Yeni il bayramı münasibəti ilə müxtəlif hotel, restoran, əyləncə mərkəzlərində konsert və şənliklər keçiriləcək. Hətta Yeni il şənliyinin daha yaddaqalan keçməsi və insanları cəlb etmək üçün xaricdən müğənnilərin gələcəyi anons edilir.
Həmin müğənnilərə bir neçə saatlıq çıxışa görə böyük məbləğdə pul veriləcək. Ölkəmizə gələrək, yüksək məbləğdə qonorar qarşılığında çıxış edən xarici müğənnilərdən vergi tutulacaqmı?
Unikal.org-un məlumatına görə, Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin əməkdaşı Şahin Məmmədov azvision.az-ın sorğusuna cavab olaraq bildirib ki, Vergi Məcəlləsinin 125-ci maddəsinin tələblərinə əsasən, qeyri-rezidentlərin gəlirləri ödəmə mənbəyində vergiyə cəlb edilir.
Onun sözlərinə görə, bu baxımdan xaricdən dəvət edilmiş müğənnilərin gəlirləri, qeyri-rezidentlərin gəliri kimi dəyərləndirilməklə onlara ödənilən vəsaitlərdən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulur.
"Mövcud qanunvericiliyə əsasən, ödəmə mənbəyində vergitutma zamanı vergilər bilavasitə gəlir əldə edən şəxs tərəfindən deyil, bu vəsaiti ödəyən fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən tutulur və büdcəyə ödənilir. Yəni, xaricdən dəvət edilmiş müğənninin vergi öhdəliyinin yerinə yetirilməsinə cavabdehlik bilavasitə təşkilatçı şirkətin üzərinə düşür.
Qurum sözçüsü qeyd edib ki, Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən, qeyri-rezident Azərbaycan Respublikasının ərazisində vergi orqanında uçotda olan şəxslərə işlər (xidmətlər) təqdim edirsə, o cümlədən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.
"İşlərin (xidmətlərin) alıcısı onların dəyərinə 18% dərəcə ilə ƏDV hesablamalıdır. Hesablanmış vergini ƏDV ödəyiciləri ƏDV bəyannaməsində, digər vergi ödəyiciləri isə xüsusi bəyannamə formasında növbəti ayın 20-dən gec olmayaraq bəyan etməli, ƏDV ödəyiciləri həmin müddət ərzində, digər vergi ödəyiciləri isə ödənişdən sonrakı 7 gün ərzində ƏDV-ni büdcəyə ödəməyə borcludurlar.