Hollivud ulduzu Ancelina Coli övladları ilə birlikdə Malibuya köçüb. O, burada villada kirayə qalır. 12 milyon dollar dəyəri olan villanın aylıq kirayəsi 95 min dollardır.
Unikal.org milli.az-a istinadən bildirir ki, 41 yaşlı Coli özü ilə bu malikanəyə 15 yaşlı Meddoksu, 12 yaşlı Paksı, 11 yaşlı Zaharanı, 10 yaşlı Şilonu və 8 yaşlı əkizləri - Vivyenlə Noksu da aparıb.
5 vanna otağı və 5 yataq otağı olan bu villanı Ancelina Colinin cangüdənləri çox ciddi mühafizə edirlər. Villanın həndəvərinə jurnalistlər buraxılmırlar.
Ancelina Colinin ərindən, 52 yaşlı Bred Pittdən boşanmasının əsas səbəbi kimi aktyorun övladları ilə qəddar, aqressiv rəftarı göstərilir. İşə ABŞ-ın Federal Təhqiqat Bürosu da qatılıb və araşdırmalar aparır.
Araşdırmaların ilkin nəticəsi A.Coli üçün çox pis olub: belə ki, FTB-dən verilən açıqlamaya görə, Bred Pittin uşaqları ilə aqressiv rəftarı, onun övladlarını döyməsi barədə iddialar yalandır.
Məsələ anonim şəxsin Los-Ancelesdəki Ailə Məsələləri Departamentinə zəng vuraraq "özəl təyyarəsində sərxoş Bred Pitt uşaqların üstünə qışqırıb, hətta onları vurub" deməsindən sonra başlanıb.
Olay guya Pittin ailəsinin Fransanın Nitsa şəhərindən təyyarədə ABŞ-a uçuşunda baş vermişdi. Təyyarə Minnesota hava limanında yerə enib. Şahidlərin dediklərinə görə, Bred Pitt qəzəbli idi və hətta hava limanından benzindaşıyan maşında getmək istəyib.
İnsidentin havada, beynəlxalq uçuşda baş verdiyi iddia olunduğundan məsələ ilə FTB məşğul olub.
İndi aşkarlanıb ki, təyyarədə Bred Pitt 15 yaşlı oğlu Meddoksla mübahisə edib. O, oğlunun üstünə qışqırıb, amma ona barmağı da dəyməyib.
Sentyabrın 22-də polislər Bred Pittin Şərqi Hollivuddakı villasına yollanaraq onun ifadəsini alıblar. Pitt villada tək yaşayır: səbəb Ancelina Colinin uşaqları da götürərək Malibuda kirayə qaldığı villaya köçməsidir.
Colinin bu malikanəni tərk etməsinin əsas səbəbi isə onun Pittə məxsus olmasıdır: aktyor bu malikanəni hələ 1994-cü ildə, aktrisa Cennifer Enistonla evlənməsindən əvvəl almışdı.
Los-Anceles polisi Ancelina Colidən və uşaqlardan da ifadələr almaq niyyətindədir. Polis heç bir açıqlama vermir: onlara Pittin işi ilə bağlı hər hansı açıqlama ilə çıxış etmək yasaqlanıb.