhlükələrlə də üzləşir.
Qızların üçdə ikisi və oğlanların 60 faizi iş vaxtı döyülmədiklərini bildiriblər.
Uşaqların üçdə ikisi böyüklər tərəfindən onlara qarşı seksual xarakterli zorakılıq
hallarının olmadığını söyləmiş, qalanları isə bu suala cavab vermək istəməmişdir.
Sorğu olunan hər beş uşaqdan ikisi küçələrdə qazandığı pulun bir hissəsini hədə-
qorxu altında kiməsə verib-vermədiyini söyləməkdən imtina etmişdir. Uşaqların üçdə
bir hissəsindən çoxu qazandığı pulları hədə-qorxu altında heç kimə vermədiyini, hər
səkkiz nəfərdən biri isə valideynlərinə və ya qohumlarına verdiyini bildiriblər.
Sağlamlığı və həyatı təhlükə altında olan küçə uşaqları ətraf mühitə
uyğunlaşmağa məcbur olurlar. Məhz buna görə, onlardan təminatlı ailələrdə
valideynləri ilə birgə yaşayan həmyaşıdlarından nə ilə fərqləndikləri sualına 44
faizi həyatı daha gözəl başa düşdüklərini və insanları daha yaxşı tanıdıqlarını, dörddə
bir hissəsi isə daha cəsarətli və qətiyyətli olduqlarını göstəriblər.
Küçə uşaqları ilə aparılan söhbətlərdən belə bir nəticəyə gəlmək olar ki, onların
çoxu hazırkı vəziyyətlərindən razı deyildir. Belə ki, onlardan yaşamaq və oxumaq üçün
əlverişli şərait təklif olunarsa, küçə həyatından və işindən imtina edib-etməyəcəkləri
barədə soruşulduqda, qız (91 faiz) və oğlanların (83 faiz) əksər hissəsi küçələri tərk
etmək istədiklərini bildiriblər.
Sorğu əsasında müəyyən olmuşdur ki, küçə uşaqları yaşadıqları həyat tərzinin
hansı səviyyədə olduğunu dərk edir və onların yarısı kiçik qardaş və ya bacılarının
onların gördüyü işlə məşğul olmasını istəmədiklərini bildirmişdir.
Qeyd etmək lazımdır ki, bir oğlandan başqa bütün sorğu olunan uşaqlar Allaha
inandıqlarını bildirmişdir.
Sorğu olunanların cəmi 2 nəfəri texniki peşəyə yiyələndiklərini qeyd etmişdir.
Bununla belə, oğlanların 69 və qızların 61 faizi təhsil və ya təcrübə vasitəsilə hər hansı
bir peşə növünü öyrənmək və müvafiq olaraq 18 və 30 faizi yalnız ümumtəhsil
məktəbində oxumaq istədiyini bildirmişdir. Oğlanlar, eləcə də qızlar arasında
ümumiyyətlə, təhsil almaq və ya peşə öyrənmək istəmədiyini söyləyənlərin xüsusi
çəkisi böyük olub.
Oğlanların böyük hissəsi hərbiçi, peşəkar idmançı olmaq, texnika (cihazlarla,
maşınlarla, kompüterlərlə) və ya insanlarla işləmək (müəllim, satıcı olmaq) istədiklərini
bildirmişdir. Hər beş qızdan ikisi müəllimə və ya satıcı olmaq, hər beş qızdan biri isə
yaradıcılıqla məşğul olmaq (rəssam, musiqiçi, jurnalist olmaq) istədiyini qeyd edib.
Sorğu olunan hər üç oğlandan biri və hər beş qızdan biri gələcəkdə istədiklərinə
nail olacaqlarına inanırlar. Eyni zamanda, hər dörd oğlandan və dörd qızdan biri
arzularının həyata keçəcəyinə inanmadığını söyləyib. Qalan uşaqlar isə suala cavab
verməkdən imtina ediblər.